“Bu sahə təkcə bizim üçün önəm kəsb etmir” - Prezident

bu-sahe-tekce-bizim-ucun-onem-kesb-etmir
Oxunma sayı: 1139

“Bizim hədəfimiz Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, bu sahəyə böyük sərmayələr yatırılıb: “Biz ölkəmizi qonşu ölkələrlə birləşdirən bütün magistrallarımızı müasirləşdirmişik. Biz altı beynəlxalq hava limanını inşa etmişik və həm sərnişindaşıma, həm də yükdaşımalar üçün təyyarə parkımızı yeniləmişik. Biz dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi mərhələsindəyik. Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması var, 300-ə yaxın gəmimiz var. Bakıda bütün növ gəmiləri inşa edə bilən müasir gəmiqayırma zavodumuz var və biz faktiki olaraq bu işləri görürük. Gələn il biz Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanını istismara verəcəyik. Bu limanın maksimum yükqəbuletmə, yükgöndərmə tutumu ildə 25 milyon ton olacaq. Bütün bu işlər qonşularımız, yaxın qonşularımız və o qədər də yaxın olmayan qonşularımızla əlaqə yaratmaq üçün görülür”.

Prezident bildirib ki, Şərq-Qərb Nəqliyyat Dəhlizi tezliklə fəaliyyət göstərəcək: “Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qərbə doğru gedir və bu yol da Azərbaycan ərazisindən keçir və Azərbaycan buraya da sərmayə yatırıb. Bu, əlbəttə ki, bizə qeyri-neft sektorundan gələcəkdə daha çox pul qazanmaq imkanı verəcək”.