“Rusiya və İrandan Azərbaycana qarşı edilən təhdidlərin sayı artıb”

rusiya-ve-irandan-azerbaycana-qarsi-edilen-tehdidlerin-sayi-artib-
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə 31 Mart soyqırımı qurbanlarının anım mərasimi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan partiya sədri Yusif Bağırzadə hazırda Azərbaycanın böyük güclərin maraq dairəsində olduğunu qeyd edib. O, qonşu ölkələrdə gedən siyasi proseslərə diqqət çəkərək, İranın başının daxili işlərinə, Rusiyanın isə qarşıdan seçkilərə qarışdığını qeyd edərək bu ərəfədə Azərbaycanda söz azadlığı, kimi mövzuların gündəmə gələcəyini vurğulayıb. Y. Bağırzadə son dövrlərdə Rusiya və İran tərəfindən Azərbaycana qarşı edilən qeyri-rəsmi təhdidlərin sayının artığını bildirib.

Yusif Bağırzadə zaman-zaman mənfur ermənilərin soydaşlarımızın başına gətirdiyi facilərə toxunaraq bildirdi ki, terrorizmi və işğalçılığı dövlət siyasətinə çevirən Ermənistan dövlətçiliyimiz üçün ən böyük təhlükə olaraq qalmaqdadır. AMİP sədri regoinda, eləcə də, beynəlxalq aləmdə cərəyan edən hadisələrin və onların Azərbaycana təsiri barədə geniş məruzə edərək, bir sıra təkliflər irəli sürdü. Xəzəryanı dövlətlərin və regional güclərin maraqlarının toqquşduğu bölgədə Azərbaycanın daha həssas, çevik və sistemli siyasət yürütməsinin vacibliyini vurğulayan AMİP sədri Y.Bağırzadə bilidirdi: “Zəngin karbohidrogen yataqlarına malik və əlverişli geopolitik məkanda yerləşən Azərbaycanın xarici təhlükələrdən qorunması üçün öz strateji müttəfıqləri ilə əlaqələrinin dərinləşdirilməsinə, yeni tərəfdaşlar tapmasına, Avroatlantika məkanına sürətli inteqrasiyasına, eyni zamanda qonşu dövlətlərlə münasibətlərin gərginləşməsinə imkan verilməməsinə nail olmaq lazımdır. Türkiyə ilə strateji müttəfiqliyin ittifaq səvvıyəsinə qaldırılması, ABŞ-la Azərbaycan arasında qarşılıqlı yardım və əməkdaşlıq haqqında müqavilələrin imzalanması bir dövlət olaraq ölkənin təhlükəsizliyini xarici təhdidlərdən sığortalaya bilər. Bu gün Suriyada baş verən hadisələr, İranın nüvə proqramını davam etdirməsinə qarşı beynəlxalq aləmin günü-gündən artan təpkisi fonunda Azərbaycanın atacağı addımlar və sərgiləyəcəyi mövqe həlledici rol oynaya bilər. Odur ki, bu kimi məslələr mütamadi olaraq müzakirə olunmalı, fikir mübadiləsi aparılmalı, ortaq məxrəcə gəlinməlidir”.

Mövzu üzrə məruzəçi qismində çıxış edən Avroatlantika Şurasının sədri Sülhəddin Əkbər dövlətin təhlükəsizliyinə təhdid dedikdə təkcə hərbi təhdidin nəzərdə tutulmadığını söyləyərək qeyd etdi ki, bura ərzaq, iqtisadi, siyasi, ekoloji və s. kimi amillər də daxil edilməlidir: “ Dünya qloballaşdıqca, bir sıra məsələlər, xüsusən də demokratikləşmə, avtoritar rejimlərin mövcudluğu, fərqli sivlizasiyaların üz-üzə gəlməsi halları da qlobal xarakter alır. Azərbaycan dünyanın bir parçasıdır və hakimiyyət bu amilləri də nəzərə almalıdır”. S.Əkbərin fikrincə, “Azərbaycan NATO üzvülüyünə mərhələ-mərhələ yaxınlaşmalıdır, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramında fəal iştirak etməlidir, Azərbaycan enerji infrastrukturunun təhlükəsizliyini ya NATO-ya həvalə etməlidir, ya da NATO ilə birlikdə həyata keçirməlidir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə təhdidlərin ölkənin inkişaf etməsi üçün stimul rolu oynaya biləcəyinə də diqqət çəkib. Lakin Azərbaycanın bu təhdidlərdən öz inkişafına istifadə edə bilmədiyini deyib. S. Cəlaloğlu xarici siyasətdə qonşularımızın maraqlarını nəzərə almağımız vacib olduğunu bildirib. Onun sözlərinə görə, əgər İranda müharibə başlasa dəyən zərərin 30 faizi Azərbaycanın payına düşəcək. Partiya sədri ölkəmiz üçün ən böyük təhdidin iqtidarın öz maraqlarını dövlət maraqları hesabına təmin etməyə çalışmasında görüb. O, qarşı-qarşıya dayanan İran və Amerikanın Azərbaycana münasibətdə eyni mövqe sərgiləməsini buna misal olaraq göstərib.

Millətçi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli hakimiyyətin millətə güvənməməsində, AXCP sədrinin müavini Fuad Qəhramanlı korrupsiya və rüşvətxorluqda, yürüdülən antimilli siyasətdə, AMİP Siyasi Şura üzvü Aydın Əliyev cəmiyyətlə iqtidar arasında uçurumun yaranmasında, VHP təmsilçisi Telman Ələkbərov mövcud reallıqların düzgün qiymətləndirilməməsində görərək, mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Professor Firudin Cəlilov diqqəti daha çox İranda və Güney Azərbaycanda gedən proseslərə yönəldələk, hamılıqla bu məsləyə diqqət yetirməyə çağırdı.

KXCP sədri Mirmahmud Mirəlioğlu öz çixişinda höküməti qorxaqlıqda günahlandırdı: “Azərbaycan üçün ən böyük təhdid Azərbaycan hakimiyyətinin özüdür, onun dövlətçilik haqqında düşüncələridir, qorxaqlığıdır, lazımı məsələlərə yanaşma tərzidir. Azərbaycan hakimiyyətinin qorxaqlığı onun zatında və xarakterində var. Biz millət olaraq hələ də dünyaya özümüzü tanıda bilməmişik.”
Dəyirmi masada iştirak edən “Ayna-Zerkalo” qəzetinin müxbiri Nicat Səmədoğlu, QAT təmsilçisi Fəridə xanım və digər iştirakçılar da Azərbaycanı təhdid edən məslələrə öz baxışlarını ortaya qoyaraq, bu kimi tədbirlərin davamlı olmasının vacibliyini bildirdilər.

Səidə