“Bu zavod kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq”

bu-zavod-kend-teserrufatinin-inkisafinda-muhum-rol-oynayacaq
Oxunma sayı: 1069

“Dövlət başçısı İlham Əliyev qeyri-neft sektorunda istehsal olunan və Azərbaycan brendi ilə tanınan məhsulların dünya bazarlarına ixracını prioritet vəzifə kimi qarşıya qoyaraq, bu istiqamətdə biri-birindən önəmli addımlar atır. Məqsədə çatmaq üçün ilk növbədə özəl sektorda hazırlanan mallara tələbat yerli potensial hesabına ödənilməli, idxal azaldılmalıdır. Aparılan iqtisadi islahatlar və həyata keçirilən layihələr nəticəsində bu məqsədə yüksək səviyyədə nail olunur”.

 “Qafqazinfo” xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihə olan “SOCAR karbamid” zavodunun istehsala başlaması azot kübrəsi idxalına ehtiyacı aradan qaldıracaq:

“Bu zavodun işə düşməsi, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Məlumdur ki, bu günədək azot kübrələri Azərbaycana idxal edilirdi. Zavodun istifadəyə verilməsi ilə həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də istehsal olunan məhsulun təxminən 70 faizi ixrac ediləcək. Zavodun tikintisində xarici tərəfdaşlar da iştirak edib. Birgə səylərin göstərilməsi əsasında beynəlxalq standartlara cavab verən müəssisənin yaradılması mühüm əməkdaşlıq nümunəsinin göstəricisidir. Bu gün xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır. Dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalaşdırılması və bu istiqamətdə davamlı addımların atılması bir məqsədə xidmət edir ki, vətəndaş amilinə verilən dəyərin göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunsun”.