Müxalifət bayram yürüşü etdi - Fotolar

muxalifet-bayram-yurusu-etdi-fotolar
Oxunma sayı: 677




Mərhum prezident Əbülfəz Elçibəyin məzarı üzərinə İctimai Palata adından çələng qoyan AXCP sədri Əli Kərimli ötən müstəqilliyimizin 20-ci ildönümü münasibəti ilə xalqımızı təbrik etdi: “Bu günlərdə Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin 20 ili tamam olur. Bu Azərbaycan xalqının uzun illər apardığı mübarizə ilə, göstərdiyi rəşadətlə qazandığı bir bayramdır. İndi biz bilirik ki, bizim təqvimimizdə çoxlu və əsası olmayan bayramlar var. Təqvimdə Azərbaycan xalqının bayram kimi qəbul eləmədiyi günlər yazılıb. Amma, bu bayram o süni bayramlardan deyil. Bu bayram xalqımızın mübarizə ilə, qanla yazdığı şərəfli tarixinin bir səhifəsidir. Məhz 20 il bundan öncə Əbülfəz Elçibəy Azərbaycan xalq hərəkatının banisi M.Əmin Rəsulzadənin qurduğu bu dövləti yenidən bərpa eləyə bildi. Yüz minlər iştirak edirdi bu mübarizədə. O vaxt kənardan durub müşahidə edənlər indi bu tarixi qaralamaq istəyirlər. Onlar istəyir ki, bizim gözümüzün qarşısında olmuş bu yaxın tarixi saxtlaşadırsınlar. Onlar utanmadan bəyan edirlər ki, guya Azərbaycan SSRİ-nin dağılması ilə avtomatik şəkildə müstəqilliyini əldə edib. Unutmasınlar ki, o şər imperiyası, xalqlar həbsxanasını dağıdan qüvvənin aparıcı hissəsi bu xalq olub. Ona görə də biz əminliklə deməliyik ki, 70 illik Sovetlər hakimiyyəti tarixi saxtalaşdıra bilmədisə, böyük Rəsulzadənin izini silə bilmədisə, indi də onların bu tarixi saxtalaşdırmaq cəhdi heç bir nəticə verməyəcək”.

AXCP sədri çıxışı zamanı söylədi ki, Əbülfəz Elçibəyin apardığı xalq hərəkatının nəticəsində biz müstəqilliyimizi bərpa etmişik : “Qarabağ və demokratiya uğrunda millin hərəkatın üzvləri kimi bizim borcumuz var. Amma, inanıram ki, biz bu mübarizəmizdə xoşbəxt sonluğa nail olacağıq. İndi mübarizə zamanıdır. Biz qurduğumuz dövlətə sahib çıxmalıyıq”.

Daha sonra İP üzvləri Şəhidlər Xiyabanına doğru yürüş etdilər. Səbayıl rayon polis idarəsinin rəis müavini Kamal Vəlişovun göstərişi ilə əraziyə çoxlu sayda mülki geyimli polis çağırılmışdı. Türk camesinin yanındakı ara küçədə isə içi polislə dolu iki avtobus dayanmışdı. AXCP sədri Əli Kərimli ilə görüşən polis rəisinin müavini onlara ziyarət üçün şərait yaradılacağını bildirdi. Daha sonra parlament prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

İP üzvləri torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin məzarını ziyarət edib, onların ruhuna dualar oxudular. Əli Kərimli İP adından Şəhidlər Xiyabanına çələng qoydu.

musavat.com