“Mən qanunsuz aksiyalara qarşıyam” - Müsahibə

men-qanunsuz-aksiyalara-qarsiyam-musahibe
Oxunma sayı: 750







Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Orucovun “Qafqazinfo”ya müsahibəsi:

- YAP-ın Gənclər Təşkilatının sədrliyinə yeni təyin olunmusuz. Özünüzü təşkilat sədri kimi necə hiss edirsiniz?

- Çox böyük məsuliyyətdir, amma çox şərəfli peşədir. Ümummilli liderin qurmuş olduğu, İlham Əliyevin sədrlik etdiyi partiyanın Gənclər Birliyinin sədri olmaq hər gəncə qismət olmur. Bu mənə qismət olduğu üçün mən həqiqətən çox böyük şərəf və iftixar hissi duyuram. Mənim üçün qürur mənbəyidir. Çalışıram ki, bu vəzifəni maksimum gücümlə, layiqincə yerinə yetirim.

- Siz həm Gənclər Təşkilatının, həm həmkarlar ittifaqının sədrisiniz, həm də İqtisad Universitetində prorektorsuz. Eyni zamanda üç vəzifəni görmək çətin deyil?

- Mən artıq prorektor deyiləm. O vəzifədən çıxmışam. Artıq aprelin 4-dən mən o vəzifəni icra etmirəm. Seçkili orqan olduğu üçün bura gəldim. Universitetdən tamam uzaqlaşdım. İndi iki vəzifəm var, biri ictimai işdir - Gənclər Təşkilatının sədri, digəri də Rabitə və İnformasiya Texnologiyaları işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.

- Bu vəzifələri icra etməyin hansı çətinlikləri var?

- Çətinlik deyil, əsasən sosial məsələlərlə məşğul oluruq. İkisi də əhalinin rifahının yüksəldilməsinə, gənclərlə bağlı müəyyən problemlərin həllinə yönəlib. Mən işimi kifayət qədər bölmüşəm, vaxtım çatır, heç bir problem yaratmır.

- Siz Gənclər Təşkilatının sədrliyinə təyin olunanda mətbuatda sizin haqqınızda ittihamlar yer aldı ki, bu Şəmsəddin Hacıyevlə olan qohumluğunuza görədir. Bunlara münasibətiniz necədir?

- Biz demokratik ölkədə yaşayırıq. Hər kəs öz fikrini deyə bilər. Gördünüz mən bu ittihamlara nə bir şərh verdim, nə də bu məsələlərə qarışdım. Tam sərbəstdirlər, istədiklərini yaza bilərlər. Mən 2002-ci ildən, tələbə olduğum vaxtdan artıq siyasət aləmindəyəm. Tələbə Həmkarlar Komitəsinin sədri olmuşam, daha sonra bir çox ictimai fəaliyyətlərdə aktivlik göstərmişəm. Gənclərin bir çoxu bilir ki, Seymur Orucov həmişə bu proseslərdə iştirak edib. İndi mənim kiminsə qohumum olmağı mənim günahım deyil ki. Tam təbii haldır. Deməli, insanın qohumu olanda o yaşamamalıdır? Bu da seçkili orqandır və mən bura seçilmişəm. Bu təyinatla deyil. Konfrans olub, orada seçilmişəm və keçmişdəki ictimai fəaliyyəti də araşdırsanız görərsiniz ki, mən bu işlərdə aktiv olmuşam. Bunun nə qohumluqla, nə də başqa bir şeylə əlaqəsi yoxdur.

- Son zamanlar şou-biznes nümayəndələrinin YAP-a üzvlüyün necə qarşılayırsız?

- Mən buna çox müsbət münasibət bəsləyirəm. Çünki, bu insanların seçimidir. Cəmiyyətdə bəzi insanlar bunu müsbət qəbul etmirsə, bu həmin insanların öz fikridir. İnsanlar öz seçimlərini edərək mütərəqqi partiya olan Yeni Azərbaycan Partiyasına üzv olmaq üçü müraciət ediblər. Burada da heç bir qanunvericiliyə, insan haqlarına zidd heç nə yoxdur. Bu insan ürəyindən gələn istəklə bizim partiyanın üzvü olursa, burada nə isə axtarmaq nə qədər düzgün olar, mən bunu qəbul edə bilmirəm. Bu onların da ən təbii haqqıdır. Konstitusiyaya da baxsaq, seçmək seçilmək hüququ və yaxud da hansısa siyasi partiyanın üzvü ola bilər. Onlar da prosesləri görürlər, inkişafı görürlər, ölkədəki tərəqqini görürlər, gənclərə olan diqqət və qayğını görürlər könüllü olaraq gəlib bizim partiyanın üzvü olurlar. Mən də şəxsən Seymur Orucov olaraq bunu çox müsbət qiymətləndirirəm və dəstəkləyirəm.

- Amma, partiyanın kifayət qədər üzvü var. Səhv etmirəmsə 540 mindən çoxdur.

- Görün YAP kütlələrə nə qədər nüfuz edib ki, artıq incəsənət xadimləri də YAP-a üzv olmaq istəyir. Bu, bizim partiyanın apardığı işin müsbət nəticəsidir. Bəli, YAP-ın kifayət qədər üzvü var. Heç Azərbaycanda təkpartiyalı sistemin olduğu dövrdə də bu qədər üzv olmayıb.

- Bəzən YAP-ı Kommunist Partiyası ilə müqayisə edirlər, bu da bəzən birmənalı qarşılanmır. Bu haqda nə düşünürsünüz?

- Mən düşünürəm ki, biz demokratik ölkədə yaşayırıq və əgər kimsə hansısa partiyadan, yaxud iqtidardan narazıdırsa, seçki vaxtı olur, getsin seçki qutusuna kimə istəyir səs versin. Deməli, bizim partiyanın kifayət qədər nüfuzu var ki, xalq ona kifayət qədər inam göstərir ki, ölkənin kifayət qədər inkişafını, xaricdəki təmsilini, diasporaların fəaliyyətini bilirsiniz, Azərbaycanın artıq tanınmasını, uğurlarını - bunların qarşısında xalq yenə də seçimini edib. Gördüyünüz kimi Türkiyədə Ədalət və İnkişaf Partiyası üçüncü dəfə seçildi. Burada nə isə axtarmaq nə dərəcədə düzgün olar? Deməli xalq istəyib, seçib. Bizi də xalq dəstəkləyir və uzun müddət də dəstəkləyəcək. Bunun üçün də bizim partiya işini həmişə düzgün qurduğu üçün, xalqla, cəmiyyətlə işlədiyi üçün, sosial proqramlar həyata keçirildiyi üçün xalq tərəfindən sevilir və rəğbət bəslənir.

- Amma, bəyənməyənlər də var.

- Ola bilər. Demokratik ölkədir, tam razıyam. Biz heç bir diktatura rejimi ilə idarə etmirik. Bəli, müxalifət də olmalıdır, amma sağlam müxalifət olmalıdır. Mitinq də edə bilərlər, bunlar hamısı Azərbaycanın qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Yaxud hansısa qanunsuz mitinq keçirmək istəyəndə onun da qarşısı dövlətin müəyyən qurumları tərəfindən alınır. Bu da təbii haldır. Elə də olmalıdır.

- Mitinqdən söz düşmüşkən, müxalifətin keçirdiyi mitinqlərə münasibətiniz necədir?

- Onlar mitinq yox, aksiya keçirirlər.

- Deyirsiniz ki, sağlam müxalifət olmalıdır. İndiki müxalifəti sağlam müxalifət hesab edirinsiz?

- Yox, etmirəm. Çünki, onların fəaliyyətini də görmüşük, oradakı insanlar haqqında da bizim məlumatımız var, güclərini də bilirik ki, hansı potensiala malikdirlər. Onların bir çoxu istəyir ki, xaricdən maliyyələşsin. Xaricdən qrant alıb, ölkədə nə isə etmək istəyirlər. Belə insanlara nə qədər güvənmək olar? Biz onların fəaliyyətini görmüşük. Bunlar ölkəni xaosa aparırdı. Azərbaycan iqtidarı hakimiyyətə gələndə ola bilər rəqəmi düz deyə bilmərəm, haradasa 16 milyon dollar ehtiyatımız var idi, indi isə milyardlarla, on milyardlarla valyuta ehtiyatımız var. Bunu biz 20 ildə əldə etmişik. Bu gün Azərbaycanda böyük layihələr həyata keçirilir. Bakı-Tiblisi-Qars dəmir yolu xəttinin inşası, bunu zəif iqtidar həyata keçirə bilməzdi. Bunu ancaq bizim partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilə bildi. Bu layihənin nə qədər önəmli olduğunu biz gənclər ən azı 5 ildən sonra görəcəyik.

- Özünüz də qeyd etdiniz ki, hər kəs azad sözünü deyə bilər, mitinq keçirə bilər. Lakin, mitinqlərdə bir neçə gənc həbs olunub. Bununla bağlı nə deyə bilərsiniz?

- Tutalım ki, mən ailəmlə bazar günü istəyirəm istirahət edim. Gedirəm Nərimanovda Mc Donaldsa, yaxud da Nərimanov parkında gəzməyə gedirəm. Birdən görürəm ki, kimsə qışqırır, bağırır, yolu saxlayır, nəqliyyatın hərəkətinə mane olur. Bir vətəndaş kimi bunu necə qəbul edərsiz? Azərbaycanın qanunvericiliyi var, orada da yazılıb, müəyyən yerlərdə hasnısa strukturlardan icazə alaraq mitinq, aksiya və yaxud etiraz keçirə bilərlər. Hamısı qanunla tənzimlənib. Onlar da qanunla etmədiyi üçün Azərbaycan polisi elə zəif deyil ki, 5-10 nəfərin ölkənin ictimai-siyasi sabitliyini pozmağına şərait yaratsın. Tam araşdırsaq onları siyasi fikirlərinə görə deyil, onlar ictimai asayişi pozduğuna görə, yaxud dələduzluq etdiyinə görə ola bilsin ki, ya həbs olunub, yaxud nə isə cərimələr edilib.

- Müxalifətdəki həmkarlarınızla əlaqələriniz necədir?

- Mən hələ ki, təzə seçilmişəm, yəqin ki, gələcəkdə ola bilər ki, əlaqələr quraq. Müəyyən sağlamlaşmalar olduqdan sonra mümkün olar.

- Müxalifətçi gənclər təşkilatları bir yerə yığışıb həbsə olan gənclərin azadlığa buraxılmasına çalışır, tədbirlər keçirir. Onlara hər hansısa formada dəstək verərsiniz?

- Mən onlara dəstək yox, məsləhət verərdim ki, o gənclərə müəyyən qanunvericiliyi izah eləsinlər. Mən gənclərin beynini doldurub qanunsuz aksiyalara çıxmağa qarşıyam. Gənclər bizim gələcəyimizdir, getsinlər təhsil alıb oxusunlar, savadlı mütəxəssis olsunlar, ölkənin inkişafında iştirak etsinlər, yoxsa küçəyə çıxıb qışqırmaq, getdi bu dövr. Mən bunun qəti əleyhdarıyam.

- YAP-da gəncləşmə prosesi varmı və rəhbərlikdə gənclər təmsil olunurmu?

- Partiyada kifayət qədər gənclər var və onlar dövlət, hökumət işlərində təmsil olunurlar. Bu davam edir. Bizim partiyanın prioritet istiqamətlərindən biri budur, gənclərlə iş, onların problemləri ilə məşğul olmaq, məsələn dövlət proqramının qəbul edilməsi, gənclər fondunun yaradılması kimi layihələr gedir. Sonra müəyyən Gənclər Təşkilatları var ki, qrantlar alırlar. Partiyanın adından təmsil olunan kifayət qədər gənc millət vəkilimiz var. Ümumiyyətlə bizim dövlətin gənclərə qarşı siyasəti çox müsbətdir və günü-gündən də müəyyən proqramlar qəbul etməklə, müəyyən işlər görməklə bunun formasını, məzmununu günümüzə uyğunlaşdırır.

- Qeyd etdiniz ki, partiyanın adından təmsil olunan kifayət qədər gənc deputat var. Sizin növbəti seçkilərdə deputat olmaq istəyiniz var?

- Hələ ki, qəti fikrim yoxdur. O barədə düşünmürəm. Ona hələ uzun müddət var.

- Layihələrdən danışdınız. Sizin öz təşəbbüsünüzlə hansı layihələr irəli sürülüb?

- Bizim “idman24.com” saytı var. Çox gözəl saytdır. Onun “Facebook”da səhifəsi var. Sonra biz “sevirik.net” saytını hazırlayırıq. Orada gənclərin ailə qurmasıyla bağlı, qızlarla, oğlanlarla bağlı psixoloji məqalələr olacaq, sevgi sözləri, sevgi şeirləri yer alacaq. Tam bitirməmişik, amma 90% hazırdır, üzərində işlər gedir. Bizim sosial şəbəkələrdə də qruplarımız var ki, orada gənclər yazışırlar.
Bu yaxınlarda biz Ruminyada səfərdə olduq, əlaqələrimizi genişləndirik. Nəzərdə tutmuşuq ki, sentyabr-oktyabr aylarında Bakıda iqtidar partiyalarının Gənclər Birliklərinin toplantısını keçirək. Avrasiya gənclər forumumu deyim, o hələ dəqiqləşdiriləcək.
Bizim Qəbələdə konfransımız olanda prioritet istiqamətlərimizdən biri də o idi ki, biz təkcə Bakıdakı gənclərlə yox, regionlardakı gənclərlə də işlərimizi artıracayıq və bir çox layihələr həyata keçirmişik. İndi ən böyük layihələrdən biri də bu olacaq ki, Azərbaycanda ilk dəfə olaraq YAP yay məktəblərini təşkil edib, indi artıq 600 nəfər gənci və onun 40%-dən çoxunu reginolardan, qalanı da Bakı şəhərinin gənclərindən ibarət olacaq. Beş gün müddətində olacaq, bütün xərclər partiya tərəfindən ödəniləcək və burada Qəbələnin “Qafqaz” oteli, Oğuzun “Afra” oteli və Lerikin “Relax” otelində gənclər 50 nəfərlik qruplarla, bir ay müddətində 5 günlük yerləşdiriləcək. Orada onların həm istirahəti, həm də əyləncəli, intellektual proqramları təmin olunacaq. Yay məktəbləri eyni zamanda regionlardakı gənclərlə Bakıda yaşayan gənclərin qaynayıb, qarışmasına, dostlaşmasına şərait yaradacaq. Artıq Azərbaycan gəncləri bir-birilə çox yaxınlaşmalıdırlar, səmimi münasibət qurmalıdırlar.

- Gənclər necə seçiləcək?

- Gəncləri regionların Gənclər Birlikləri seçəcək. Partiyanın aktiv gəncləri könüllü şəkildə seçiləcək. Onlar partiyanın üzvü olmaq şərtilə seçiləcək bizim qapılarımız bütün gənclərin üzünə açıqdır, amma birinci öz partiyamızdakı gənclərdən aktiv olanlar, intellektual səviyyəsi yüksək olanlar seçiləcək. Burada maksimum ədalət prinsipi gözləniləcək.

Fatimə Kərimli