Qarabağ yastıqnamələri

qarabag-yastiqnameleri
Oxunma sayı: 672

Oxşar fikirlər tez-tez eşidilməkdədir. Adını çəkdiyim şəxslərin və istənilən başqa kəslərin fikirlərinə sayğı ilə yanaşdığımı qeyd etməklə bu cür mövqeləri kifayət qədər yanlış, həm də təhlükəli hesab edirəm. Çünki belə fikirlər cəmiyyətimizin yastığını bir az da yumşaldır, yuxumuzu bir qədər də şirin edir.

Nəyə görə?

Əvvəla, ona görə ki, Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda, Cənubi Azərbaycanda və bunun mümkün olduğu hər yerdə bir neçə yüz il bundan əvvəl başlayaraq ermənilərin müsəlman-türk hökmdarlara (xanlara, bəylərə) yaxşı paralar verməklə qədim və çox vaxt baxımsız qalmış məbədləri əldə edərək «erməni» kilsəsinə çevirməsi, yaxud əkin-biçin üçün o qədər də yararlı olmayan bir yerdə torpaq sahəsi alaraq kilsə tikməsi, daha sonra həmin kilsəyə Moisey Xorenatsi kimi casus və dələduz keşişlər oturdaraq «qədim etməni tarixi» yaratması faktdır. Bu gün erməni xalqının vay-şivəni məhz həmin saxta çızma-qaralar hesabına dünyaya sırınır və biz buna qarşı hələ də təsirli bir şey tapa bilməmişik. Bəlkə bunları da böyük güclər etmişdir?

İkincisi, Azərbaycanda minlərlə insan keçmiş erməni qonşusunun (dostunun, kirvəsinin, qohumunun) hansısa gizli hesaba hər ay pul verdiyini yaxşı xatırlayır. Sonradan geniş ictimaiyyətə məlum olmuşdur ki, bu pullar özgə torpaqlarında «erməni dövləti» yaratmaq kimi birbaşa təyinata malik olmuşdur. Bəlkə həmin fondları da böyük regional güclər yaratmışdır?

Üçüncüsü, Qərbi Azərbaycanda doğulub böyüyən, Bakıda və Rusiyanın müxtəlif şəhərlərində ali təhsil alan azərbaycanlı gəncləri yaxşı təlimatlandıraraq Ermənistana qaytarmaq, zərurət olduqda onların işlə təmin olunması üçün qonşu respublikanın hakimiyyət orqanlarına müxtəlif üsullarla təzyiq göstərmək əvəzinə həmin gəncləri Azərbaycanın müxtəlif yerlərində ən rahat şəraitlə təmin edənlər də bəlkə həmin böyük güclər olmuşdur? Keçən əsrin sonlarına yaxın Ermənistanda əhalisi yalnız azərbaycanlılardan ibarət olan bəzi kəndlərdə kolxoz sədri, sovet sədri kimi xırda vəzifələrə təyin etməyə kadr tapılmaması bu yanlışlığın nəticəsi deyildimi? Elə bütün bunların nəticəsi idi ki, 80-ci illərin sonlarında az qala yarım milyon soydaşımızın dədə-baba yurdundan didərgin salınması ermənilər üçün çox asan bir işə çevrildi.

Belə arqumentləri çox sadalamaq olar...

Bu məsələyə birbaşa aidiyyəti olduğunu düşündüyüm tipik bir məqamı da vurğulamaq istəyirəm. 80-ci illərin ikinci yarısında Rusiyanın Qorki şəhərində institutda oxuyarkən yataqxanamıza bir qrup azərbaycanlı kursant gəlib-gedirdi. Öyrəndim ki, onlar SSRİ-də ən məşhur olan hərbi məktəblərdən birində təhsil alırlar. Lakin hansı fakültəni soruşanda cavablar eyni oldu: arxa təminat fakültəsi. Sonradan özüm də hərbi xidmətdə olanda əmin oldum ki, həmin fakültəyə girənlərin bəzilərini hərbi mundir geyinmək şərəfi yox, sovet ordusunun çox geniş «çuvalı» cəlb etmişdir. Qarabağ uğrunda savaş başlandıqda isə belə «kadr zabitləri» Vətən sevgisiylə ölkəyə döndülər, hərbi strukturlarda kifayət qədər yüksək vəzifələrə sahibləndilər. Lakin ən qısa zamanda belələrindən də bəzilərinin barıt qoxusuna yox, kabab iyinə gəldiyi bəlli oldu. Belə «tılovik»lər üçün isə ordu Vətənin bütövlüyünü, şərəfini, ləyaqətini qoruyan müqəddəs qüvvə yox, məhz yağlı gəlir yeridir. Bunları da hansısa böyük gücün ayağına yazmaq düzgün alınmaz.

Şübhə etmirəm ki, hər bir münaqişə kimi, Qarabağ müharibəsindən də beynəlxalq güclər öz maraqları naminə yararlanmağa, onu müxtəlif ambisiyalarının həyata keçirilməsi vasitəsinə çevirməyə çalışırlar. Amma bunu əsas götürərək müharibəni hansısa düymənin basılması ilə başlayan, başqa bir düymə ilə də dayandırılacaq virtual oyun səviyyəsinə endirmək yanlışdır. Cəmiyyətə onun hədəfini, düşmənin məkrini olduğu kimi göstərmək, hər kəsin üzərinə düşən yükü hiss etməsinə yardımçı olmaq lazımdır. Onsuz da ictimai vəzifəyə, vətəndaş məsuliyyətinə biganə münasibətin kritik səviyyəyə yaxınlaşdığı cəmiyyətə «itirilmiş ərazilərin qaytarılması bizdən asılı deyildir» kimi fikirlər aşılamaq, hətta buna sətiraltı eyhamlar etmək belə təhlükəlidir. Axı toplumun hüceyrəsi olan hər kəs öz fərdi vəzifəsini də məhz cəmiyyətin, ölkənin üzərinə düşən yükə baxaraq müəyyən edir.

Ərşad Hüseynov