Dələduzluqda təqsirləndirilən icraçı direktor və işçisi azadlığa çıxdı

deleduzluqda-teqsirlendirilen-icraci-direktor-ve-iscisi-azadliga-cixdi
Oxunma sayı: 1823

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan iş adamı İlham Qasımovun bacısı oğlu, dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirli və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun  məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Cahangirli və A.Əşrəfovun hər birinə şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb. 

İttihama görə, S. Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Anar Əşrəfov da MTK-da vəzifə tutub. Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Hər iki şəxs özünü təqsirli bilmədiyini deyib. 

"Real" MTK-nın rəhbəri İ.Qasımov milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 12 ilə endirib. 

İ.Qasımov  "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb. 

Murad Əhməd