Ərinin yanmış nəşinin külünü tatu etdirən qadın...

erinin-yanmis-nesinin-kulunu-tatu-etdiren-qadin
Oxunma sayı: 6365

Raminə Eyvazqızı

Türkiyənin Alanya bölgəsi dünyada tatu (tattoo) turizmı məkanı kimi tanınırmış. Bunu yenicə baxdığım verilişlərin birində öyrəndim. Hər zaman turizmin inkişafına görə öndə olan Türkiyənin “gözəl tarixə, alış-verişə, yeməyə gəl” şüarının yanında daim əcnəbini ölkəsinə cəlb etmək üçün yenilikləri maraq doğurur. Bu gün də məhz avropalı buduna, baldırına şəkil yeritmək üçün alanyalıları axtarıb tapırlar. Hətta bir isveçli xanımın ziyarət səbəbi maraqlı idi. Deməli, qadın avtomobil qəzasında itirdiyi həyat yoldaşının yanmış nəşinin külünü tatu ilə öz bədəninə yeritmək istəyir. Alanyalı tatu ustasının yeni texnologiyalar vasitəsiylə bu arzunu reallaşdırmasına təəccüb etməyə bilmirsən. Adamlar işləyir, adamlar qazanc üçün həm sənət yaradırlar, həm də insanları məmnun edirlər. Yoxsa bizdəki kimi, hələ də tatu edən və etdirənləri hər görəndə söyüşə qərq edirlər. İnsan ona verilən bədəninin müvəqqəti sahibidir və onun etdikləri uzun -uzadı söz-söhbətə səbəb ola bilməz. Günümüz axmaq müzakirələrlə davam edir, hələ də.

Bizdə də turizmin çiçək açmadan solmasını hər yay gələndə daha qabarıq hiss edirik. Yolboyu istirahət və turizmə xidmət edən iaşə obyektlərindəki ayaqyolu və mətbəxlərindəki pintilik çox halda rəqabətə girir. Otel restoranında diş çöpü üçün mağazaya adam göndərirlər, müştəriyə otağında diş məcununun verilməsini böyük xidmət hesab edirlər. Otellərin ulduzlarının guşə və sayı üçün alver gedir, amma standartlar baradə açıb oxuyanı yoxdur. Pulu artırdıqca, xidmətin səviyyəsi düşür. Çünki bizdə tezbazar pul qazanmaq bir hədəf, amal kimi seçilir. Qalanlar cəhənnəmə ki...

Bir ağsaqqal turizm ekspertimizin müsahibəsinə qulaq asandan sonra isə dedim ki, əgər bu adam hələ unuversitetdə pedaqoqluq edirsə, vay o tələbələrin halına. Deməli, ekspert müəllimin “məntiqli” düşüncələrinə görə, turizmdə varlı və kasıb turistlər üçün imkanlar yaradılmalıdrı. Adam bu başdan insanların istirahət hüququnu onları təbəqələrə bölməklə pozdu. Ardınca deyir ki, Azərbaycanda çadır turizmini inkişaf etdirmək lazımdır ki, hamı dincələ bilsin. Ekspert olmuş şəxs hələ də anlamır ki, çadırda qalmağın kasıblıqla əlaqəsi yoxdur. İnsan təbiətə, canlı aləmə yaxın olmaq üçün çadırda qalmağı seçə bilər. Nə isə..

Hər isti ölkədən gələn və müsəlman hesab olunan ərəb turistlərin sərgüzəştləri barədə söz -söhbətlər davam edir. Ara-sıra otel otağında canını tapşıran ərəbin qara xəbərinin ölkəmiz üçün nə qədər xeyirli ola biləcəyini deyə bilməyəcəyəm. Amma hər halda ölüm səbəbləri bizdən qaynaqlanır. Yatağında afrodiziak( cinsi istəyi artıran prepararatlar) dərmandan içib ölənlərin, ya dərmanı xarab çıxır, ya da bədbəxtləri Bakıya sürüyüb gətirən arzusu.

Ərəb turistlər özlərini çox sərbəst aparırlar. Onlar üçün tualetin yolu belə öz dillərində yazıldığından, Bakını reklam edirlər. Hər ərəbin səxavətli olduğunu, pulunu səpələyəcəyini düşünən bizim saf qızların gününə ağlayanı yoxdur. Açıq- aşkar hamı hər şeyi gözəl bilir. Turistik məkanlarda eybəcər ərəb gədələrinin üstünə dırmaşan bizim qadın cinsi deməyə çəkindiyim qızlar var.

Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov da müsahibələrində Azərbaycanda "seks turizmi" probleminin inkişafını şərh edib. Hətta o, turizmin bu qolunun inkişafına töhfə verən məkanların adını da açıqlayıb. Nahid Bağırov şəxsən qadınların Nizami küçəsində əcnəbi turistlərlə qiymət məsələsində sövdələşməsinin şahidi olub, hətta ərəblərlə əxlaqsız təklifi müzakirə edən qızların videosunu da çəkib. Amma nə olsun. Yataq turizmi inkişafdadır.

Həmin qızlar var e, məktəbdə ingiliscədən iki söz əzbərləmək üçün can çəkirdilər, indi çoxu ingiliscənin yeni qayda-qanunlarını yaradıblar. Artıq əcnəbilərlə ünsiyyətə fəal şəkildə daxil olurlar, sövdələşmə əməliyyatlarını həyata keçirirlər. Baş verəcək təhlükələr, risklər barədə düşünmürlər. Qanun, səriştə sahibləri heç düşünmürlər.

Amma ölkədə yataq turizminin inkişafına bu qədər də imkanlar yaratmazlar axı. Yerli qızların ərəblə qolboyun olmasında böyük məhəbbət dastanı axtarmağa da dəyməz. Hər şeyin adını vaxtında vermək lazımdır. Yataq biznesindən kimlərin qazanc əldə etdiyini yaxşı bilirik. Bu biznesi görməməzlikdən gələnlər, kordurlar ya da özlərini korluğa vurublar?