Müxalifət prezidentin ittihamlarına cavab verdi

muxalifet-prezidentin-ittihamlarina-cavab-verdi
Oxunma sayı: 688

“Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur. Ən vacib məsələ - Dağlıq Qarabağ məsələsində bizim hökumət milli maraqlarımızın daha güclü müdafiəçisidir. Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər”.


Müsavat Partiyasının başqanı İsa Qəmbər
“Media forum” saytına açıqlamasında dövlət başçısının bu ittihamını cavablandırıb: “İlham Əliyev son zamanlar beynəlxalq mediada müxalifəti tez-tez hədəfə alır. Bu da onun müxalifətdən ehtiyatlanmasından irəli gəlir. Müsavat Partiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi məlumdur. Hesab edirik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz həm ictimaiyyət qarşısında, həm də görüşlərimizdə eyni fikirləri söyləyirik. İlham Əliyev isə bir sıra təslimçi öhdəliklər götürüb. Bunun nəticəsidir ki, Madrid prinsipləri kimi təslimçi bir həll variantı ortaya çıxıb”.

İsa Qəmbər İlham Əliyevin müsahibədəki başqa fikirlərinə də münasibət bildirib. “Musavat.com”a danışan başqan qeyd edib ki, prezidentin müsahibəsində xeyli reklam xarakterli, həqiqətə uyğun olmayan tezislər var: “Azərbaycanın guya Əliyevlər dövründə demokratiya yolu keçməsi, Avropaya inteqrasiya yolunu seçməsi, ortaq dəyərlərlə bağlı böyük addımlar atılması ilə əlaqədar deyilənlər həqiqətə uyğun deyil”.

Müsavat başqanı qeyd edib ki, İlham Əliyevin müxalifətlə bağlı söylədiyi fikirlər həqiqətdən uzaqdır: “Birinci fikri budur ki, müxalifətin çox zəif olması bizim günahımız deyil, biz onlara məhdudiyyət qoymuruq. Əvvəla, ciddi məhdudiyyətlər var və bu da hər kəsə bəllidir. Müxalifət televiziyalara buraxılmırsa, sərbəst toplaşmaq azadlığı yoxdursa, sərbəst toplaşmaq azadlığını illərlə reallaşdırmaq istəyən müstəqilliyin memarlarından biri Arif Hacılı, bizim gənclərimiz, Müsavatdan, AXCP-dən, başqa qüvvələrdən olan, müstəqil gənclərin bu gün həbsdə olması məhdudiyyət deyilsə, bunun adı nədir?

Müxalifətin zəif olması haqqında deyilən fikir də həqiqət deyil. Müxalifət kifayət qədər güclüdür. Əgər İlham Əliyev müxalifətin zəif olması düşüncəsindədirsə, bizim sərbəst toplaşmaq azadlığını reallaşdırmaq imkanlarını məhdudlaşdırmasın. O zaman müxalifətin gücü görünəcək. Normal bir seçki keçirilsin, səslər düzgün sayılsın, o zaman İlham Əliyevə də, hər kəsə də bəlli olacaq ki, müxalifətin səsi nə qədərdir, İlham Əliyevin, YAP-ın səsi nə qədərdir”.

AXCP sədri Əli Kərimli
isə “Mən təəssüf edirəm ki, Azərbaycanın dövlət başçısı şayiə xarakterli söhbətlər yaymaqla məşğuldur” deyib. Əli Kərimli qeyd edib ki, dövlət başçısında hansı müxalifət liderinin hansı beynəlxalq təşkilatın təmsilçisi ilə görüşündə Dağlıq Qarabağı ermənilərə vermək fikri səsləndirməsinə dair konkret məlumat, fakt varsa, onları açıqlamalı və həmin şəxsdən siyasi məsuliyyət tələb olunmalı idi: “Necə ki, biz İlham Əliyevdən siyasi məsuliyyət tələb edirik. Çünki o, Dağlıq Qarabağın yekun statusunun işğal olunmuş Dağlıq Qarabağda keçiriləcək referendumla müəyyənləşdirilməsini müzakirəyə çıxarıb. Madrid prinsiplərinin bir bəndi Dağlıq Qarabağın yekun statusunun Dağlıq Qarabağ ərazisində keçiriləcək referendumla müəyyənləşdirilməsini nəzərdə tutur. Özü Dağlıq Qarabağı əslində təslim etməyə hazırlaşan bir siyasətçinin heç bir əsas olmadan başqalarını bunda ittiham etməsi tamamilə absurddur.

AXCP sədri müxalifətin zəif olması haqda fikirlərlə də razı deyil: “Çox təəssüf edirəm ki, dövlət başçısı Azərbaycanı dünya miqyasında pozitiv təmsil, təqdim etmək fürsətindən yanlış istifadə edib. “Əl-Cəzirə” televiziyası dünyanın ən nüfuzlu televiziyalarından biridir. Dövləti təmsil edən şəxsin borcu bu telekanaldan Azərbaycanın və azərbaycanlıların pozitiv imicinin formalaşdırılması üçün istifadə etmək idi. Amma o nə edib? Öz opponetlərini aşağılamaq üçün bütövlükdə Azərbaycanı aşağılayıb.

Azərbaycan nə vaxt vətəndaş müharibəsindən keçib? 1993-cü ilin iyun hadisəsindən söhbət gedirsə, o zaman İlham Əliyevin atasının baş nazir təyin etdiyi Sürət Hüseynovun adamları Prezident Qvardiyasının 19 əsgərini güllələyiblər. Bu qədər. Heç cavab atəşi də, atışma da olmayıb. Heç bir vətəndaş müharibəsi də olmayıb.

1995-ci ildə “OMON”a qarşı əməliyyatda üç dəfə artıq insan həyatını itirib. Biz bunu vətəndaş müharibəsi saydıqmı? 1993-cü ildə bunlar qanuni hakimiyyətə qarşı qiyam qaldırıblarsa, qiyamçıların atəşi nəticəsində 19 əsgər öldürülübsə və qiyamçılara cavab atəşi açılmayıbsa, bunu necə bütün dünyaya vətəndaş müharibəsi kimi təqdim etmək olar? Dövlət başçısı həqiqətə uyğun olmayan məlumatı dünya miqyasında trajlamağı özünə necə rəva görür?

Müxalifətin vəziyyətinə gəlincə, bütün dünya bilir ki, Azərbaycanda fundamental hüquqlar məhdudlaşdırılıb. Altı ildir Azərbaycanda müxalifət televiziyaya buraxılmır. Hansı normal ölkədə belə bir hal var? Altı ildir nəinki mitinq, yürüş, heç normal piket keçirməyə də imkan yoxdur. Altı ildir AXCP-nin qərargahını əlindən alıblar. Bizə hətta icarəyə yer götürməyə imkan verilmir. Mənim xarici səfərlərimin qarşısı alınıb.

Son 18 ildə Azərbaycanda hər zaman siyasi məhbuslar olub. Yüzlərlə siyasətçi siyasi məhbus həyatı yaşayıb. Ölkədə mülkiyyət, dini etiqad azadlığı, söz və mətbuat azadlığına təminat yoxdur. Qəzetlərin 90 faizi hakimiyyətin nəzarətindədir. Həbsxanalarda, istintaq məntəqələrində onlarla insan işgəncələr nəticəsində həyatını itirir. Bu vəziyyəti bütün dünya bilir. Dünyanın ən nüfuzlu təşkilatlarının saxtalaşdırılan seçkilər, pozulan insan hüquqları ilə bağlı hesabatları var. Ona görə də bütün dünya bilir ki, Azərbaycanda hüquqlar məhdudlaşdırılıb və müxalifətin fəaliyyət meydanı dardır. Durub bunun əksini iddia etmək heç nəyi dəyişmir”.

ALP lideri Lalə Şövkət
isə azadliq.info-ya təəssüflə söyləyib ki, ölkə başçısı öz vətəndaşları olan müxalifət liderləri haqqında belə bir mənfi imic yaradır. "Bu təkcə mənfi imic deyil, öz siyasəti üçün torpaqlarını peşkəş vermək həm də böyük cinayətdir. Mən belə hesab edirəm. Ona görə də, təklif edirəm, əgər dövlət başçısında belə bir fakt varsa, bu faktı adıyla desin. Əgər fakt yoxdursa, dünya ictimaiyyəti qarşısında müxalifət liderlərinin üzərinə belə ağır ittiham irəli sürmək dövlət başçısına yaraşan iş deyil. Yenə təkrar edirəm, ortaya fakt, arqument çıxarılmırsa, bütün liderləri şübhə altına qoymaq dövlət başçısı üçün böyük yanlışlıqdır".

ADP sədri Sərdar Cəlalğolunun
da ittihamlara cavabı oxşar olub: "Prezidentə belə bir fakt məlumdursa, bunu "Əl-cəzirə"nin müxbirinə şikayətlənməyin heç bir mənası yoxdur. Fakt varsa, o, dərhal göstəriş verməli və cinayət işi qaldırılaraq həmin şəxs haqqında vətənə xəyanət maddəsiylə ittiham irəli sürülməlidir. Çünki belə bir fakt məlum olduğu halda, hüquq-mühafizə orqanlarına məlumat verməmək də cinayətdir. Cinayəti bilib xəbər verməmək də məsuliyyət nəzərdə tutur. Ona görə də çox yaxşı olardı ki, İlham Əliyev həmin müxalifət liderinin kim olmasıyla bağlı ictimaiyyətə açıqlama versin".