Daş kimi “Daş yuxular”

das-kimi-das-yuxular
Oxunma sayı: 657

Çoxdandı yazmırdım. Yazmadığımdan Əkrəm Əylislinin “Daş yuxuları” DAŞ olub başımıza dəyəndə də səbr etdim. Amma onu müdafiə edənləri dinlədikcə, gec də olsa özümün yazmaq haqqımı tanıdım. Məqsədim heç də bu əsər haqqında yazmaq, fikir bildirmək, müəllifinin şəxsiyyətindən, qələmindən danışmaq deyil. Oxucu olaraq şəxsən mən Əkrəm Əylislini bir yazıçı kimi çoxdan itirmişdim və onu bir də axtarmırdım.

Ancaq onu müxtəlif yanaşmalarla müdafiə edənlərin fikrilərini oxuyandan və dinləyəndən sonra susmaq elə yeni bir “Daş yuxular” yazmaq kimi bir işdir deyə düşündüm. Hansı baxış bucağından görəsən bu əsərə haqq qazandırmaq olar deyə özüm-özümə azı yüz dəfə sual verdim, bütün həndəsi bucaqları sərfi-nəzər etdim. Amma elə bir nöqtə tapa bilmədim ki, mən də müdafiəçiləri müdafiə edim.

Bu əsərlə xalqın, millətin heysiyyatı nə qədər tapdanıbsa, ölkə gündəmində aşağı-yuxarı hələ də dartışılır və öz yerini başqa hadisəyə vermir. Nə sabiq deputat Gülər Əhmədovanın həbsi, nə də dayanmadam əsən “şimal küləyi” gündəmdən elə bu daş ağırlıqda “Daş yuxular”ı çıxara bilmir. Bəs nədən bu qədər maraqlı və nüanslı həbs, elə ötən əsrin 20-ci ilindəki qədər təhlükəli “şimal” hədəsi Əkrəm Əylislini gündəmdən çıxarmır və bulanıq göl zəlisi kimi millətin qanını sorur. Haşiyə kimi deyək ki, zəlinin tibbi əhəmiyyətini hamı bilir. Bulanıq göl zəlisinin isə fəsadının olmayacağına təminat yoxdur. Əylislinin bu əsəri də elə bulanıq göl zəlisi kimi bu gün olduğundan qat-qat artıq fəsadını gələcəkdə göstərəcək. Başımızı qaldırıb səsimizi çıxaran kimi, Əkrəm Əylisli qarşımıza çıxacaq. Elə ona görədir ki, harada olursan-ol, kiminlə danışırsan-danış Əkrəm Əylisli niyə belə etdi deyə sual verirlər. Təəssüf ki, millətin içindən onun müdafiəçiləri də tapılır. Özü də savadı, səviyyəsi millətə xidmət etməyə çatan bəzi şəxsləri müdafiəçi rolunda (bəli, məhz rolunda, çünki onların Əkrəm Əylislinin bu əsərini səmimi müdafiə etdiklərinə inanmaq istəmirəm) görəndə “daş” əsəblər də dözmür. Axı, o özünü müdafiəyə bir addım da olsun əlyeri qoyubmu? Bəziləri əsəri pisləməklə, onun özünü müdafiə edirlər. Amma fərqi nədir, əsər ya müəllif? O əsəri o müəllif yazmayıbmı? O müəllif bundan sonra hansı əsəri hansı DİLdə yazacaq hələ bir özü bilir, bir də sifarişçilər. Mənə görə bu əsər sifarişlidir və sifariş verənlər də çap edib.

Müdafiəçilərin alibisi bundan ibarətdir ki, bu bir ədəbiyyatdır, söz azadlığıdır. Doğrudan da jurnalistlərdən, ziyalılardan, ədəbiyyat adamlarından bu sözü eşitməmək üçün karlıqdan başqa çıxış yolu yoxdur. Söz azadlığının milləti şərləmək olduğunu ilk dəfə eşidirəm. Yaxud da deyilir ki, bu bizim tolerantlığımızın nümunəsi sayıla bilərdi, əfsuslar, buna imkan verilmədi. Adamın millətinə böhtan atmasını tolerantlıq nümunəsi olduğunu kim kəşf edib görəsən? Reallıq isə budur ki, ədəbiyyat nümunəsi deyilən bu əsər istəsək də istəməsək də, bir zaman saxta erməni tarixinin yazılmasında istinad nöqtəsi olacaq. Bu müdafiəçilərin menyusuna bir nümunə çəksək, məncə yerinə düşər. Onların hansına rus zadəgan həyatının müsbət və mənfi cəhətləri haqda sual etsən, dərhal pafoslu nümunələrlə Tolstoyun, Dostayevskinin əsərlərindən misal çəkəcəklər. Qərb kapitalizminin vəhşi obrazını izah etmək üçün Drayzerdən sitatlar gətirəcəklər. Suyun da əhəmiyyətini soruşsan “su həyat mənbəyidir” deyib, ardınca da Nizaminin məşhur beytini söyləyəcəklər:

Bir inci saflığı varsa da suda,
Artıq içilən də dərd verir o da.

Mübaliğəsiz, çoxunun cavabı bu olacaq. Bütün bəşərin xislətidir bu. Daha çox ədəbi nümunələrə istinad edilir. Kimyaya, coğrafiyaya, həndəsəyə bir iki adam istinad edəcək ki, onlar da bu sahənin alimləri. Qalan hamı ədəbiyyatdan danışacaq, ilk öncə ədəbiyyata söykənəcək. Heç tarixi yada salan, xronoloji ardıcıllıqla illəri xatırladan olmayacaq. Belədə bu ədəbiyyat nümunəsidir deyib, riyakarlıq etməyin adı nədir? Əkrəm Əylisli ilə eyni düşüncəni daşımaqmı? Kimdənsə inciklik, hakimiyyətə etiraz, iqtidarı qəbul etməmək bu haqqı kiməsə verirmi? Bu millətə həqarətdir. Əkrəm Əylisli bu əsərində heç bu gün onun müdafiəçisinə çevrilən, özünü demokrat sayanlara da haqq tanımayıb axı! Köhnə və müasir tarixi də ləkələyib. Zori Balayan da deyir Qarabağa, Naxçıvana gəlməsiz, Əkrəm Əylislinin də məntiqi budur. Ötən əsrin 90-cı illərində ermənilər, Qorbaçov, Yazov necə deyirdilər bəs? Onlar da, ermənilər də deyirdi ki, “ekstremistlər” milli düşmənçiliyi qızışdırır, cinayət işlədir, yolları minalayır, evləri, körpüləri bombalayır, insanları əsir götürürlər. İndi bu müdafiə sindromu ilə elə Qorbaçova da, Yazova da haqq qazandırsaydınız nə olardı? Ax bir zaman elə onlar da bizə cinayətkar deyirdilər, erməniləri məzlum hesab edirdilər? Onda nədən Fransa Senatı “erməni genosidi” deyilən yalançı qanun layihəsini qəbul etmək istəyərkən onlarla həmrəylik bəyanatları vermədiniz? Doğrudanmı xalq hərəkatında meydanlara çıxan insanlar cinayətkar idimi? Əkrəm Əylislini müdafiə edənlərə bu sualı versən “yox” deyəcəklər, Qorbaçovu, Yazovu cinayətkar sayacaqlar. Elədə Əkrəm Əylislinin yazdığı Qorbaçovun, Yazovun dediklərindən nə ilə fərqlənir? Əksinə onun yazdıqları Azərbaycanın düşmənlərinin dediklərindən daha təsirlidir. Bəs onda hansı məntiqlə Qorbaçov, Yazov müdafiə olunmur, Əkrəm Əylisli müdafiə olunur? Bu fərqi kimsə izah edə bilərmi?

Bu əsərin və onun müəllifinin ruhuyla ötən əsrin əvvəlində Bakı, Şamaxı qırğınlarını, Quba soyqırımını, əsrin sonunda isə yaxınlarda 21-ci ildönümünü keçirəcəyimiz Xocalı faciəsini də ermənilər törətməyib. Elə onu müdafiə edənlərin təbirincə də.

Əkrəm Əylislinin Azərbaycan xalqına həqarəti, 200 il sonra da onun “Daş yuxular”ı DAŞ kimi başımıza dəyəcək. Millətin iliyinə qədər bu ağrı hopacaq. Bir gözəl deyim bu günlərdə diqqətimi çəkdi: İçimizi göynədəcək. Bundan artıq nə etmək olardı ki?! Əkrəm Əylisli yenə də daşımağa haqqını itirdiyi “İstiqlal” və “Şöhrət” ordenlidir...Bilmirəm belə bir praktika var ya yox, amma məncə şöhrəti millətin, fəaliyyəti istiqlalın əleyhinə olduğundan onu bu yüksək mükafatlardan da məhrum etmək zamanıdır.