“Qəti şəkildə bildirirəm ki...” – Xəbərdarlıq

qeti-sekilde-bildirirem-ki-xeberdarliq
Oxunma sayı: 637

Klub prezidenti mətbuatda yer alan istefa xəbərlərinə də münasibət bildirib: “Təbii ki, “Neftçi”nin “Rəvan”a məğlubiyyəti ilə barışa bilmərəm. Çünki, “Neftçi” “Rəvan” kimi komanda ilə hər oyunuda top buraxmadan qalib gəlməlidir. Buna görə də məğlubiyyətin səbəbləri mütləq araşdırılmalıdır. Mətbuatda klubun vitse-prezidenti Tahir Süleymanovun, komandanın idman direktoru Güloğlan Cabbarovun, eləcə də baş məşqçi Böyükağa Hacıyevin istefa verməsi haqda xəbərlər də yer alıb. Qəti şəkildə bildirirəm ki, istefalardan söhbət gedə bilməz.

Bakıya qayıtdıqdan sonra məşqçilər korpusundan, həmçinin komandanın rəhbərliyindən hesabat tələb edəcəyəm. Məğlubiyyətin səbəbləri araşdırılacaq və günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar. Amma, bir məqama da toxunmaq niyyətindəyəm. Hər kəsə bəllidir ki, futbolumuz tarixində bir ilkə imza ataraq, Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi” həm də bütün Azərbaycanı təmsil edir. Ölkəmizin Avrokuboklardakı yeganə ümidi olan komandamız “Rubin”ə qarşı ağır oyun keçirib. Kazan səfərindən qaytıdıqdan bir gün sonra növbəti görüşə çıxan futbolçularımızın yorğunluğu öz sözünü deməyə bilməzdi. Üstəlik, 3 gün aralıqlarla çempionatda daha iki ağır qarşılaşma bizi gözləyir. Noyabrın 8-də “Neftçi” Bakıda “Rubin”lə cavab görüşünə çıxacaq. Heyətimiz legioner futbolçularla əsasən gənc olan yerli oyunçulardan qurulub. Matçlar da onu göstərir ki, futbolçularımız bu cür ağır qrafikə tam hazır deyillər. Belə olan halda Azərbaycan adını təmsil edən “Neftçi”yə daxili çempionatda oyunlarının təxirə salınması baxımından müəyyən güzəştlər edilməlidir. Çünki, üç gündən bir keçirilmiş oyunlar komandamızın Avrokubok qarşılaşmalarına mənfi təsir edəcək. Nəzərə alsaq ki, “Rubin” və “Partizan”la doğma azarkeşlər önündə oynayacağıq, az da olsa Avroliqanın qrupunda şanslarımızın mövcüd olduğunu düşünürəm.

Mən klub prezidenti kimi bəyan etmək istəyirəm ki, “Neftçi”nin şərəfini qoruyan hər bir futbolçuya güvənirəm. İnanıram ki, onlar “Rəvan”a məğlubiyyətdən dərs çıxarıb, qarşıdakı oyunlarda, xüsusən Avroliqa turnirinin qrup matçlarında Azərbaycan xalqını sevindirəcəklər.”