Şalvardakı

salvardaki
Oxunma sayı: 736

Azərbaycanın böyük yazarı Həmid Herisçidən fərqli olaraq mənim Mirşahin Ağayevə heç vaxt sualım olmayıb. “Təmiz söhbət”, “Milli metr” kimi çoxsaylı maraqlı telelayihələrin müəllifinə qulaq asmaqla, yaradıcılığını izləməklə kifayətlənmişəm həmişə. Ama son illər ona ünvanlanacaq bir sual içimi doğram-doğram edirdi. Əbülfəz Elçibəy, Azad Mirzəcanzadə, Çingiz Aytmatov, Lütfi Zadə ilə əvəzsiz söhbətlər aparan, son aylar isə öz həmkarı Eynulla Fətullayevə şəxsən mənim üçün qaranlıq qalan qeyri-adi münasibəti ilə virtual şəbəkənin söz konusuna çevrilən qəhrəmanımıza sualım nə barədə olsa yaxşıdır? Güləcəksiniz, gülün: meyxana!

Bəli! Etməyib tənbəllik Ağayev yoldaşa yazdım: “Siz nə üçün meyxananı bu qədər təbliğ edirsiniz?”. Onun cavabını oxuyanda özümü təhqir olunmuş saydım: “Meyxana Azərbaycan folklorunun, ağız ədəbiyyatının bir növüdür, biz onu təbliğ etməklə xalqımıza xidmət göstəririk.”
Dərhal içimdən gələn ikinci sualı yazmadım ona. Çünki söhbətimizin səmimi getmədiyini, Mirşahinin ANS tamaşaçılarının çoxu kimi məni də əbləh yerinə qoyduğunu gördüm.

O sualı sizdən gizlətmirəm, mənim radikal oxucularım! “Bəs elə isə siz və Orxan Fikrətoğlu kimi istedadlı əməkdaşları ola-ola niyə görə Azərbaycanın ilk müstəqil teleşirkəti ANS-in tarixində heç vaxt ciddi ədəbiyyat verilişi hazırlanmayıb?”

Təbii ki sualımı ünvana çatdırmadığım üçün cavabını gözləmədim. Taleyin işinə baxın, bu sualın cavabını ANS-in yaranmasında iştirak edən və bu yaxınlarda həmin telekanalda apardığı “100-cü baxış” verilişi özünün razılığı ilə bağlanan Həmid Herisçinin “Konspiroloq” kitabında tapdım.
Bu kitab adına uyğun olaraq bir çox hadisələrin üzərindən sir pərdəsini götürür, baxırsan ki, üstündə baş çatlatdığın böyük mətləblərin altında sadə bir həqiqət qıvrılırmış. Doğrudur, bəzən bu həqiqət adamı ilan kimi çalır, ama nə edəsən...

Bəli, “Konspiroloq” kitabından sonra bildim ki, nəyə görə filmlərində mütərəqqi ideyalardan dəm vuran istedadlı rejissor Vaqif Mustafayevin Spaceyə rəhbər təyin olunandan sonra ilk işi “Gecə kanalı”nı bağlamaq oldu. Bu veriliş İlham Mirzəyevin əsnəyə-əsnəyə apardığı düşük “Tale yolları”ndandamı lazımsız idi?! Bəlkə Namiq Mənanın ətrafına topladığı bir dəstə mənasız adamın səfeh bədihələri, Kamran Həsənlinin dıydıq şouları daha çox lazımdır bizə?

Təsəvvür edirsinizmi “Hər şey yaxşılığa doğru”, “Yerlə-göy arasında”, “Yaramaz” (!), “Yoxlama” kimi sənət əsərlərinin müəllifinin rəhbərlik (oxu: rəhmətlik) etdiyi telekanalda biz Azərbaycan dilində düz-əməlli danışa bilməyən Ağamirzənin özü kimi birisi ilə duel-duetinə tamaşa edirik!
Bakı kəndlərinin ədəbi dildən uzaq ləhcələrində danışan ağızdan pərtöv meyxanaçılar telekanallarımızın səyi nəticəsində milli sözün, milli ədəbiyyatın təmsilçisinə çevrilib. Bu dəhşətdir, dostlar!!!
Gənc prikolçu Fərda Xudaverdiyev zamanında bunlarla əla məzələnmişdi. Əvvəllər mənə sərt görünən məşhur ittihamı indi hərdən ürəyimi soyutmaq üçün təkrarlayıram: “Papaq yoxdu, qafiyə şalvardadı!”
Bəli, eynən Həmid Herisçi kimi Fərda da çağdaş qafiyəpərdazların üzərindən sir pərdəsini qaldırmışdı.
Biz qafiyəni – həqiqəti başqa yerlərdə axtarmalıyıq... Ağzımızı niyə pis yerə dirəyirlər ki?!