Müxalifət funksionerini oğlu ilə hədələyirlər

muxalifet-funksionerini-oglu-ile-hedeleyirler
Oxunma sayı: 641

AXCP sədrinin müavini, uzun illər partiyanın Naxçıvan şöbəsinə rəhbərlik etmiş Asəf Quliyevi oğlu ilə hədələyirlər. A.Quliyevin sözlərinə görə, Naxçıvan MTN-nin rəhbəri ona xəbər göndərib ki, siyasi fəallığını davam etdirsə, hərbi xidmətdəki oğlunun aqibəti pis olacaq: "Oğlum Turqut Türkiyədə Səlcuq Universitetini bitirib. Bu il yanvarın 11-də hərbi xidmətə başlayıb. Üç-dörd gün əvvəl Naxçıvan MTN-nin rəhbəri yaxın bir adamla mənə xəbər göndərdi ki, guya mən Bakıda həddən artıq fəallıq edirəm, özümü göstərirəm, bunun cavabını alacam. Deyib ki, oğluma hərbi xidmətdə təzyiq olunacaq, onu məhv edəcəklər. Sözsüz ki, bunların hamısı siyasi fəaliyyətimi dayandırmağım üçündür. İstəyirlər oğlum hərbi xidmətdə olduğuna görə siyasi fəaliyyətdən uzaqlaşım. Mən bunu mənəviyyatsızlıq kimi qəbul edirəm. Bu cür hədə-qorxular siyasi fəaliyyətimə əngəl ola bilməz. Azərbaycan hakimiyyəti bir daha göstərir ki, siyasətlə məşğul olan insanların övladlarına əsgər kimi yox, girov kimi baxırlar. Cəmiyyət bilməlidir ki, bu hakimiyyət insanlara qarşı hansı eybəcər üsullardan istifadə edir. Hər halda Azərbaycanın əxlaq dəyərləri var. Kimin nə söhbəti varsa, gəlib mənim özümlə eləsin. Övladlarımızın bu məsələyə qarışdırılması yolverilməzdir".
A.Quliyev bildirir ki, oğlunun başına gələ biləcək hər hansı hadisəyə görə Azərbaycan hakimiyyəti, eləcə də Naxçıvan rəhbərliyi, Naxçıvan korpusunun komandiri Kərəm Mustafayev məsuliyyət daşıyır: "Mən oğlumu hərbi xidmətə sağ-salamat göndərmişəm. Onun başına bir iş gəlsə, məsuliyyəti hakimiyyət daşıyacaq. Fürsətdən istifadə edərək bütün beynəlxalq qurumlara müraciət edirəm ki, məsələni nəzarətə götürsünlər. Söhbət, təkcə Turqutdan getmir. Bu, gələcəkdə digər siyasilərin də başına gələ bilər".
A.Quliyev məsələ ilə bağlı rəsmi qurumlara, eləcə də Müdafiə Nazirliyinə də müraciət edəcək.
Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb məsələ ilə bağlı onların da mövqeyini öyrənmək istədik. Qurumun mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirdi ki, bu xəbəri inandırıcı hesab etmədiyi üçün heç bir şərh vermək istəmir.

azadliq.info