“NATO istəsə Ermənistanı məcbur edə bilər...” – Hökumət rəsmisi

nato-istese-ermenistani-mecbur-ede-biler-hokumet-resmisi-
Oxunma sayı: 643


Azərbaycan Dağlıq Qarabağ probleminin həllində bütün beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa bel bağlayır. “Qafqazinfo”nun “1news.az” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ə.Həsənov regionda sülhün bərqərar olunması, Cənubi Qafqaz ölkələri arasında təhlükəsizliklə bağlı regional əməkdaşlığın qaydaya salınması istiqamətində ilk vaxtlardan əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Bundan başqa, Ə.Həsənov qeyd edib ki, NATO bu gün Qarabağ müharibəsinin həllində və Gürcüstandakı müharibənin nəticələri ilə bağlı məsələdə aktiv iştirak üçün heç bir iradə nümayiş etdirmir, problemlərin həllini münaqişə tərəflərinin özlərinə ünvanlayır: “Təbii ki, bizim ATƏT-dən, NATO-dan, xüsusən də Avropa təşkilatlarından çoxlu gözləntilərimiz var. O təşkilatlar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini reallaşdırmaq üçün gücə və nüfuza sahibdirlər. Əgər NATO istəsə, Ermənistanı bu dörd qətnamələri qəbul etməyə məcbur edə bilər” .

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində müsbət nəticələrin olmamasına səbəb birbaşa olaraq Ermənistanın qeyri-konstruktiv siyasəti ilə bağlıdır: “Cənubi Qafqazda münaqişələrin həlli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə NATO arasındakı qarşıdurmada deyil, əməkdaşlıqdadır” .


Ə.Həsənov onu da vurğulayıb ki, erməni disporası və onlardan asılı olan təşkilatlar Bakıda keçirilən “Evrovision-2012” müsabiqəsi kontekstində başladılan antiazərbaycan kampaniyaların başında durular.