“Siyasətə atılan hər kəs Güney Azərbaycanla başlayır, amma...” – Müsahibə

siyasete-atilan-her-kes-guney-azerbaycanla-baslayir-amma-musahibe
Oxunma sayı: 645


- Necə düşünürsünüz Quzey Azərbaycanda qadınlarımızın Güney Azərbaycan məsələsi ilə bağlı fəallığı Sizi qane edirmi?

- Xeyr. Təbii ki, Qüzey Azərbaycanda nəinki qadınların, heç kişilərin də, qeyri-hökümət təşkilatlarının, insan haqları cəmiyyətlərinin də Güneylə bağlı fəaliyyəti məni qane etmir. Bu işdə dayanıklılıq, ardıcıllıq və davamlılıq çox önəmlidir. Yəni Güneydəki qan qardaşlarımızın durumu ilə bağlı sistemli çalışmalara ehtiyac var. Bizdə isə təəssüf ki, bu yoxdur. Hesab edirəm ki, Güneylə Qüzey arasında çox ciddi bir ünsiyyət, əlaqə qopuqluğu və bundan doğan çox ciddi problemlər var. Probləmlərin yaranmasının birinci səbəbi də məhz sistemsizlikdir. Çox təəsüf edirəm ki, bu gün Quzeydə bir çox siyasətçilər, Qeyri Hökümət Təşkilatları (QHT) üçün Güney Azərbaycan məsələsi məhz spekulyasiya üçün lazımdır. Yeni başlayan, siyasətə atılan hər kəs Güney Azərbaycan və Qarabağ məsələləri ilə başlayır. Amma “yerlərini bərkidən kimi” bu məsələlər ikinci plana atılır. Ehtiyat varianta çevrilir. Sistemsizliyin bir səbəbi də budur. Bu gün Bakıda Güney Azərbaycan məsələsinə görə çox az siyasətçi və ictimai xadim, QHT və mətbuat orqanı ardıcıl və sistemli iş aparır. Bu da çox üzücüdür. Güneydəki qardaşlarımızın da bizə olan ümidinin qırılmasına səbəb olur.


- Nə etmək lazımdır ki, bu istiqamətdə fəallıq artsın və məsələlərdə vahid mövqe ortaya qoyulsun?

- Vahid mövqe ortaya qoyulması absurd bir şeydir. Milli maraqlardan, əsas problemlərdən, loru dillə desək “damardan girən” mövzulardan həmişə sui istifadə etmək istəyənlər olacaq. Həmçinin liderlik uğrunda mübarizədə parçalanmalar belə məsələlərdə çox aktual olur. Biz əgər vahid bir mövqe üçün gözləsək, bu iş heç vaxt sistemləşməyəcək. Burda mövqelərin bir yerdən deyil, hər kəsin öz yerində mövqeyini davamlı ortaya qoyması mühümdir. Güney Azərbaycan məsələsinin gündəmdən düşməməsi üçün əlimizidən gələni etməliyik. Bu məsələdə biz qan qardaşlarımıza yalnız bununla kömək edə bilərik. Qərbin diqqətini İranda Azərbaycan türklərinin hüquqlarının pozulmasına, haqlarının tapdanmasına, milli kimlikləri uğrunda mübarizədə hər cür zorakılıqla üzləşmələri, əzilmələri insan haqları sahəsində çalışan beynəlxalq durumların gündəminə bizim vasitəsilə daşınmalıdır.


- Bütöv Azərbaycan Qadınlar Parlamenti yaratdınız, amma deyəsən iş sistemində bir durğunuq var?

- İcazə verin bu məsələdə sizinlə razılaşmayım. Əvvəlcə onu qeyd edim ki, Bütöv Azərbaycan Qadınlar Parlamentinin təsisçilərindən biri olmaqdan çox qürur duyuram. Qurum yaradılandan sonra İran türklərə qarşı tətbiq edilən bütün haqsızlıqlarla bağlı bəyanatlar verir. Durumu mətbuatın gündəmində saxlamağa çalışır. Bu yaxınlarda İranda qadınların hüquqlarının vəziyyəti ilə bağlı bir dəyirmi masa keçirəcəyik. Amma bu zaman dönəmində həm də sıralarımız genişlədiririk də. Türkiyədən, Avropadan ictimai-siyasi həyatda aktiv olan onlarla qadın sıralarımza qatılıb. Necə dəyərlər güc toplayırıq. Çünki bu çox önəmlidir. Çox önəmli planlarımız var gələn il üçün. Güney Azərbaycanda əzilən can-qan qardaşlarımız hamımızın qanayan yarasıdır. Amma onlara kömək edə bilmək üçün biz də güclü olmalıyıq.


- Ümumiyyətlə, Siz bir yazar olaraq Güney Azərbaycan məsələsi ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- İranda hər gün onlarla insan həbs olunur, izlənilir, təcavüzə məruz qalır, ictimaiyyət içində cəzalandırılır. İranda ümumən insan hüquqları problemi var. Eyni zamanda türklər də milli kimlikləri səbəbi ilə ikiqat əzilirlər. Türk dilində bir məktəb belə yoxdur. Türk kimlikli siyasətçilər, KİV nümayəndələri sözün əsl mənasında məhv edilirlər. Bu davada biz onların yanındayıq. Elə etməliyik ki, onlar təqibə, həbsə məruz qalmadan onların yükünü bir az da olsa azaldaq. Onların haqq səsini dünyaya çatdıraq. İran əhalisinin önəmli hissəsi kimi türklərin məktəbləri, dərgiləri, qəzetləri olsun, onlar hökümətdə təmsil olunsunlar, seçkilərdə əngəlsiz iştirak edib, səs qazana bilsinlər.


Elnur Eltürk