“Saxta bir tarixə hüquqi don geyindirə bilməzlər”

saxta-bir-tarixe-huquqi-don-geyindire-bilmezler
Oxunma sayı: 645

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, Fransa Parlamentində uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalanmasını nəzərdə tutan qanun layihəsi qəbul edildi: “Ümid Partiyası olaraq biz, bu qanunun qəbulundan təəssüf hissi keçiririk. Qəbul olunmuş qanunun Avropada insan haqlarına, demokratiyaya və xüsusən də, ifadə azadlığına zidd qərar hesab edirik. Demokratiyanın beşiyi hesab edilən Avropada insan haqlarının, düşüncə özgürlüyünün ruhuna uyğun olmayan bu qərar, artıq Avropanın dünyaya aşıladığı dəyərləri küllən şübhə altında qoyur.

Fransa Parlamenti düşünməsin ki, atdığı addımla türk xalqına zərbə vurur, tam əksinə bu qanun Fransa vətəndaşlarına, bu ölkədə olan və yaşayan hər kəsə, bütün Avropaya böyük bir zərbədir. Eyni zamanda da sabah Fransaya qarşı da göstəriləcək ədalətsiz, qeyri demokratik münasibətlərə yol verəcək zəmindir.

Ümid Partiyası olaraq hesab edirik ki, Fransa bundan sonra Minsk qrupunda həmsədrlik etməyə davam edə bilməz. Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Amma Fransa qəbul etdiyi qanunla münaqişələrə, Avropa prinsiplərinə, demokratik dəyərlərə münasibətini ortaya qoymuş və bu addımı ilə də Azərbaycan xalqı yanında etimadını itirmişdir. Fransanın belə qanun layihəsini qəbul etməsi onun nəinki bu missiyada tərəfli mövqeyi olmasına dair şübhələr yaradır, eyni zamanda Cənubi Qafqaz bölgəsində apardığı siyasətə başqa, qərəzli bir rəng qatır. Bu səbəbdən də Fransaya bu həmsədrlik missiyasında göstərdiyimiz etimadsızlıq əsassız deyil, əksinə gələcəkdə veriləcək qərəzli qərarların önləyicisidir.

Son olaraq Ermənistan dövlətinə üzümüzü tutaraq bildirmək istəyirik ki, bu qanun layihəsinin qəbulunu uğur kimi qiymətləndirməyə ehtiyac yoxdur. Fransada yaşayan ermənilər Sarkozinin növbəti dəfə prezident seçilmək istəyinin köməyilə saxta bir tarixə hüquqi don geyindirə bilməzlər. Keçmişi unutmaq olmaz. Biz də unutmuruq. Amma bizə qarşı törədilən soyqırımları vasitəyə çevirmirik, gələcəyimizi bunun üzərində qurmuruq. Fransanın belə bir qanunu qəbul etməsi Ermənistanı da qonşularla münasibətdə zərbə altında qoyur.

Bəyan edirik ki, Ümid Partiyası bir siyasi təşkilat olaraq bu məsələdə Türkiyə dövlətinin yanındadır. İnsan hüquqlarına, ifadə azadlığına zidd bu qərəzli qərarın qəbulu ilə mübarizədə Türkiyə ilə birlikdə qanunlar çərçivəsində mübarizəni davam etdirəcəyik”.