Mehriban Əliyevanın çəkdirdiyi bulaqların suyunu kəsdilər

mehriban-eliyevanin-cekdirdiyi-bulaqlarin-suyunu-kesdiler
Oxunma sayı: 663

Xəzər Rayonunun Şüvəlan və Mərdəkan qəsəbələrinə bu rayondan millət vəkili seçilmiş Mehriban Əliyevanın çəkdirdiyi bulaqlar susuz qalıb. Qəsəbə sakinlərinin “Qafqazinfo”ya verdikləri məlumata görə, 5-6 il öncə millət vəkilinə içməli su problemlərinin həlli ilə bağlı etdikləri müraciət müsbət həll olunub və əraziyə bulaqlar çəkilib. Lakin yay gələndən həmin bulaqlar su üzünə həsrət qalıblar. Qəsəbə sakinlərinin sözlərinə görə, içməli su çatışmamazlığından həyətlərinə suyu maşınlarla gətirdirlər. Suyun kəsilməsinin səbəbini isə bilmirlər. İddia edirlər ki, problemi Xəzər Rayon İcra Hakimiyyəti ilə “Azərsu” ASC yaradıb.

Məsələnin əsl səbəbini Xəzər Rayonu İcra hakimiyyətinin Sosial iqtisadi məsələlər şöbəsinin müdiri Babacan Məlikovdan soruşduq. Şöbə müdiri “Qafqazinfo”ya bildirib ki, problem mövsümlə əlaqədardır: “Su gəlir, amma fasilələrlə verilir. Yay mövsümüdür, bağ evlərinə köçənlər çoxalıb. Bu halla hər yay qarşılaşırıq. Ona görə tələbatı ödəyə bilmirik. Əvvəla rayonda içməli su şəbəkəsi olmayıb. Əhalinin heç su sayğacları da yoxdur. Mehriban xanım həmin xətti çəkdirdi üzərində də 120 bulaq tikildi. Elə bulaq var ki, ora su gəlmir. O demək deyil ki, orada su yoxdur. Su təzyiqlə gəldiyi üçün yolunda zir-zibil yığılır. Su İdarəsinə məlumat veririk və idarənin əməkdaşları həmin yığıntıları təmizləyir, suyun gəlməsini təmin edirlər”.

B. Məlikov onu da vurğulayıb ki, bu qəsəbələrdə su anbara yığılır və oradan bulaqlara vurulur: “Həmin bulaqlar Mərdəkan, Şüvəlan, Buzovna, Binə və Qala qəsəbələrində içməli suya olan tələbatı qismən ödəmək məqsədilə quraşdırılıb. Vətəndaş vedrə ilə, qabla oradan içməli su götürür. Yayda da tələbat çoxaldığı üçün bulaqlarda bağa gələnlər tərəfindən növbələr yaranır. Bu problem dövlət proqramına salınıb və rayonun kanalizasiya, su təchizatını yaxşılaşdırmaq məqsədilə bütün 10 qəsəbədə layihəyə əsasən su anbarları qazılır. Müvəqqəti çətinlikdir. Yəqin ki, gələn ildən problem həllini tapacaq. Hamının su ilə təchizatı yaxşılaşacaq, sayğaclar quraşdırılacaq”.

Nigar Məmmədli