“Bu, böyük vəsait tələb edir”

bu-boyuk-vesait-teleb-edir
Oxunma sayı: 1891


"Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi artıq beynəlxalq enerji və ondan sonra nəqliyyat dəhlizinin açılmasına xidmət göstərib. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdirilib və bu tarixi hadisə özlüyündə böyük nailiyyət idi, ancaq eyni zamanda digər mühüm layihələrin icrasına gətirib çıxarmışdı." Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

Prezident bildirib ki, bu gün nəqliyyat və energetika sektorundakı işləri bir-birindən ayırmaq mümkün deyil. Qədim "İpək Yolu"nun bərpası artıq reallıqdır: "Bu "İpək Yolu"nu biz zənginləşdiririk, yeni infrastuktur layihələri ilə təkmilləşdiririk".

Dövlət başçısının sözlərinə görə, bu layihələr bizim xalqlarımızı, iqtisadiyyatımızı birləşdirir və neft-qaz sektorundakı əməkdaşlıq çoxşaxəli əməkdaşlıqdır: "Burada bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Əlbəttə ki, bu gün gündəlikdə olan məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşməsidir və bu istiqamətdə müştərək səylərlə böyük işlər görülmüşdür, həm ikitərəfli formatda, həm üçtərəfli formatda. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq bizim ölkələrimizdə iqtisadi inkişaf çox sürətlidir və bizim ölkələrimizin maliyyə durumu da yaxşıdır. Belə olan halda mütləq gələcəkdə də böyük nəqliyyat layihələrinə vəsait ayırmalıyıq. Onların içində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, bizim ölkələrimiz tranzit ölkələrinə çevriləcəklər. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində bizim xalqlarımıza xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir".

İlham Əliyev əmindir ki, yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsi qeyd ediləcək və beləliklə tarixi "İpək Yolu"nu bərpa etmiş olacaq: "Bilirəm ki, Əməkdaşlıq Şurasına üzv ölkələrdə böyük nəqliyyat layihələri həyata keçirilir və hər bir ölkə üçün bu layihələr çox böyük əhəmiyyət kəsb edir və bu layihələr birlikdə bölgənin yeni nəqliyyat xəritəsini təşkil edir. Bu gün bizim ölkələrimiz uğurla və inamla inkişaf edir".