“Mollalar belə siyasət aparsalar, fiziki parametrlərinə görə İranla Azərbaycan yerlərini dəyişəcəklər”

mollalar-bele-siyaset-aparsalar-fiziki-parametrlerine-gore-iranla-azerbaycan-yerlerini-deyisecekler
Oxunma sayı: 671

İranın başında duran mollalar Azərbaycan xalqına, onun dövlətçiliyinə yuxarıdan aşağı baxdıqca xalq Azərbaycanla maraqlanır, onun inkişafını görür və Azərbaycan əhalisinə oxşamaq istəyir. Gənclərinin, qadınlarının davranışlarına baxsın: mollaların Azərbaycan xalqını pisləməsilə İran gənclərinin azərbaycanlılara oxşaması düz mütənasibdir.

İranın Azərbaycana qarşı istifadə etdiyi təbliğat klişelərinin heç birisinin güclü arqumentasiyası yoxdur. İran öz gücünü nümayiş etdirir: Azərbaycan Respublikasının əhalisi 9 milyondur, İranın əhalisi 70 milyon; Azərbaycan Respublikasının ərazisi 86.6 min kv.km-dir və onun təxminən 16 min kv.km-ini iranlılar əvvəlcə hiylə ilə, sonra isə aşkar şəkildə ermənilərə bağışlayıblar; Azərbaycan Respublikasının real ərazisi təxminən 70 min kv.km, İranın ərazisi isə təxminən 1.7 milyon kv.km-ə yaxındır.

Heç bir əsas olmadan özünün fiziki böyüklüyündən istifadə edib Azərbaycan Respublikasına hədə gəlməyin dinimizdə bir adı var: təkəbbür. Dinimizdə Allahın ən acığına gələn cəhətlərdən biri təkəbbürlülükdür. O təkəbbürlülük ki, indi İran İslam Respublikası Azərbaycan Respublikasına qarşı nümayiş etdirir. Qurani-Kərimin “Fussilət” surəsinin 41-ci ayəsinə baxsınlar: ““Bizdən daha qüvvətli kim ola bilər” deyənlərə Allah-təala onlara güclünü göstərir”. “Ğafir” surəsinin 40-cı ayəsi dəlilsiz danışan İran mollalarına ən yaxşı cavabdır.

İranın imamcümələrinin xorla dəlilsiz şəkildə Azərbaycan Respublikasının əleyhinə danışmalarını əgər Ali dini liderin göstərişi ilə əlaqələndirirlərsə, o zaman “Ğafir” surəsinin 47-ci ayəsinə baxsınlar. Ali dini liderin dinə uyğun gəlməyən göstərişi onları cəhənnəm odundan xilas etməyəcək. Qurani-Kərimin “Casiyə” surəsinin 8-ci ayəsində ayəni bilib inadkarlıq edənlərin ağrı və acılı əzaba düçar olacağından danışılır. Ən nəhayət, Allah-təala Qurani-Kərimdə təkəbbürlünü iblisə bənzədir. Qurani-Kərimdə təkəbbürlə bağlı 200-ə yaxın ayə mövcuddur.

İranın indiki dini liderlərinin fərdi ibadətlərini şübhə altına ala bilmərik, amma dinimiz qarşısında heç bir xidmətləri yoxdur. Əgər hər hansı bir şəhərin imamcüməsi ostanın imamcüməsinin, ostanın imamcüməsi Ali dini liderin, Ali dini lider isə inqilab liderinin göstərişlərini yerinə yetirirsə, bu, Allahın göstərişini yerinə yetirmək anlamına gələ bilməz. Hər bir mömin Allah qarşısında öz əməllərinə görə cavabdehdir. Dini lider isə həm öz əməlinə, həm də ona inanan möminlərin əməllərinə görə Allah qarşısında məsuliyyət daşıyır.

İranın indiki mollaları özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Şah rejimi ərəb torpaqlarını alıb İsrailə verdi. 33 ildir ki, mollalar hakimiyyətdədirlər və bu müddətdə hansısa bir torpaq İsraildən alınıb ərəblərə qaytarılıbmı?! İran müttəfiq dediyi Suriyanın Colan təpələrini də işğal edib, yəhudilərə verib. Hal-hazırda İranın hərbi gəmiləri sərbəst şəkildə Suriyaya gedə bilirlər. Heç bir dəfə də olsun Suriya torpaqlarını İsrail işğalından qurtarmağı ağıllarına belə gətirməyiblər. İranın yüksəkçinli mollaları Fələstində nə qədər qaçqının olduğunu bilmirlər; İranın Fələstinə nə qədər yardım etdiyini, nə qədər investisiya qoyduğunu bilmirlər. Hansısa biri bilirsə, buyursun, bizim yalanımızı çıxarsın. Qərb əhalisinin xristianlığa meylinin artdığı bir dövrdə pakistanlılar minlərlə qeyri-müsəlmanı çevirib müsəlman etdikləri halda, iranlılar şiə məzhəbini qəbul etdirdikləri 5 xristianın adını çəkə bilməzlər.

Olmaya, İranın indiki hakimiyyətdə olan mollaları öz əhalisinə güzəranmı düzəldib?! Vətəndaşları ölkədən ən çox qaçan dövlətlərdən biri İrandır. Öz ölkələrində belə, lazımi qədər taxılın yetişdirilməsini təmin edə bilməyiblər. Olmaya, Qərbdəki antiislami hərəkətlərə, Qurani-Kərimin yandırılmasına qarşı ləyaqətli cavab veriblər?! İran mətbuatı ABŞ-da və NATO hərbçilərinin Əfqanıstanda Quranın yandırılmasına verdikləri reaksiyadan qat-qat artıq və kəskin reaksiyanı “fars körfəzi” termininin dəyişdirilməsinə qarşı nümayiş etdirmişdir. Din adından dəllallıq edən bu adamların ayılmasının vaxtıdır.

Azərbaycan Respublikası inkişaf edir, güclənir. Bu kurs davam edəcək. İran İslam Respublikası zəifləyir, gücünü itirir. Mollalar belə siyasət aparsalar, fiziki parametrlərinə görə İranla Azərbaycan yerlərini dəyişəcəklər.

Azərbaycan Respublikasının təhlükəsizlik sistemi barədə bəzi məsələləri yada salmaq istəyirəm:

- ilk növbədə yadlarına Azərbaycanla açıq qarşıdurmaya getdikləri son il yarımı salsınlar. Mübarizələri ilə Azərbaycan Respublikasında nəyi dəyişdiklərini, eləcə də özlərində nəyin dəyişdiyini görsünlər. Başqa sözlə, İranla Azərbaycan arasında gedən qarşıdurma prosesi indi İranın maraqlarına zidd istiqamətdədir;

- ikincisi, Azərbaycan Respublikası ATƏT-in üzvüdür. ATƏT-in İstanbul sammitində qəbul edilmiş Avropada Təhlükəsizlik Xartiyasının iki maddəsi ATƏT üzvü olan dövlətlərə daxildən və xaricdən təhlükə yaradılması ilə bağlıdır. İranın Azərbaycana qarşı bugünkü siyasəti hər iki maddəyə uyğun gəlir. ATƏT-in istənilən quruma (NATO-dan tutmuş KTMT-yədək) müraciət etmək hüququ var;

- üçüncüsü, Azərbaycan MDB-nin üzvüdür. MDB təkcə iqtisadiyyatla deyil, həm də hərbi təhlükəsizlik məsələlərilə də məşğul olan qurumdur. İranın din xadimlərinə MDB nizamnaməsinin 12-ci maddəsini oxumalarını məsləhət bilirəm;

- dördüncüsü, Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki il müddətinə üzvüdür. Hal-hazırda BMT Təhlükəsizlik Şurasının sədridir; hətta sədri olmasaq belə, BMT Təhlükəsizlik Şurasının istənilən üzvünün istənilən anda BMT TŞ-nin iclasını çağırmaq hüququ var. İranın Azərbaycana qarşı təhdidlərini BMT TŞ üzvləri hamısı təhlükə kimi dəyərləndirəcək. İki ildən sonra biz BMT TŞ-nin qeyri-daimi üzvlüyü müddətimizi bitirdikdən sonra da əlavə rıçaqlar yaranacaq. Xüsusən İranın daxilində gedən proseslər şiddətlənəcək, çünki İranın mollalarının başında “İran xalqını böhrandan çıxarmaq adlı” şey yoxdur. Beyin freydizm və antiazərbaycançılıqla doludur.

İran Azərbaycan Respublikası ilə normal qonşuluq siyasəti aparsaydı, hər halda indi o, belə vəziyyətə düşməzdi. İranın bugünkü bəlalarının bünövrəsində İranın klerikal rejiminin antiazərbaycançılığı dayanır. Onu da özləri başlayıblar.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq