“Bu Azərbaycan və Türkiyənin milli maraqlarına cavab verir”

bu-azerbaycan-ve-turkiyenin-milli-maraqlarina-cavab-verir
Oxunma sayı: 645

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ ötən həftə təbii qazın alqı-satqısıyla əlaqədar Azərbaycanla Türkiyə arasında imzalanan müqavilə ilə bağlı olub. BAXCP İdarə Heyəti bu müqaviləni alqışladığını bəyan edib: "Təbii qazın alqı-satqısıyla əlaqədar Azərbaycanla Türkiyə arasında imzalanan müqaviləni alqışlayır, bu razılaşmanın iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcəyini, bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığı daha da sürətləndirəcəyini bildiririk. Eyni zamanda bəzi siyasi dairələrin və mətbuat orqanlarının müqavilənin əhəmiyyətinin azaldılmasına xidmət edən, eləcə də ictimai rəyin çaşdırılmasına yönəlmiş məqsədyönlü mülahizələrini və əsassız narahatlıqlarını bölüşmədiyimizi bəyan edirik. BAXCP İdarə Heyəti hesab edir ki, imzalanan müqavilə Azərbaycanın və Türkiyənin milli maraqlarına cavab verir".

BAXCP İdarə Heyəti bəzi siyasi qrupların təbii qazın alqı-satqı ilə bağlı müqavilədə Azərbaycanın Türkiyəyə güzəştə getməsi barədə fikirlərini də qəbul etmir: "Bəzilərinin iddia etdiyi kimi hətta təbii qazın alqı-satqısı ilə bağlı müqavilədə Türkiyəyə güzəştlər edilsə də belə, Azərbaycan tərəfindən qardaş ölkəyə münasibətdə belə bir davranışın sərgilənməsi təbii qəbul olunmalıdır".

BAXCP İdarə Heyəti Azərbaycan hökumətinin Türkiyənin Van bölgəsində baş vermiş zəlzələdən sonra fəlakət bölgəsinə ilk olaraq yardım göstərməsini və hadisəyə çevik reaksiya verməsini yüksək qiymətləndirdiyini bildirib. BAXCP hesab edir ki, Azərbaycan hökumətinin nümayiş etdirdiyi səmimi qardaşlıq münasibəti, eyni zamanda azərbaycanlı xilasedicilərin yüksək peşəkarlıqları və fədakar davranışları qardaş ölkədə Azərbaycanın nüfuzunun yüksəlməsinə zəmin yaradıb. BAXCP İdarə Heyəti üzvləri əsil dostluq və qardaşlıq nümunəsi olan bu əzmkar fəaliyyətdən məmnunluq hissi keçirdiklərini və buna görə azərbaycanlı xilasedicilərə minnətdar olduqlarını bildiriblər.