“Şpigel” və “ARD”nin Leyla Yunus sevgisi

spigel-ve-ardnin-leyla-yunus-sevgisi
Oxunma sayı: 692

Bəlkə də bu belədir... Ancaq məqaləni tam oxuduqdan və verilişi izlədikdən sonra aydın olur ki, sən demə, erməni dəyirmanına su tökən yerli QHT-çilər (mən onları hüquq müdafiəçisi adlandıra bilmərəm) Leyla Yunus, Emin Hüseynov və Əli Novruzov adlı şəxslərdir.

Həmin qəzet məqaləsi və televeriliş büsbütün Azərbaycan əleyhinə hazırlanmış böhtan, həqiqətdən uzaq olan bir məqalə və verilişdir. Həm “Şpigel” qəzetində, həm də ARD telekanalında gedən fikirlər və istinad edilən QHT-çilər eynilik təşkil etdiyinə görə tam məsuliyyətlə demək olar ki, bu yazı və veriliş bir nöqtədən sifariş edilib. Belə ki, həmin məlumatlarda “Eurovision 2012”nin keçiriləcəyi məkanın Bakının ən “ucqar nöqtə”lərindən birində, Bayraq Meydanının yaxınlığında yerləşdiyi qeyd olunur.
Dənizkənarı Bulvarın 300-400 metrliyində yerləşən və hal-hazırda bulvarın bu məkanla birləşdirilməsi istiqamətində qızğın işlərin getdiyi bir vaxtda, bu məkan Bakının necə ən ucqar bir məkanı ola bilər?

Qeyd olunur ki, həmin məkanın tikintisi üçün yaxınlıqdakı yaşayış binaları söküldü, yaşayış üçün zəruri olan su boruları, elektrik kabelləri sıradan çıxarıldı.

Əvvəla, həmin ərazidə ilk olaraq yaşayış olmayan köhnə hərbi baraklar sökülüb və bir doqquz mərtəbəli binanın sakinlərinin köçürülməsi planlaşdırılıb ki, bu proses hələ də tam başa çatdırılmayıb. Həmin binada hələ də bir çox sakinlər yaşayırlar. Köhnə hərbi barakların ərazisində söküntü işləri başlandığı zaman təbii olaraq oradakı kommunikasiya xətləri də ləğv edilməli idi.

Məqalədə qeyd edilir ki, həmin ərazidə vətəndaşlara verilən kompensasiyaya normal yaşayış üçün nəzərdə tutulan mənzil almaq mümkün deyil. Bu gün Bakıda vətəndaşların evləri sökülərkən onlara hər 1 m2-ə görə 1500-2000 manat arası kompensasiya ödənilir. Bakının mərkəzi sayılan Nəsimi, Nərimanov, Səbail, Binəqədi, Yasamal rayonlarında yeni tikilmiş binalarda bu gün nağd pula hər 1 m2 -i 500-800 manat arası gözəl mənzillər əldə etmək mümkündür.

Mən söylədiklərimin həqiqət olduğunu təsdiqləmək üçün Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvelleni kompensasiya almış hər hansı bir vətəndaş üçün yeni mənzil axtarışına dəvət edirəm.

Bir amili də qeyd etmək lazımdır ki, hər kəs yaranmış situasiyadan təbii olaraq daha çox bəhrələnmək istəyir və verilən kompensasiya ilə razılaşmaq istəmir. Məsələnin məğzi də məhz budur!

Yeri gəlmişkən, bir hadisəni xatırladım. “Güllüdərə” deyilən yerdə yaşayan bir şikayətçinin müraciəti əsasında həmkarlarım hüquq müdafiəçiləri ilə birlikdə Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevlə görüşərkən bizə məlum oldu ki, vətəndaş adi yaşayış üçün belə normal şəraiti olmayan evi üçün tikinti şirkətindən 700 min manat tələb edir. Həqiqətdə isə həmin evi istəsə belə, heç 40-50 min manata sata bilməzdi.
“Human Rights Watch” təşkilatının da bu məsələ ilə bağlı narahatlığını qeyd edən “Şpigel” yazır ki, bu köçürmə işləri yerli qanunvericilik və beynəlxalq təşkilatlar qarşısında götürülmüş insan haqları öhdəliklərinə əməl olunmaqla həyata keçirilməlidir. Cavab olaraq qeyd edim ki, mən hüquq müdafiəçisi kimi qanunverici orqanda təmsil olunuram.

Qanunverici orqan olan Milli Məclis tərəfindən qanunlara edilmiş əlavə və dəyişikliklərə əsasən dövlət maraqları üçün kompensasiya ödəməklə vətəndaşların köçürülməsi bu gün qanunvericiliyə tam uyğun həyata keçirilir. Beynəlxalq öhdəliklərdə də kompensasiya ödənilməklə köçürülmədən söhbət gedir.

Məqalədə çox böyük narahatlıqla qeyd edilir ki, ölkə başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi “Eurovision 2012” müsabiqəsinə ciddi hazırlaşaraq Avropa auditoriyasında profesionallıq göstərmək niyyətindədir. Hökumət yarışma vasitəsilə ölkənin tarixi adət-ənənələrini, mədəni və ictimai-siyasi həyatını nümayiş etdirmək niyyətindədir.

Bunun nəyi pisdir ki? Azərbaycan hökumətinin belə bir məqsəd və niyyətinin olmasına yalnız ölkəmizi sevməyənlər narahat ola bilər.

Bəs görəsən “Şpigel”i narahat edən nədir? Bəlkə yazı müəllifini ilhama gətirən onu ermənilərlə bağlayan əlaqələrdir?

Həmin materiallarda Leyla Yunus hökumətin təzyiqi ilə üzləşdiyini, ofisinin söküldüyünü qeyd edir. O, “İstəyirəm biləsiniz ki, “Eurovision 2012” mahnı müsabiqəsi Azərbaycanda yaşayan insanlara sevinc gətirmir. Bu müsabiqə özü ilə yeni-yeni faciələr gətirdi”, - deyə bildirir.

Azərbaycanlı iki gəncin Nigar və Eldarın 2011-ci ildə Almaniyada qələbə qazanaraq “Eurovision 2012”-nin Bakıda keçirilməsini təmin etmələrini təbii ki, Ermənistan faciə kimi qarşıladı. Leyla Yunusun bu qələbəni faciə kimi qarşılaması və kimlərin mövqeyindən çıxış etməsini necə qiymətləndirək?

Qeyd etmək istəyirəm ki, Leyla Yunus bir il öncə birdən-birə yoxa çıxaraq bir il ərzində səsi-sorağı gəlmədi. Sonra məlum oldu ki, o, hansısa xətlə Almaniyaya köçüb və bir ilə yaxın orada yaşayıb. Görünür, Leyla Yunus orada da Azərbaycanı sevməyənlərlə münasibət yaratmağı bacarıb.

“Şpigel” nə üçün qeyd etmir ki, Leyla Yunusun ofisi ilə bərabər həmin ərazidə yüzlərlə ev, ofis sökülüb? Niyə qeyd etmir ki, həmin sökülmüş ərazidə Bakını gözəlləşdirən və insanların mədəni istirahəti üçün park-bulvar inşa ediləcəkdir? Leyla Yunusun ofisinin yerləşdiyi ərazidə söküntü işləri başlayarkən Bakı Şəhər İcra Hakimiyyəti ilk öncə hər 1 m2 üçün vətəndaşlara 1500 ABŞ dolları kompensasiya təklif edərkən, biz Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və mən yüzlərlə vətəndaşı qəbul etdik, rəsmilərlə danışıqlar apardıq. Və təklif olunan 1500 ABŞ dollarının 1500 Azərbaycan manatı ilə əvəz olunmasında azacıq da olsa xidmətimiz oldu. Həmin vaxt Monitorinq Qrupunun üzvlərinin ofisi evləri sökülənlərin hər gün ziyarət etdiyi məkana çevrilmişdi.
Leyla Yunusun həmin vaxt səsi belə çıxmırdı. Elə ki öz ofisi sökülməli oldu, dərhal beynəlxalq təşkilatlara şəkillər, bəyanatlar göndərməyə, imzalar toplamağa başladı. Mənə bir nəfər göstərin ki, Leyla Yunus bu günə qədər ona maddi, mənəvi hüquqi kömək etmiş olsun. Yalnız bəyanatlar verməklə daha çox xarici təşkilatların xoşuna gəlmək və xaricdən çox qrant almaq hüquq müdafiəçisi olmaq deməkdirsə, əslində bu, cəmiyyəti aldatmaq və öz şəxsi maraqlarına xidmət etməkdir.

Biz isə hüquq müdafiəçisi olaraq Monitorinq Qrupunun üzvləri olan Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı ilə birlikdə və ayrı-ayrılıqda hər gün onlarla bizə müraciət edən vətəndaşları qəbul edir, onlara hüquqi yardım göstəririk.

Avropada ən nüfuzlu qeyri-siyasi, mədəni bir tədbir olan “Eurovision 2012” musiqi festivalını da öz məqsədləri naminə siyasiləşdirmək istəyənlərə, o cümlədən də Leyla Yunusa və onun kimi QHT pərdəsi altında xarici sponsorlarına yararlanaraq varlanmaq istəyənlərə nə ad vermək olar?

Ermənistan “Eurovision 2012”-nin Azərbaycanda keçirilməsini heç cürə həzm edə bilmir və daim ona kölgə salmağa çalışır. Ölkəmizin ərazisinin 20%-ni işğal etmiş, Azərbaycana düşmən mövqedə olan, türkün qanına susamış Ermənistanın bu istəyini həyata keçirən bəzi QHT-çilər görəsən kimə və nəyə xidmət edirlər?

“Şpigel” yazır ki, Bakıda yaşanan tikinti bumu, dəbdəbəli binalar, Dubaydakı tikintilərə oxşayan layihələr diqqətdən yayına bilməz. Bəlkə müasir Bakı (hazırki Yerevan kimi) keçən əsrin 20-ci illərindəki kimi dar küçələrdən və ən çoxu 2-3 mərtəbəli binalardan ibarət olaraq qalmalı idi? Bu tikintilər, bu inkişaf, Bakının günbəgün gözəlləşən siması ermənilərlə bərabər başqalarının da gözünü tökdüyünü belə yazılardan bilməyimiz vacibdir.

Məqalədə RATİ adlı təşkilatın rəhbəri Emin Hüseynov “Ölkədə xeyli sayda jurnalist məhbus həyatı yaşayır”, - deyə qeyd edir.

Bildirmək istəyirəm ki, cibində jurnalist vəsiqəsi gəzdirməklə bu müqəddəs peşədən kimsə sui-istifadə edirsə, qanundan və etikadan kənar başqasına şər-böhtan atmaqla, nəhayət “kişilik” adına yaraşmayan hərəkətlərlə dövlət rəsmilərindən tutmuş cəmiyyətdə az-çox nüfuz sahibi olan hər kəsə (qadına, kişiyə fərq qoymadan) hədə-qorxu gəlməklə, şantaj etməklə pul qazanmaq istəyirsə onları jurnalist adlandırmaq mümkün deyil. Hətta bəziləri bunu qəsdən edərək həbs edilmək, 1-2 ildən sonra isə həbsdən çıxaraq daha yaxşı yaşamaq axtarışı ilə Avropaya getmək üçün əllərində əsas kimi istifadə edirlər.
E.Hüseynov qeyd edir ki, dəfələrlə həbs edilmiş və hətta bir dəfə uzun müddət xəstəxanada müalicə olunmuşam. Dərhal yadıma bir hadisə düşdü. Bir dəfə xəbər gəldi ki, hansısa kafedə polis bir qrup şəxsi saxlayıb, o cümlədən də Emin Hüseynov xəsarət alaraq xəstəxanaya aparılıb. Biz, bir qrup hüquq müdafiəçisi xəstəxanaya yollandıq. Emin Hüseynovun özünü xəsarət alan kimi göstərməsi, altdan-altdan isə bizi gözaltı süzməsi nəzərimizdən yayınmadı və biz, teatrda olduğumuzu zənn edərək oradan uzaqlaşdıq. Bizə məlum oldu ki, bu Eminə ona görə lazımdır ki, xaricə getsin və daha çox qrant alsın. Düşündüklərimiz bir müddət sonra həqiqətə çevrildi.

Həmin yazı və telematerialda Əli Novruzov adlı tanınmayan bir gənc, “Eurovision 2012” mahnı müsabiqəsi şəhərin bir çox yerlərini dağıdıb, orada bina tikmək istəyənlərin əlində yaxşı fürsətə çevrilib”, - deyə qeyd edir. Əslində heç kimə sirr deyil ki, “Eurovision 2012”-nin keçiriləcəyi məkanda əlavə heç bir tikintidən söhbət getmir. Ümumiyyətlə isə alıcılıq tələbatının aşağı düşməsi ilə əlaqədar olaraq son iki ildə Bakının heç bir yerində yeni binalar inşa edilmir. “Eurovision 2012” mahnı müsabiqəsinin Azərbaycanda guya problemlər yaratdığını qeyd etməklə öyrədilmiş və yalan fikirlər söyləyən bu gəncin görəsən məqsədi nədir?

Nə üçün “Şpigel” qəzeti və “ARD” telekanalı Azərbaycanda digər hüquq müdafiəçilərindən müsahibə götürmək istəməyiblər? Mövqelər üst-üstə düşməyəndə bu həmişə belə olur.

Bu gün xaricdən ən çox qrant alan bu şəxslər indi görünür qrant sahiblərinin tapşırığı ilə “Eurovision 2012”-nin Bakıda keçirilməsinə etiraz etmək kampaniyasına başlamaq və digərlərini də bu kampaniyaya cəlb etmək niyyətindədirlər.

“Şpigel” və “ARD” qeyd edir ki, ölkədə korrupsiya halları var.

Mən isə qeyd edirəm ki, ölkədə korrupsiya da, monopoliya da, rüşvət halları da mövcuddur. Amma nə üçünsə “Şpigel” və “ARD” qeyd etmir ki, keçən ilin əvvəlində ölkə prezidenti rüşvət və korrupsiyaya qarşı mübarizə məqsədilə bir çox sərəncamlar və fərmanlar vermiş, vətəndaşları da bu mübarizədə ictimai nəzarəti həyata keçirməyə, hökumətə kömək etməyə çağırıb.

“Şpigel” nə üçünsə yazmır ki, mənim də təmsil olunduğum qanunverici orqan olan Milli Məclis bu məqsədlə son bir ildə neçə-neçə qanunlara əlavə və dəyişikliklər edib. Milli Məclisdə təmsil olunduğum bir il ərzində 50 dəfədən çox televiziya ekranlarında və radioda çıxış etmişəm, KİV-də yazılar yazaraq rüşvət və korrupsiya hallarının qarşısının alınması məqsədi ilə qanunlarda edilmiş əlavə və dəyişikliklər haqqında vətəndaşları məlumatlandırmışam, qanunları şərh etmişəm.

BMT-nin Təhlükəsizlik Şurasına Azərbaycanın qeyri-daimi üzvü seçilməyi, “Eurovision 2012” qeyri-siyasi musiqi festivalının Azərbaycanda keçirilməyi hər bir azərbaycanlını qürurlandırmalı olduğu halda, bəzilərinin düşmən “dəyirmanına su tökmək” cəhdləri təəssüfedici və utandırıcıdır.

Bu ölkədə yaxşı və pis nə varsa, hamısı bizimdir.

Azərbaycan adına, milli maraqlar naminə beynəlxalq miqyaslı məsələlərdə birlikdə olmalı, düşməni sevindirməməli, daxildə olan narazılıqlarımızı sivil və hüquq çərçivəsində danışıqlarla öz aramızda həll etməliyik.

Unutmayaq ki, biz Azərbaycanlıyıq. Azərbaycansa hamımıza məxsusdur!