Müxalif bloqçuya 14 il həbs verdilər

muxalif-bloqcuya-14-il-hebs-verdiler
Oxunma sayı: 665

Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mehdi Xəzəlini yanvarın 9-da iş yerindən çıxarkən tutub. Məhbəsdə 27 gün aclıq aksiyası keçirdiyinə görə mədəsində qanaxma əmələ gələn bloqçu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi.

“Media forum” saytının məlumatına görə, Tehran məhkəməsi Mehdi Xəzəlini bloqunda hakimiyyətə qarşı yazılar yaymaqda, hakimiyyətə qarşı təbliğatda və qanunsuz silah saxlamaqda günahlandıraraq 14 il həbsə, 10 il sürgünə və 90 şallaq zərbəsinə məhkum edib. Məhkəmənin qərarı ilə Mehdi Xəzəli həbs müddətini İranın Borazcan şəhərinin zindanında, sürgün müddətini isə elə həmin şəhərdə keçirməlidir.

Mehdi Xəzəlinin vəkili Məhəmmədhüseyn Ağası jurnalistlərə açıqlamasında hökmdən apellyasiya şikayəti verəcəklərini bəyan edib. Xəzəlinin xanımı isə “Azadlıq” radiosunun fars redaksiyasına belə deyib: “Yoldaşımı əl-qolu şişib göyərmiş, dişləri sındırılmış şəkildə məhkəməyə gətirdilər. Onlar məni yoldaşımın məhkəməsinə buraxmadılar”.

Hakimiyyəti və hökumət başçısı Mahmud Əhmədinejadı tənqid etdiyinə görə bir neçə dəfə həbsə salınan Mehdi Xəzəli 2011-ci ilin noyabr ayında da İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazaraq onu ətrafındakı yaltaqları özündən uzaqlaşdırmağa və cəmiyyətdəki reallıqlarla bitərəf mənbələrin vasitəsilə tanış olmağa çağırmışdı.