Prezidentliyə namizdələr imtahan edilir

prezidentliye-namizdeler-imtahan-edilir
Oxunma sayı: 686

“Qafqazinfo”unun məlumatına görə, kameralar qarşısında, canlı yayımda edilən imtahanda namizədlərin qırğızca oxumaq, yazmaq və danışmaq səviyyəsi yoxlanılır. Qırğızıstanda elitar təbəqə, xüsusilə də köhnə nəsil Rusiyada təhsil aldıqları üçün qırğız dilini zəif bilir. Ancaq müstəqillik qazandıqdan sonra prezidentliyə namizədlərin qırğızca bilməsi əsas şərtdir.

Namizədlər parlamentin ümumi iclas salonunda, qruplar şəklində imtahana buraxılırlar. Ölkənin tanınmış professorların hazırladığı imtahan üç hissədən ibarətdir. İlk hissədə namizədlərdən seçki platformalarının xülasəsini yazmaq tələb olunur. Bu hissədə beşdən artıq qrammatik və ya orfoqrafiq səhv edənlər prezident seçkilərinə qatıla bilməyəcəklər.
İkinci turda namizdələr seçki proqramlarını mətnə baxmadan münsiflər heyətinə izah etməlidirlər. Namizədlərdən Seytek Bayqutyev proqramını şeir şəklində təqdim edib. Yaşıllar Patiyasının lideri Erkin Bulekbayev bu turda çıxış edərkən tez-tez dayandığı üçün uduzub. Bütöv Qırğızıstan Partiyasının sədri Adahan Madumarov üçün isə bu tur uğurlu olub. Keçmiş teleaparıcı olan Madumarovun kameralar qarşısında çəkinmədiyi ehtimal edilir.
Qırğızıstanda 31 oktyabrda keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün 83 nəfər müraciət etmişdi. Seçkiyə qatılmaq üçün mərhələ qırğızca imtahan verməklə yekunlaşmır. Namizəd olmaq üçün bundan əlavə, 30 min imza toplamaq və 100 min som (2.217 dollar) depozit yatırtmaq da lazımdır. Seçkilərə qədər namizədlərin sayının 20-yə qədər enəcəyi təxmin edilir.

Qırğızıstanda ötən ilki kütləvi etirazlar nəticəsində ölkə prezidenti vəzifədən ayrılmaq məcburiyyətində qalmış, ölkənin cənubunda fərqli etnik qruplar arasındakı qarşıdurmalarda yüzlərlə insan həyatını itirmişdi. Bu hadisələrdən sonra edilən bir konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyətləri azaldıldı.