“Siyavuş Novruzov dəlidir”

siyavus-novruzov-delidir
Oxunma sayı: 1094

Azərbaycanda da “Eks-prezidentlər haqqında” qanun dünya standartlarına uyğun qəbul olunub həyata keçiriləcək. YAP-çı deputat bəyan edib ki, mərhum prezident Heydər Əliyevdən başqa heç kimə bu status düşmür: “Ayaz Mütəllibovla bağlı məsələ qaldırılır. Ayaz Mütəllibovun həm Xocalıda, həm 20 Yanvarda, həm də ondan sonrakı proseslərdə "gördüyü işlər" hamıya məlumdur. Bundan başqa, prezident postunu qoyub qaçıb, Moskvada oturub. Əbülfəz Elçibəy də gedib Kələkidə oturub. Baxmayaraq ki, hər ikisi Konstitusiyaya and içiblər ki, xalqın maraqlarını sonadək müdafiə edəcəklər. Xalqın maraqlarını müdafiə etmədikləri halda bu insanlara hansı statusun verilməsindən danışmaq olar? Çilidə Auqusto Pinoçet hakimiyyətə gələndə Salvador Alyende prezident idi. Auqusto Pinoçet Salvador Alyendeyə təklif edib ki, sənə bütün şəraiti yaradacam, ölkədən çıx get. Amma Salvador Alyende sonadək öz kreslosunda oturdu, mübarizə apardı və sonda tapancası ilə başına atəş açıb özünü öldürdü. Bu gün də Çili xalqının tarixində yaşayır. İndi kimsə bir hədə-qorxu gələcəksə, prezident qorxub vəzifəsini qoyub qaçmalıdır, yalnız özünü düşünməlidir, xalqın yolun ortasında qoymalıdır, maraqların satmalıdır? Belə adamlara eks-prezident statusu verilə bilməz".

YAP-çı deputatın açıqlamalarına A.Mütəllibovun və Ə.Elçibəyin yaxınlarının, əqidədaşlarının münasibətini öyrəndik. Mütəllibovun həmsədri olduğu Sosial Demokrat Partiyasının digər həmsədri Araz Əlizadə bildirdi ki, Siyavuş Novruzov ciddi məsələlərlə bağlı qərar vermək səlahiyyətində olan şəxs deyil. Eks-prezidentlərin statusu kimi ciddi məsələ ilə bağlı son qərarı S.Novruzov yox, prezident verəcək: “İlham Əliyev hansı qərarı versə, Siyavuş kimi adamlar həmin qərarı alqışlayacaqlar. Deputat Zahid Orucla debatların birində o, Ayaz Mütəllibovu sabiq prezident kimi qəbul eləmir, amma ölkə başçısı İlham Əliyev desə ki, qəbul edisin mütləq səs verəcək. Azərbaycanda parlament nəyi həll edir ki, Siyavuş Novruzov da həll eləsin. İlham Əliyev "Röyters" agentliyinə müsahibəsində demişdi ki, mən Azərbaycanın dördüncü prezidentiyəm. Bu, o deməkdir ki, İlham Əliyev tək Heydər Əliyevi yox, Ayaz Mütəllibovla Əbülfəz Elçibəyi də prezident olaraq qəbul edir. İlham Əliyev özünü dördüncü prezident hesab edirsə, Siyavuş Novruzov kimdir ki, birinci və ikinci prezidentləri prezident hesab etməsin".

Mərhum Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə dedi ki, Siyavuş Novruzovu ciddi və normal adam hesab etmədiyi üçün onun hər hansı açıqlamasına baş qoşmaq niyyətində deyil: “Onun açıqlamaları öz səviyyəsinə uyğun açıqlamalardır. Eyni zamanda Siyavuş Novruzovun dövlətin siyasətinin müəyyənləşməsində heç bir rolunun olmadığını da nəzərə alaraq, onun danışıqlarını boş və mənasız danışıq hesab edirəm”.

KXCP sədri Mirmahmud Mirəlioğlu cəmiyyətdə və dövlətin idarəçiliyində 1 faiz də olsun təsir imkanının olmadığını və bu səbəbdən onun dediklərinə əhəmiyyət vermədiyini bildirdi: “Mən sizin qəzetə də tövsiyə edərdim ki, o cür adamların fikirlərinə baş qoşmayın. Dəlidir, danışır özü üçün. Allah köməyi olsun”.

“Yeni Müsavat”