Turizm naziri

turizm-naziri-
Oxunma sayı: 664

Bu, nazirliyin mətbuat xidmətinin cavabıdır. Diplomatik dildə yazılıb. Elə bil Mədəniyyət və Turizm Nazirliyinin yox, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin cavabıdır. Etiraf edim ki, bu cavabı oxuyanda özümü pis hiss etdim. Əbülfəs Qarayevə yazdığım açıq məktubu bir daha təkrar oxudum. Gördüm hər şeyi açıq və aydın, konkret yazmışam. Öz qorxaqlığımı, acizliyimi etiraf etmişəm. Mədəniyyət adamlarının, incəsənət sahəsində çalışanların vəziyyətindən söz açmışam. Yəni, doğrudanmı vəziyyət bu qədər ağırdır? Və biz həqiqəti yalnız keçmişdə axtarmağa məhkumuq. O mənada ki, bir insanın başqa bir insanı başa düşməsini, anlamasını, düşmən də olsa, jest etməsini romanlardan oxumalıyıq, yaşlı adamların dilindən eşitməliyik.

Bir zamanlar Fərman Kərimzadənin romanlarını oxuyarkən insanların bir-birinə jest etmələri, qatı düşmən olsalar belə, qırmızı xətti keçməmələri, hətta bəzi məqamlarda bir-birinə inanmaları mənə ləzzət etmişdi. Görünür, mən özüm də həqiqətin yalnız keçmişdə olmasına inanmağa məhkumam. Görünür, kitablar məni korlayıb. Hansı ölkədə yaşadığımı, kimlərin bizi idarə etdiyini tam dərk edə bilməmişəm. Elə bilirdim realistəm, demə, reallıq hissini itirmişəm.

Nazir, yazıçı, mədəniyyət söhbətlərini qoyaq kənara, bir insanın bir insana açıq məktubla müraciətinə bu cür diplomatik dildə yazılmış təhqiramiz cavabı oxumaq, həzm etmək həqiqətən də ağırdır. Həmin açıq məktubu bir yazı nümunəsi kimi qiymətləndirənlər çox oldu. Sağ olsunlar. Bəziləri isə "gör kimə nə yazmısan",- dedilər. Görünür, onlar reallığı daha dəqiq dərk ediblər. Onlar bizi kimlərin idarə etdiyini daha yaxşı bilirlər. Axı mən Əbülfəs Qarayevə məktubu mədəniyyət və turizm naziri olduğu üçün yox, Qarayev soyadını daşıdığı üçün yazmışdım. Mən inanırdım ki, Əbülfəs Qarayevin damarlarında axan qanda mədəniyyətə, yazıya, məktuba, müraciətə bir qram hörmət hissi qalıbdır. Buna inanırdım. Demə, inanmalı deyilmişəm. Mövcud hakimiyyətin naziri hətta öz soyadından belə imtina etməlidir. Əgər bunun mədəniyyət naziri belə qəddar münasibət sərgiləyirsə, gör, güc nazirlikləri nələr edə bilərlər. Yaxud edirlər. Sən demə, mən nazirliyə rəsmi məktub yazsaydım, cavab ala bilərdim. Mən istirahət mərkəzinin, hər hansı otelin sahibi deyiləm nazirə rəsmi məktub yazam. Görünür, Əbülfəs Qarayev həm də mədəniyyət naziri olduğunu unudub, onu yalnız vəzifəsinin "turizm" tərəfi maraqlandırır. O zaman "mədəniyyət" sözünü nazirliyin adından çıxarsınlar, yerdə yalnız "turizm" sözü qalsın. Turizm naziri Əbülfəs Qarayev - belə daha səmimi alınar. Biz də öz işimizi bilərik və öz mənasız məktublarımızla cənab Qarayevi narahat etmərik.

Gör, hakimiyyət insanları necə günə qoyubsa, onlar hətta öz daşıdıqları soyadın tarixini, məsuliyyətini belə unutmağa, görməməyə məcburdurlar. Nə olub, dünyanın axırıdır? Bu hakimiyyət bu gün var, sabah yoxdur, Qarayev soyadı isə əbədidir. Yazıqlar olsun! Xəcalət çəkdim sizin yerinizə!

Sizə bir insan kimi, bir kişi kimi jest etməyə şans vermişdim, siz isə özünüzü gülünc vəziyyətə qoydunuz. Cənab Qarayev, növbəti məktubu sizə bir vətəndaş kimi yazacam. Yəni, hakimiyyət dəyişikliyindən sonra. Sağlıq olsun. Sizin hakimiyyətin ömrünə az qalıb. 2013-cü ildən sonra siz yəqin ki, öz soyadınızın ağırlığını, tarixini, məsuliyyətini daşımaqdan əzab çəkməyəcəksiniz. Tam tərsinə, öz soyadınızın ağırlığını, məsuliyyətini, tarixini dərk etməkdən, daşımaqdan zövq alacaqsınız.

mia.az