Şahin Ağabəylinin vəfatından bir il ötdü

sahin-agabeylinin-vefatindan-bir-il-otdu
Oxunma sayı: 702

Bir il öncə səhər saatlarında Bakı-Qazax yolunun 51-ci kilometrliyində Şahin Ağabəyli və “Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərlinin olduğu “Nissan-Tida” markalı maşın qəzaya uğradı. Nəticədə Şahin bəy dünyasını dəyişdi, Aqil Ələsgərli isə yaralandı. Bu gün həmin məşum hadisədən bir il ötür, amma Şahin onu tanıyan hər bir kəsin yaddaşında yaşayır.
Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru: “Şahin Ağabəyli bizə çox yaxın insan idi. Onun vaxtsız və faciəvi şəkildə dünyadan getməsi hər kəsi kədərləndirdi. Onun ölümü ilə sıramızdan biri seyrəldi, canımızdan da bir can ayrıldı. Şahinin ölümü ilə həm də Azərbaycan mətbuatının istedadlı və fədakar bir təmsilçisini, media kapitanlarından birini itirdik. Bizi onun ölümündən ayıran bu bir il elə gəlib getdi ki, sanki o, bir ay əvvəl dünyasını dəyişib. Şahin ideoloji olaraq ölmədi. Biz Şahinin buraxıb getdiyi davanın təmsilçiləriyik və bu davamızı bu gün də aparırıq. Davamızın əsas qayəsi odur ki, Azərbaycanda azad söz və mətbuat olsun və azad sözü təmsil edən insanların bu söz uğrunda mücadiləsi nəticə versin. Hazırda da Azərbaycan mətbuatının vəziyyəti gərgindir. Əvvəllər olduğu kimi, mətbuatımızda vəziyyət indi də pisləşib. Amma biz Şahinin yolunu davam etdirməkdə israrlıyıq. Şahini rəhmətlə anırıq. Onun qəlbimizdə hər zaman yeri var və olacaq. İnanıram ki, Şahinin Azərbaycan mətbuatında parlaq fəaliyyəti əbədi olaraq qalacaq və qorunacaq”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Şahin Ağabəylinin ölümündən sonra onun varlığını daha çox dərk edən insanlardan biriyəm. Mən Şahini çox əziz xatirələrlə xatırlayıram. Çalışacam ki, Şahinin xatirəsi əbədiləşdirilsin. Mətbuatın ağır günlərində Şahini daha çox xatırlayıram. Elə hesab edirəm ki, o, bizlə çiyin-çiyinədir. Zaman-zaman biz ona daha çox yaxınlaşırıq. Allah rəhmət eləsin”.
Asəf Rzayev, “Unikal” qəzetinin baş redaktoru: “Şahin Ağabəyli mənim çəkinmədən dost deyə biləcəyim bir insan və həmkar idi. Çünki yaxşı insanlar həyatda məhz yaxşılıqlarına görə yaddaşlardan silinmirlər. Şahin də o insanlardandı. Ona görə də dostların qəlbində bu gün də yaxşı insan kimi qalıb”.
Nurəddin Xoca, keçmiş döyüşçü: “Şahin Ağabəylinin ölümü Azərbaycan mətbuatı və azad söz üçün böyük itki oldu. Onun ölümü ilə Azərbaycanda söz və mətbuat azadlığı uğrunda mübarizənin əsas qollarından birini itirdik. Şahin unudulmazdır”.
Qeyd edək ki, mərhumun il mərasimi bu gün Neftçala rayonunun Aşağı Qaramanlı kəndində olacaq. Jurnalistlər və ictimaiyyət nümayəndələri bu gün səhər Neftçalaya yola düşəcək.
Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim Yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli yol” qəzetini, 2006-cı ildə “Poliqon” agentliyini təsis edib. Şahin Ağabəyli evli idi. Bir övladı yadigar qaldı. Ruhun şad olsun, Şahin...

musavat.com