“Bu Ermənistanı Azərbaycanın zərbələrindən qorumağa yönəlib”

bu-ermenistani-azerbaycanin-zerbelerinden-qorumaga-yonelib
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, bu bəyanatla Qarabağ Azadlıq Təşkilatı (QAT) çıxış edib. QAT-ın bəyanatında bildirilib ki, bu ölkələrin tərəfləri “dialoqu davam etdirməyə” çağırmaları işğal zonasında status-kvonun saxlanılmasına, işğal olunmuş ərazilərdə Ermənistanın mövqeyinin möhkəmləndirilməsinə və Ermənistanın həmişəlik həmin ərazilərdə qalmasına xidmət edir. Bəyanatda həmçinin bu ölkələrin qeyd olunub ki, tərəflərə “öz xalqlarını sülhə hazırlamaq” təklifi əslində yalnız Azərbaycan hakimiyyətinə ünvanlanmış və Azərbaycan xalqını təslimçi sülhə məcbur etmək istəyindən başqa bir şey deyildir: “Həmsədr dövlətlərin son dövrdə fəallaşmasının əsas məqsədi istənilən yolla Azərbaycanı işğalçı Ermənistana qarşı hərbi əməliyyatlardan çəkindirməkdən ibarətdir. Bu siyasət Ermənistanı Azərbaycanın mümkün zərbələrindən qorumağa yönəlib. Burada həmsədr ölkələrin geostrateji və iqtisadi maraqları, həmçinin xristian təəssübkeşliyi üstünlük təşkil edir. İşğalçı və terrorçu Ermənistanın bu qədər vaxt ərzində açıq şəkildə himayə olunmasına başqa ad vermək mümkün deyildir. Əgər belə olmasaydı, həmsədr dövlətlər adi iqtisadi sanksiyalar vasitəsi ilə çox az vaxt ərzində Ermənistanı öz işğalçı hərəkətlərindən geri çəkilməyə məcbur edə bilərdilər. Bu baş vermirsə, deməli, həmsədr ölkələrin rəhbərləri işğalçı Ermənistanla həmfikirdirlər”. QAT ona görə də Azərbaycanın onların vasitəçiliyinə hansısa ümidlər bağlamasının mənası olmadığını vurğulayıb.

QAT hesab edir: “Azərbaycan hakimiyyəti Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməli, bu formatda aparılan danışıqları dayandırmalıdır. Azərbaycan özünə və öz xalqına hörmət edirsə, bu 3 dövlətin xalqımızı alçaltmaqda və təhqir etmək davam etmələrinə imkan verməməli, xalqımıza şərəfsizlik gətirən bu praktikaya son qoymalıdır. Biz bir daha bildiririk ki, hakimiyyət özündə qətiyyət tapıb işğalçı Ermənistana qarşı müharibəyə başlamalıdır. Başqa yol yoxdur”.

Səidə Teyyubqızı