Dünya xəritəsində tolerantlıq mərkəzi - Azərbaycan

dunya-xeritesinde-tolerantliq-merkezi
Oxunma sayı: 1908

Niyaz Niftiyev

Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamışlar. Ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Prezident İlham Əliyevin dediyi kimi: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir".

***

Təsadüfi deyil ki, ölkə prezidentinin mədəniyyət və din sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində Azərbaycan dünyanın tolerantlıq mərkəzinə çevrilib. Hələ 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında İlham Əliyevin irəli sürdüyü təkliflər tədbirin beynəlxalq əhəmiyyətini daha da artırıb. Konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olmuşdur: "Mən çox istərdim ki, bu gün əsası qoyulan "Bakı prosesi" uzun müddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin".

Açılış mərasimində çıxış edən Avropa Şurasının baş katibi Teri Devis isə konfransın keçirilməsini bütün Avropa üçün əlamətdar hadisə olduğunu bildirmiş və qeyd etmişdir ki, "Bakı öz tarixi ilə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimal ilə Cənub arasında təbii körpüdür".

Bir az sonra - 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı keçirildi. Təsadüfi deyildi ki, tədbirə Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət edilmişdi. Yenə də dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası dialoqa dəstək siyasəti öz təntənəsini tapdı. Azərbaycanın timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti, əslində, böyük dövlətlərə multikulturalizm dərsi keçir. Eyni zamanda, dinlərin harmoniyada olmasının mümkünlüyü ideyasını təlqin edir və bunu, təkcə, sözdə deyil, həm də əməli işdə təsdiq edir.

Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb, daha qlobal səviyyəyə yüksəltməyə imkan verir. Bu mənada "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun (World Forum for Intercultural Dialogue) keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun ölkəmizdə təşkili İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin, ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir.

Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə Forumun hər iki ildə bir dəfə keçirilməsi ilə bağlı Prezidenti İlham Əliyev 2011-ci il mayın 27-də Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkə başçısının himayəsi və iştirakı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etdilər.

2015-ci il mayın 18-19-da “Bakı prosesi” çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda bir daha sübut olundu ki, "Bakı prosesi" ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən, malik olduğumuz mehriban birgə yaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir. Yəni, "Bakı prosesi" həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Bu fakt ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmlədir və müxtəlif mədəniyyətlər arasında körpü rolu oynamasını təmin edir, həmçinin Azərbaycan dövlətinin təşəbbüsü beynəlmiləl status qazanır.

2014-cü il 28 fevral tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi, bir az sonar isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı kimi qiymətləndirmək olar.

***

Ölkəmizin bu nailiyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti olduqca əhəmiyyətli rol oynayır.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.

2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbir iştirakçıları irqi, etnik, dini və gender müxtəlifliyi zəminində dözümsüzlüyün və ksenofobiyanın yayılması ilə bağlı ümumi narahatlıqlarını bildirməklə yanaşı, bu kontekstdə dünyanın mədəni müxtəlifliyinə dair mədəniyyətlərarası və dinlərarası dialoqun artan rolunu qeyd etdilər.

Tədbirdə qəbul edilən Bakı Bəyannaməsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında qadınların oynadığı mühüm rol, bunun sayəsində dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi vurğulandı və beynəlxalq birlik naminə sülh uğrunda dialoqun bütün proseslərində qadınların bərabər iştirakına şərait yaradacaq mühitin təmin olunmasına çağırış edildi.

***

2012-ci ilin noyabrın 27-də BMT-nin Cenevrədəki Baş Qərargahında - Millətlər Sarayında İnsan Hüquqları Şurasının Azlıq məsələləri üzrə Forumunun 5-ci sessiyası keçirildi. Sessiya BMT-nin 1992-ci ilin dekabrında qəbul olunmuş "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"nin 20 illiyinə həsr edilmişdi.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidentin köməkçisi, Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov etnik və dini azlıqların müdafiəsi sahəsində Milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq, ölkəmizdə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verdi, tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində görülən tədbirlərdən bəhs etdi.

Əli Həsənov postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, eyni zamanda, dilinin və mədəniyyətinin inkişafına dövlət

yardımı haqqında Prezident Fərmanının imzalandığını, Azərbaycan Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqlarının təsbit olunduğunu vurğuladı.

***

Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi sonuncu mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, respublikamızda din-dövlət münasibətləri möhkəm və sağlam təməl üzərində qurulub: "Deyə bilərəm ki, Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır. Əlbəttə, burada Ulu öndərin və Şeyx həzrətlərinin şəxsi dostluğu öz rolunu oynamışdır və bu gün bütün istiqamətlər üzrə olduğu kimi, bu sahədə də ənənələr, ardıcıllıq davam edir. Bizim də Şeyx həzrətləri ilə dostluğumuz həm ürəyimizdən gələn bir sifarişdir, bir duyğudur, eyni zamanda, ölkəmizin inamlı inkişafı üçün də mühüm amildir. Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir".

Prezident İlham Əliyev daha sonra bildirdi ki, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir və sadiq olaraq qalacaqdır: "Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur".

Dövlət başçısı multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumların, məhz, Azərbaycanda keçirilməsinin heç də təsadüfi olmadığını diqqətə çatdırdı: "Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Gələn il Bakıda birinci Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Yəni, bu, nadir bir vəziyyətdir. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyllərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur. Biz çalışırıq, çalışmalıyıq və öz səylərimizi daha da artırmalıyıq ki, dünyada bu meyllər müsbət istiqamətdə getsin".

***

Yuxarıda qeyd edilənləri ümumiləşdirib bir cümlə ilə ifadə etsək, qəti əminliklə deyə bilərik ki, Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir. Bu, təkcə, ölkədə yaşayan milli və etnik azlıq nümayəndələrinin deyil, həm də beynəlxalq aləmin səmimi etiraflarıdır.