Polis rəisi ovda yaralanıb?

polis-reisi-ovda-yaralanib
Oxunma sayı: 2223

Elsevər Əsədov bunu surətini “Azadlıq”a ünvanladığı İlham Əliyevə müraciətində bildirib. Onun yazdığına görə, Saatlı rayonunun Əliabad kənd sakindir. Məmmədabad kənd orta məktəbinin texniki işçisidir. Aylıq əmək haqqı 85 manat olan Elsevər Əsədovun ailəsi böyük olduğuna o, əlavə pul qazanmaq üçün əziyyətə qatlanmalı olur:

“Bağımızda bitən mer-meyvəni satmaqla birtəhər dolanırıq. Dekabrın 3-də də dostum və qonşum Qurbanəli Quliyevlə birgə bağamızdan topladığımız narı Qubaya apararaq satmışdıq. Geri dönəndə isə alma gətirmişdik əlavə pul qazanaq. Lakin Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış şöbəsinin rəisi Zaur Alışov və polis rəisi Cəbrayıl Vəliyevin bacısı oğlu polis çavuşu Ramal və daha 2 çavuş axşam saatlarında heç bir qanun pozuntusuna yol vermədiyimiz halda bizi saxlayaraq şöbəyə apardı. Rəisin sürücüsü bizdən əvvəlcə 1500 manat tələb etdi. Lakin sonra məbləğ 1000, daha sonra isə 600 manata düşdü. Bu pulu vermək imkanında olmadığımızı bildirdikdə bizə qarşı ittiham irəli sürüldü: Polisə müqavimət. Qurbanəli Quliyev 3 sutka ac-susuz şöbədə saxlanıldı. İş isə məhkəməyə göndərilib. Hazırda alma yüklü maşınımız polis şöbəsinin həyətindədir. Almalar çürüməkdədir. Bu isə bizim iflasa uğramağımız deməkdir”.

Elsevər Əsədov polisin qanunsuzluğunu İlham Əliyevin diqqətinə çatdırdıqdan sonra üzləşdiyi haqsızlığa etiraz olaraq YAP-ın sıralarını tərk etdiyini bəyan edib. Müraciətdə bir məqam da var ki, bu daxili işlər naziri Ramil Usubov üçün maraqlı ola bilər. Elsevər Əsədovun yazdığına görə, Saatlı polisinin rəisi Cəbrayıl Vəliyev Sarısuda ovda olarkən yaralanıb. Bu baxımdan hazırda şöbəni onun çavuş bacısı oğlu Ramal idarə edir.