Bu il məktəbləri 101 521 şagird bitirəcək

bu-il-mektebleri-101-521-sagird-bitirecek
Oxunma sayı: 701

2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101 521 şagird bitirəcək. Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu göstərici ötən il 98 800 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir.

Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25 800-ə, IX sinfini isə 35 300-ə yaxın şagird bitirəcək. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118 947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 98 113 tələbə oxuyur. Onlardan 90 360 nəfəri bakalavr, 7 753 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alır. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24 088 nəfər tələbə təhsil alır ki, onların da 20 683 nəfərini bakalavrlar, 3 405 nəfərini isə magistrlər təşkil edir.

Özəl ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə 18 980, magistratura səviyyəsində isə 773 nəfər olmaqla, cəmi 19 753 tələbə təhsil alır.

Nigar Məmmədli