Qarabağ dastanı

qarabag-dastani
Oxunma sayı: 930

Son illərdə həmyerlimiz Emin Məmmədlinin Moskvada nəşr edilmiş “Qarabağ saqası” (Karabaxskaə saqa) ikicildliyi faktların, sənəd və materialların zənginliyi ilə diqqəti cəlb edir. Mübaliğəsiz demək olar ki, son dərəcə nadir sənədlər əsasında yazılmış bu kitablar XVIII-XIX əsrlərdə Qarabağ xanlığında baş verən hadisələr, onun Rusiya imperiyasına ilhaq edilməsi haqqında ən maraqlı nəşrdir. 2010-cı ildə “Maroseyka” nəşriyatında poliqrafik baxımdan nəfis şəkildə çap edilmiş 376 səhifədən ibarət olan birinci kitab “Qarabağ saqası: Pyotrdan Pavelə qədər” adlanır. Saqa sözü qədim Skandinaviya xalqlarında əfsanə, dastan anlamına gəldiyindən, Emin Məmmədlinin kitabını böyük məmuniyyətlə “Qarabağ dastanı”da adlandırmaq olar. Əslində, kitabın mövzusu Qarabağ olsa da, müəllif Rusiya arxiv və kitabxanalarından topladığı nadir materiallar əsasında XVIII əsrdə Çar Rusiyasının Qafqaz siyasətini, imperiyanın Azərbaycana marağını, bir sözlə Qarabağ ətrafında cərəyan edən hadisələrin mənzərəsini yarada bilmişdir. Birinci cild məlumat bazasının zənginliyinə görə Rusiyanın Qafqaza və Azərbaycana gəlişinin bütün tərəflərini ortaya qoyur. Xəzər dənizinin və Azərbaycanın Xəzər sahili xanlıqlarının Rusiyanın planlarına daxil olması, bu istiqamətdə atılan hərbi, siyasi, diplomatik addımların ideoloji təminatı, I Pyotrun İran yürüşü, Anna İohanovna dövründə Cənubi Qafqazda ilk rus mülklərinin yaranması və Rusiyanın Qafqaza artan marağı fonunda erməni amilinin meydana çıxması kitabda ardıcıllıqla təsvir edilmişdir. Bütün bu hadisələr bir növ gələcək Qarabağ dastanının proloqu xarakteri daşıyır və müəllif Nadir şah Əfşarın hakimiyyətə gəlişi ilə Qarabağda siyasi şəraitin dəyişməsinə maraqlı keçid edir. E.Məmmədlinin birinci kitabının maraqlı cəhətlərindən biri rus mənbələrində Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının təsvirinə aid materialların toplanmasından ibarətdir. Bu materiallar təsdiq edir ki, Rusiya imperiyası Cənubi Qafqazı, xüsusilə Azərbaycan xanlıqlarını bütün XVIII əsr böyü ətraflı şəkildə öyrənmişdir. Kitabın sonunda verilmiş əlavələr və ayrı-ayrı sənədlər bunun aydın şəkildə təsdiq edir. Eyni zamanda, həmin sənədlərdən aydın olur ki, nəinki Şimali Azərbaycan xanlıqları, bununla yanaşı, Cənubi Azərbaycan xanlıqları da XVIII əsr Rusiyasının maraq dairəsində olub. Kitabda istinad edilən çoxsaylı mənbələr göstərir ki, Araz çayının hər iki sahilində yerləşən Azərbaycanın, onun ayrılmaz hissəsi olan Qarabağın siyasi-inzibatı quruluşu, dini həyatı, etnoqrafik mənzərəsi Rusiya hərbi, siyasi, elmi və kəşfiyyat orqanları tərəfindən ətraflı şəkildə öyrənilmişdir. E.Məmmədlinin birinci kitabının son fəsillərində hadisələr xüsusilə dramatik xarakter alır. Burada II Yekaterina dövründə Cənubi Qafqazın ümumi mənzərəsi verilir, polkovkik Burnaşevin regionda kəşfiyyat xarakterli missiyasının fəaliyyəti əhatə edilir, Ağa Məhəmməd şahın Qarabağ və Tiflisə, qraf Zubovun İrana yürüşləri təsvir edilir. I Pavelin hakimiyyətə gəlməsi ilə Rusiyanın Cənubi Qafqaz siyasətində baş verən dəyişikliklər kitabda maraqlı şəkildə əks olunmuşdur.

E.Məmmədlinin “Qarabağ saqası” kitabının II cildi “Aleksandr, Aleksandr...” adlanır və Moskvada 2011-ci ildə nəşr olunan bu cild 408 səhifədən ibarətdir. Adından da göründüyü kimi kitab rus çarı I Aleksandr dövründə (1801-1825) Cənubi Qafqazda, Azərbaycan və xüsusilə? Qarabağ xanlığında cərəyan edən hadisələri əhatə edir. “Qarabağ saqası” kitabının II cildi Cavad xanın portreti ilə açılır. Əlbəttə, söhbət burada yalnız portretdən getmir, əslində kitabı oxuduqca görürük ki, sözün tam mənasında Cavad xanın mübarizə əzmi, Gəncə xanlığının Rusiya İmperiyası qarşısındakı dirənişi əsərin ruhuna hopub. Rusiya işğalına qarşı kəskin mövqedə dayanan Məhəmməd Həsən xan Cavanşirin və knyaz Sisianovun həyatdan gedişi təsadüf idi, yoxsa qanunauyğunluq? Oxucular bu sualın cavabını da Emin Məmmədlinin araşdırmasından əldə edə bilərlər.

Eyni zamanda, kitabın II cildində Rusiya İmperiyasına ermənilərin təsir imkanlarının yaranması və onun bir sistemə çevrilməsi ardıcıllıqla izlənmiş, həmin şəbəkənin formalaşma mexanizmi təqdim edilmişdir. 19 fəsildən ibarət olan II cilddə Cənubi Qafqazın Rusiya İmperiyası tərəfindən fəth edilməsinin, Qarabağ xanlığının 1805-ci ildə imzalanmış “Andlı öhdəlik” vasitəsi ilə Rusiya himayəsinə daxil olması və ayrıca dövlət qurumu kimi xanlığın öz siyasi müstəqilliyini itirməsinin geniş əsaslandırılması verilmişdir. Müəllif Qarabağın ələ keçrilməsində 1801-ci ildə sınaqdan keçirilmiş “Gürcüstan kartı”ndan istifadə edildiyini, bu ilhaqçı siyasətin Gürcüstanda “Çar evini” dağıtmaqla yanaşı, Qarabağ xanlığının həyatında ağrılı rol oynadığını, körpə uşaqlar da daxil olmaqla xan ailəsinin məhv edilməsinə gətirib çıxardığını göstərmişdir.

Kitabın 14-cü fəslində E.Məmmədli Şuşalı İbrahimxəlil xanın və Cavanşir nəşlindən olan Qarabağ hakimlərinin Rusiya təəbəçiliyinə keməsinin siyasi, hərbi və diplomatik tərəflərini vermişdir. Müəllifin təqdim etdiyi, araşdırmaya cəlb etdiyi sənəd və materiallar Qarabağın bir müsəlman xanlığı, etnik baxımdan bir türk yurdu olaraq Rusiyaya birləşdirildiyini ortaya qoyur. Bu baxımdan “Qarabağ saqası” kitabının hər iki cildinin materialları Azərbaycanın bu dilbər guşəsinin tarixini saxtalaşdıranlara, onun guya bir erməni əyaləti kimi Rusiyaya qatıldığını iddia edənlərə tutarlı cavabdır. Müəllifin Kürəkçay müqaviləsi, İbrahim xanın qətlindən sonra çar I Aleksandrın fərmanı ilə onun oğlu Mehdiqulu ağanın mərhum xanın yerinə Qarabağ hakimi təyin edilməsi haqqında mülahizələri, Rusiyanın Qafqazdakı nümayəndələrinin bu məsələ ilə bağlı Peterburqla yazışmaları əsəri son dərəcə maraqlı etmişdir.

Əsərin hər iki cildi oxunaqlı bir dildə yazılmış, müəllif tarixi publisistikanın imkanlarından bacarıqla istifadə etmişdir. Hətta demək olar ki, “Qarabağ saqası” bəzi məqamlarda əsl dedektiv xarakteri daşıyır. Kitabın hər iki cildində dövrün reallıqlarını özündə əks etdirən xəritələr və şəkillər verilmişdir. Rusiyanın Qafqazı fəthi dövründə rus idarələri tərəfindən hazırlanmış bu xəritələr Cənubi Qafqazın siyasi, etnik, dini və inzibatı mənzərəsini ortaya qoyur. Həmin xəritələrdə yer almış İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının təsviri həmin ərazilərin kimlərə məxsus olmasının aydın göstəricisidir. E.Məmmədlinin kitablarına daxil edilmiş nadir şəkil kolleksiyası “Qarabağ saqası”nın yazılı mətnini illüstrativ baxımdan tamamlayır və kitabı daha da cəlbedici edir. Kitabın nadir şəkil kolleksiyası Qarabağın elat dünyası, xanlığın əhalisinin geyimi, yaşayış tərzi, məişət və mədəniyyəti haqqında aydın təsəvvür yaradır. Milli taleyimizdə və tariximizdə bu kitabların əhəmiyyətini nəzərə alaraq, onları geniş oxucu auditoriyasına təqdim edir, “Qarabağ saqası” kitabının hər iki cildinin yaxın dövr tariximizə maraq göstərən oxucularımız, xüsusilə, gənclərimiz tərəfindən mütaliə edilməsini zəruri sayırıq.