Bu qədər insanı İŞİD ilə nə bağlayır?

bu-qeder-insani-isid-ile-ne-baglayir
Oxunma sayı: 2481


“Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir... Bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı.  «Nə baş verir» sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur.  Belə misalların və sualların sayını istənilən qədər artırmaq olar.” Bu sözləri Azərbaycan prezidentinin icra apparatının rəhbəri Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə keçirilən iclasda söyləyib. R.Mehdiyevin nitqindəki həyəcan boşuna deyil. Çünki İŞİD müasir dünyamızın aktual problemlərindən birinə çevrilib.

Suriya İnsan Haqları Müşahidə təşkilatının məlumatına əsasən 2014-cü ilin avqust ayında İŞİDin silahlı qüvvələrinin Suriyada 50.000, İraqda 30.000 olduğu göstərilir.   CIA isə 2014-cü ilin sentyabrında təşkilatın Suriya və İraqda 20.000 ilə 31.000 arasında savaşçısı olduğunu elan etmişdir. 

Türkiyə istihbarat birimlərindən gələn xəbərlərə görə isə hal-hazırda İŞİDin tərkibində 600-700 vətəndaşının olduğu təxmin edilir. Avropa Birliyi bu yaxınlarda İŞİD tərkibində 3361 avropalının döyüşdüyünü elan etdi. Maraqlısı odur ki, Avropadan getmiş döyüşçülər sığınacaq almış mühacirlər deyil. Qərb dəyərlərində böyümüş insanlardır. Vəziyyətin kritikliyi az-çox bu mənzərədən görünür. İnsanlar dünyanın hər yerindən axın-axın İŞİDin tərkibində savaşmaq üçün gedirlər. 

Maraqlıdır, bəs bu qədər insanı İŞİD ilə nə bağlayır?  Hansı maraq onları öz rahat evlərindən çıxarıb dağa-daşa salır? Bu bir faktdır ki, İŞİDin tərkibində bu qədər çox ordunu heç bir pul ilə əldə etmək olmaz. Bu da onu göstərir ki, bu insanları İŞİD-in ətrafına toplayan maraq, əslində, ideologiyadır. 

Bəs İŞİD nədir, nə zaman yaranmışdır?

İŞİD İraq müharibəsinin ilk illərində yaranıb. 2004-cü ildə Əl-Qaidəyə bağlı olan bir qrup İraq Əl-Qaidəsi olaraq tanınmağa başladı. Bu qrupun məqsədi İraq və Levandda süni təriqətli əhalinin çox yaşadığı yerlərdə xəlifəliyi qurmaq idi. 2014-cü ilin fevral ayında isə gərgin mübarizənin ardından Əl-Qaidə İŞİD ilə bütün əlaqələrini kəsdiyini elan etdi. 

İŞİD İraq müharibəsinin kəskin hiss edildiyi Ənbər, Ninəvə, Dayalə, Babil, Kərkük adlı ərazilərdə təsirli oldu. Bakubanı paytaxt elan etdi. Suriyanın İdlib, Raqqa və Hələb bölgələrində savaşaraq üstünlük əldə etdi.  Xüsusilə,  2013-cü ilin aprel ayından etibarən İŞİD Suriyanın şimalında sürətlə hərbi güc qazanmağa başladı. Bu təşkilat Suriyada üstün olduğu bölgələrdə şəriət qanunlarını tətbiq etməyə başladı.  

Medya və mətbuatda İŞİD barədə elə gün olmur ki, məlumat verilməsin. Ancaq bu təşkilat haqqında söylənilənlər, yazılanlar heç də obyektiv və hərtərəfli araşdırılmır, əksinə imperialist güclər öz maraqlarını qoruyaraq fikir bildirir ki, bu da bizə məsələni hərtərəfli görməyə mane olur.