Nəqliyyat Departamentinin əməkdaşları biznesmeni də döydülər

neqliyyat-departamentinin-emekdaslari-biznesmeni-de-doyduler
Oxunma sayı: 719

Bakıda Nəqliyyat Departamentinin əməkdaşları biznesmeni taksi sürücüsü zənn edərək döyüb. Bu barədə “Qafqazinfo”ya döyülmüş sürücü, Ağdam sakini Amil Fəqani oğlu Məmmədov məlumat verib. O bildirib ki, dünən yaşadığı Binə qəsəbəsindən işə gedərkən yolda qonşuları onun idarə etdiyi 10 MM 983 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşına əyləşib. Onları metronun “Koroğlu” stansiyasının qarşısında düşürərkən Nəqliyyat Departamentinin əməkdaşları ona yaxınlaşaraq qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olduğunu bildirərək sənədlərini tələb ediblər. Sürücü isə buna etiraz edərək sənədlərinin verməkdən imtina edib. Bundan sonra departament işçiləri onu döyərək yerə yıxıb. Sonra isə sənədlərini alaraq gediblər.

A. Məmmədov dərhal Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və Nizami rayon Polis İdarəsinə şikayət edib. Şikayətində də göstərib ki, “8-ci kilometr” bazarında qab-qacaq satışı ilə məşğuldur. Heç bir taksi fəaliyyəti göstərmir.

Zərərçəkmiş sürücü əlavə edib ki, ötən gün 102 manat cərimə ödəyərək sənədlərini Nəqliyyat Departamentindən geri ala bilib.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, sürücünün xəsarətləri ilə bağlı ekspertiza təyin olunub, hazırda araşdırma aparılır.