Nemət Pənahlını “karser”ə saldılar

nemet-penahlini-karsere-saldilar
Oxunma sayı: 675

Bakı İstintaq Təcridxanasında saxlanılan xalq hərəkatı fəalı Nemət Pənahlı 5 günlük cərimə kamerasına (karser) salınıb. Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı “Qafqazinfo”ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinin hakimi Elman Əhmədovun icazəsi ilə iyulun 4-də Nemət Pənahlı ilə görüşməli idilər: “Təcridxanaya gedəndə bizə dedilər ki, Nemət bəy karserə salınıb. Ötən həftənin şənbə günündən ordadır”. Həcər Pənahlı qeyd edib ki, bir müddət öncə kamera yoldaşı Nemət Pənahlıya onda şəkər xəstəliyi əlamətləri hiss etdiyini deyib: “Bundan sonra biz ona şəkərölçən aparat yolladıq. Həmin şəxs həkimdir. Nemət bəyi yoxlayıb, bəlli olub ki, onda yüksək səviyyədə şəkər xəstəliyi var. O, ilkin yoxlamanı Penitensiar Xidmətin həkimlərinin aparmasına razı olmayıb. Çünki hələ 1990-cı illərdə həbsdə olarkən ona qarşı təxribat törədilib və bu səbəbdən xidmətin həkimlərinə etibar etmir. İyulun 2-də vəkil Samir İsayev təcridxanada olub və Nemət bəylə görüşüb. Nemət bəy bayırda yoxlanması üçün vəkilə sidik analizi verib. Amma nəzarətçilər analizin bayıra çıxarılmasının qarşısını alıb. Buna etiraz edəndə isə Nemət bəyi karserə salıblar”.

Həcər Pənahlı Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edəcəyini deyib: “Mən bəyan etmək istəyirəm ki, artıq Nemət bəyin həbsdən sağ-salamat çıxmasını gözləmirik. Biz bu hadisədən sonra onun şəkər xəstəliyinə tutulduğuna da inanmırıq. Qoy hamı bilsin ki, həbsxanada Nemət bəyi öldürmək istəyirlər. İçəridə ona nəsə veriblər və Nemət bəyin həyatı təhlükə altındadır. Onu öldürüb sonra heykəl qoymaq lazım deyil. Bu gün onunla bağlı vəziyyətə münasibət bildirmək lazımdır. Görün vəziyyət nə yerdədir ki, bu gün təcridxanada rəisdən tutmuş nəzarətçiyə qədər kimə müraciət etdiksə, cavabında dedilər bizi çörəyimizdən etməyin, balalarımız var. Məgər Nemət bəyin uşaqları uşaq deyil, yalnız vəzifədə olanların balaları uşaqdır?”

Nemət Pəhanlının həyat yoldaşı ailəvi olaraq Türkiyədə sığınacaq almaq üçün baş nazir Rəcər Teyyub Ərdoğana müraciət hazırladıqlarını deyib: “Həmin məktubda Nemət bəyin kim olduğunu, son günlər başına nələr gəldiyini, ölkədə hansı haqsızlıqlarla qarşılaşdığı qeyd olunub. Həmin müraciəti Rəcəb bəyin email ünvanına yollayacayıq”.

Həcər Pənahlı iyulun 5-də RATİ-nin ofisində mətbuat konfransının keçiriləcəyini qeyd edib: “Orada Nemət bəyin uşaqları da iştirak edəcək. Qoy görsünlər ki, onun da uşağı, balası var”.

Nərgiz