Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

dovlet-sosial-mudafie-fondunun-gelirleri-artib-
Oxunma sayı: 639

DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, hesabat dövründə Fondun gəlirlərinin 62,2 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 37,6 faizini dövlət büdcəsindən ayırmalar, 0,2 faizini isə sair daxilolmalar təşkil edir.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 11,6 faiz və ya 71,4 mln. manat artaraq 684,9 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 57,6 faizi və ya 394,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,9 faiz və ya 45,2 mln. manat artıb. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 15,9 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 22,9 faiz artıb.

2011-ci ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 290,5 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz və ya 26,2 mln. manat artıb.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2,2 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2011-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1059,6 mln. manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1034,4 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 74,7 mln. manat və ya 7,8 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 7,5 faiz və ya 70 mln. manat artaraq 1002,5 mln. manat təşkil edib.
2011-ci ilin ilk 7 ayında əhaliyə 31,9 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 33,4 faizi hamiləliyə və doğuma görə, 26,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,4 faizi dəfn üçün, 22,4 faizi isə digər müavinətlərin payına düşür.

Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 25,2 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisindən 6,3 mln. manat və ya 20 faiz azdır.

Nigar Məmmədli