Müharibəyə çağırış

muharibeye-cagiris
Oxunma sayı: 702

Bu söhbətimizdən iki ilə yaxın bir vaxt keçdi. Dostum Xalq Təsərrüfatı İnstitutunda təhsilini yarımçıq qoyub özünümüdafiə batalyonuna qoşuldu.
1994-cü ildə Azərbaycan ordusunun geri çəkilməsi zamanı səngərdə sona qədər dayananlardan biri də dostum olmuşdu. Artilleriya atəşinə tutulan səngərdə dostum silahdaşları ilə həlak oldu. Meyitini isə təxminən bir aydan sonra almaq mümkün oldu. Bir ay sonra top mərmisindən parçalanmış meyiti tanımaq asan olmamışdı.
Çoxları meyitin doğurdan da dostuma aid olduğuna inanmırdı. Mən də meyitin necə tanındığı ilə maraqlandım. Cavabı eşidəndə isə...
Atası onu ayağındakı çapıqdan tanımışdı...
Bu, müharibənin reallığıdır. Kiminsə üçün bəsit və mənasız, kiminsə üçün faciəvi və dəhşətli reallığı... Amma bu reallıqları hamı yaşamır. Hamının müharibə reallığı ilə yaşamamağı dünənimizin və bu günümüzün, Azərbaycanımızın reallığıdır.
Bəli, Azərbaycanda müharibə getdi, gedir və gedəcək. Amma bu müharibə hamı üçün olmadı, bu müharibə hamı üçün deyil və əgər bu müharibə hamı üçün olmayacaqsa, onu yenidən başlamağa dəyməz. Çünki bu halda məğlubiyyət qaçılmazdır.
Bütün bunlar müharibənin mənəvi psixoloji reallığından doğan həqiqətdir.
Bu gün ağız dolusu “müharibə” çağırışı edənlərə müharibənin bir elementini göstərmək istədim. Görə bilməyənlərin görmə probleminin olduğuna əminəm. Müharibənin digər elementləri də var.
• Hərbi güc.
• İqtisadi dayanıqlıq.
• Cəmiyyətdə sosial ədalət.
• Beynəlxalq rəy.
Bunların hansının nə dərəcədə bizim xeyrimizə olduğunu özünüz müəyyənləşdirin. Amma bunun üçün görmə qabiliyyəti və ətrafa açıq gözlə baxmaq lazımdır.
Hərdən düşünürəm, doğurdanmı bu millət müharibədə məğlub olmuş generalın, övladını hərbi xidmətdən yayındıran ziyalının çağırışı ilə müharibə başlayacaq?
Bəli, mən də başa düşürəm ki, Qarabağ münaqişəsinin ən ədalətli həlli müharibə yolu ilə mümkündür. Və mən bunun tərəfdarıyam. Çünki sülh yolu ilə həll prosesində nələrdənsə imtina etməyə, nələrisə qurban verməyə məcbur olacağıq.
Deməli, müharibə ən ideal variantdır. Edə bilsək. Ancaq müharibə qərarının məsuliyyətini dərk etmədən, belə çağırışların edilməsi isə boşboğazlıqdan və populist çıxışdan başqa bir şey deyil.
Biz bir millər olaraq bütövlükdə müharibəyə hazır deyilik. Çünki hələ də oğlunu hərbi xidmətə yola salan valideyninə “hara saldırdın” sualının verilməsi aktual olaraq qalır. Ürəyimizi soyutmaq üçün isə hərdən toplaşıb Sarkisyanın şəklini cırırıq, Ermənistanın bayrağını yandırırıq və imkan düşəndə kino çəkirik...