Dollar Yaqubdan Eldar Mahmudova…

dollar-yaqubdan-eldar-mahmudova
Oxunma sayı: 10585

Nadir Qocabəyli

Mətbuatda Milli Təhlükəsizlik nazirliyinə işə, MTN-in Heydər Əliyev adına Akademiyasına qəbulların qiymətləri yayılıb.

Yazılanlara görə, “İlk dəfə işə qəbul edilən, birbaşa nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70 min dollar, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50 min dollar rüşvət tələb edilib. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150 min dollar, dinləyici kimi qəbula isə 30 min dollar rüşvət tələb edilib.

Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40 min dollar, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15 min dollar rüşvət tələb edilib.

Bundan əlavə, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500 min dollar, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200 – 500 min dollar civarında (həmin rayonun varlı və ya kasıb olması baxımından) rüşvət tələb edilib. Əldə edilən rüşvətin 10 faizi Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatova, 30 faizi Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevə, 60 faizi isə nazir Eldar Mahmudova çatırmış”.

Bəli, təkcə MTN-lə bağlı olmayan bu məsələ gözəlim Azərbaycanımızı on illərdir inkişafdan saxlayan, onu didib-parçalayan, dünyada rüsvay edən dəhşətli bir xəstəlikdir və təəssüflər olsun ki, bu ölkədə həyata göz açan hər kəs ağlı kəsəndən bu mərəzin xalqımızı daxildən məhv etdiyini hər gün görməkdədir. Bundan əvvəlki yazımda Eldar Mahmudovun, iqtisadçı akademik atasının sözünün keçdiyi və qəbulun o vaxtlar 15-20 min manata olduğu “Narxoz” adlanan ali məktəbdə oxuduğunu, sonra uzun illər OBXSS (tərc: sosialist mülkiyyətini talayanlara qarşı mübarizə şöbəsi) adlanan rüşvətyığma idarəsində işlədiyini təsadüfən yazmamışdım. Təəssüflər olsun ki, xalqımız ən azı yarım əsrdir ki, son dərəcə ziyanlı bir ənənəni ciddi-cəhdlə qoruyub saxlamaqda və gələcək nəsillərə ötürməkdədir. Ali məktəblərə və dövlət vəzifələrinə rüşvətlə qəbul, onların qiymətlərinin ölkədə hər kəsə bəlli olması yeni söhbət deyil. Mənim ADU-ya çox çətinliklə (orta məktəbi qurtardıqdan 5 il sonra) qəbul olunduğum 80-ci illərdə də hər bir ali məktəbin və fakültənin konkret qiymətləri vardı. Məsələn, Tibb İnstitunun müalicə-profilaktika fakültəsinin qiymətinin 30 min dollardan yuxarı olduğu deyilirdi. Özü də sonradan bir müddət Ali Sovetin sədri olan o zamankı rektor Yaqub Məmmədova xalq arasında “Dollar Yaqub” deyirdilər. Dolların populyar olmadığı sovet dövründə, deyilənə görə, təkcə o, rüşvəti məhz dollarla alıdığına görə bu ayamanı qazanıbmış. O vaxt Azərbaycan KP MK-nın Birinci katibi Kamran Bağırovun böyük qardaşı Faiq Bağırzadənin rektor olduğu Dövlət Universitetində də qəbul qiymətləri əl yandırırdı: hüquq – 30 min manat, biofak – 25 min manat, tarix – 20 min manat, filologiya – 15 min manat və s. Şərqşünaslığa, ümumiyyətlə, ancaq nazir balalarının götürüldüyünü deyirdilər. Yaxşı yadımdadır, mən də sənədlərimi ilk dəfə Şərq fakültəsinə aparmışdım, amma qəbulda oturan Malik Qarayev mənə açıq-aşkar dedi ki, “bura nazir uşaqları üçündür.”

Məzun olduqdan sonra işə düzəlmək də müvafiq qaydada rüşvət, tanışlıq, klan, qohumluq əlaqələri vasitəsilə həyata keçirilirdi. Bütün bunlar, təbii olaraq, rüşvətə, müftəxorluğa meyilli, ya da bunlara imkanı olmayan insanların narazılığına səbəb olur, sosial gərginliyi artırırdı. Nəticə özünü SSRİ kimi nəhəng bir dövlətin dağılmasında göstərdi. 80-ci illərin sonları və 90-cı illərin əvvəllərində meydanlara toplaşıb, etiraz edən kütlənin böyük hissəsi məhz sosial ədalətsizliklə üzləşmiş insanlar idi. Amma bu insanlar bilmirdilər ki, inqilabı ilk növbədə öz daxillərində etməlidirlər.

Azərbaycanda rüşvət və korrupsiyanı, tələbə biletlərinin, dövlət qulluqlarının pulla satılmasını konkret şəxsin adıyla bağlayanlar da var. Ancaq mən bu yanaşma ilə razı deyiləm. Universitetə imtahan verdiyim və oxuduğum illərdə ora rəhbərlik edən bir neçə rektorun heç biri qəbuldakı rüşvət olayını aradan qaldıra bilmədi, halbuki onların hər biri ayrı-ayrı hakimiyyətləri təmsil edirdilər. Konkret şəxsi, yaxud hakimiyyəti bu çirkin ənənəni Azərbaycana gətirməkdə deyil, onun qarşısını almaq istəməməkdə, yaxud ala bilməməkdə günahlandırmaq olar. Amma səbəb birmənalı olaraq ölkəmizdə əliəyriliyə meyilli insanların dürüstlərə nisbətən çoxluqda olmasındadır.

Məgər bu gün qəbul təkcə MTN Akademiyasına rüşvətlə aparılır? Polis Akademiyasında, Hərbi Akademiyada, Fövqəladə Hallar Akademiyasında hər şey qaydasındadır və heç bir rüşvət yoxdur? Yəni bu ölkədə təkcə MTN strukturlarındakı vəzifələr pulla satılır? Guya DİN-də, FHN-də, Təhsil, Səhiyyə, İqtisadiyyat, Sosial təminat, lap elə Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Gənclər nazirliklərində, komitə və idarələrdə vəzifələrə təyinatlar şəffaf, obyektiv, düzgün həyata keçirilir? Əminəm ki, yox və bunu bu ölkədə yaşayan hər kəs bilir.

Bundan çıxış yolu varmı? Əlbəttə, var! Çıxış yolu siyasi iradəylə xalqın iradəsinin birliyindədir. Hər kəsin ilk növbədə öz daxilində inqilab etməsindədir. Son zamanlar bu məsələlərlə bağlı ciddi mesajlar verən dövlət başçısı, xalqa açıq mətnlə müraciət edir, onu fəal olmağa, neqativlərə göz yummamağa, çirkli işlərə, rüşvətə, korrupsiyaya bulaşmamağa dəvət edir. Məncə, xalqımız bu çağırışı düzgün qiymətləndirməli, öz daxilində inqilab edib, onu içindən gəmirib yeyən bu qorxunc mərəzdən qurtulmağı bacarmalıdır.