“Sərkisyana təşəkkür etməliyik ki...”

serkisyana-tesekkur-etmeliyik-ki
Oxunma sayı: 689

“Qafqazinfo”nun məlumatına görə, bunu Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistan prezidentinin gənc erməniləri Türkiyə ərazisindəki Ağrıdağı qəsb etmək çağırışlarına münasibət bildirərkən belə deyib. Millət vəkili Sərkisyanın bu açıqlamasının Ermənistanın işğalçı mahiyyətini ifşa etmək baxımından Azərbaycan üçün yaxşı fürsət olduğunu dilə gətirib: «Biz azərbaycanlılar dünyanın diqqətini bu düşüncə tərzinə, aparılan siyasətə yönəltməliyik. Sərkisyan dünya ictimaiyyətinə səmimi olaraq öz siyasətlərinin mahiyyətini açıqlamalıdır. Bu siyasətin mahiyyəti də ondan ibarətdir ki, Ermənistanın bütün qonşu dövlətlərə qarşı ərazi iddiaları var. İşğal artıq Azərbaycan ərazilərində baş verib və imkan düşən məqamda Ermənistan həm qonşu Gürcüstanın, həm də Türkiyənin ərazilərini qəsb etməyə çalışacaq. Tarixən Ermənistanın arxasında dayanan və onun işğalçı siyasətini dəstəkləyən dövlətlərin və imperiyaların istəyi ondan ibarətdir ki, Ermənistan digər dövlətlərə qarşı hədə ifadə edən forposta çevrilsin. Bir sıra tarixi Azərbaycan ərazilərinin, İrəvan xanlığının, Zəngəzurun işğalı və geri qaytarılmaması faktı onu göstərir ki, ermənilər hər müharibədən sonra, həmçinin, Sovet İttifaqı da çökəndən sonra yaranmış fürsətdən istifadə edərək qonşuların əprazilərini zəbt etməyə çalışırlar».

Deputatın fikrincə, Sərkisyan təkcə terrorizmi, işğalı dəstəkləyən Ermənistan dövlətinin deyil, həmçinin, virtual Ermənistanı dəstəkləyən, bir sıra terror təşkilatları yaradaraq işğalçılıq planlarını həyata keçirmək istəyən beynəlxalq erməni şəbəkəsinin də mövqeyini ifadə edib.

«Vaxtilə Robert Köçəryan Avropa Şurasında əlində Kalaşnikov avtomatı ilə Qarabağda müharibə apardığını fəxrlə deyəndə, avropalı deputatlar onun adını «cənab Kalaşnikov» qoymuşdular. İndi də Sərkisyan özündən əvvəlki erməni liderləri kimi Kalaşnikov vasitəsilə qonşuların dövlətlərini işğal etməyi, mülki əhalinin etnik təmizlənməsini həyata keçirməyi qarşıya məqsəd qoyub» - deyən A.Mollazadə hesab edir ki, beynəlxalq ictimaiyyət Ermənistanın dinlərin, millətlərin, mədəniyyətlərin əməkdaşlığı əvəzinə işğalı seçdiyini bilməlidir. «Bu müəyyən qədər Norveçdə baş verən hadisələrin mahiyyətini xatırladır. Biz dünyaya mülki əhaliyə qarşı açıq təhdidlər barədə məlumat çatdırmalıyıq. Bildirməliyik ki, Norveçdə baş verənlər bizim ölkəmizə qarşı Ermənistan dövləti tərəfindən təkrar edilir. Bu bəyanat Minsk qrupu həmsədrlərinin diqqət mərkəzində olmalıdır. Sülh prosesinə xələl gətirən bu cür açıqlamalar proses zamanı sülhyaratma əleyhinə fakt kimi qeydə alınmalıdır. Əgər Minsk qrupu həmsədrləri Sərkisyanın bu açıqlamasını gözardı etsələr, deməli, onların beynəlxalq hüquq normalarını şübhə altına saldıqları anlaşılacaq» - deyən millət vəkilinə görə, beynəlxalq təşkilatlar öz təməl sənədlərinə, təməl prinsiplərinə hörmətsizlik göstərirlər. 18 ildən artıqdır ki, yaradılmış
Minsk qrupu beynəlxalq hüquq çərçivəsində bir mövqe sərgiləmir.

A.Mollazadənin qənaətincə, Ermənistanın Rusiyanın sülh təşəbbüsünə yox deməsi, əslində Rusiyanın, prezident Dmitri Medvedyevin imicinə xələl gətirən bir amildir. «Cənab Medvedyev də Sərkisyanın son açıqlaması ilə tanış olsa, başa düşər ki, Sərkisyan onun təşəbbüslərinə yox deyir».

Millət vəkili onu da deyib ki, Ermənistanın bu gün Azərbaycanın mülki əhalisi əleyhinə planlaşdırdığı sui-qəsdlər Qarabağ bölgəsindən 600-800 km məsafədə, münaqişədən kənardakı bölgələrdə baş verir. «Ermənistan dövlət sərhəddi boyu, Gürcüstan sərhədlərinə qədər Azərbaycana təcavüz edir. Və bu təcavüz nəticəsində hər gün Azərbaycanda uşaqlar, qadınlar, mülki əhali erməni gülləsinə hədəf olur, qətlə yetirilir. Son vaxtlar onlar uşaqlara qarşı yeni mükəmməl üsullardan istifadə edirlər. Oyuncağa yerləşdirilmiş partlayıcılar azərbaycanlı uşaqlarının yas qutusuna çevrilib. Beynəlxalq təşkilatların bu faktlara laqeyd yanaşması, Ermənistanın insanlıq əleyhinə cinayətlərini sərhədsiz edir» - deyə millət vəkili əlavə edib.