Ermənini bizə güldürtməyin!

ermenini-bize-guldurtmeyin
Oxunma sayı: 2627

Raminə Eyvazqızı

Ardı-arası kəsilməyən şəhid xəbərlərindən biri yenə ürəkağrıdandı. “Şəhid Orucəliyev Qabilin anası oğlunun tabutunu daşıdı”. Yeni doğulmuş övladının üzünü görmək nəsib olmayan şəhiddir, Qabil. Azərbaycanda bu günədək tabut daşıyan ana görməmişdim...

Çox istəyərdim günlərdir, şəhid tabutlarını daşıyanlar arasında sadə vətəndaşla yanaşı, məşhurları da görüm. Gözümə heç kəs dəymədi. Parlament seçkisi ərəfəsində dilə-boğaza qoymayan deputatlar, “Qarabağ üçün canımı verərəm” deyən müğənnilər, haradadırlar görəsən? Bu gün şəhid tabutunu çiynində daşıyan analar yox, onlar da olmalıydı. Hamısı borclu qaldı.

İki gündür, Space Tv-də “Bu şəhərdə”nın Moskva konsertinin anonslarını izləyirəm. Coşqun, Rafael moskvalı soydaşlarımızı konsertlərinə gəlməyə səsləyir. Bu günlərdə Putinin ölkəsindəki azərbaycanlı nə qədər gülməyə həvəslidir, görəsən? Lap biveclər də bu basabasda konsert verilməsini qınayar, vallah. Biz “Gül Bayramını”nı belə təxirə salacaq xalqıq. Sizin konserti təxirə salmaq cəsarətiniz olmadımı?

Adam şəhidlərinin sayı tam açıqlanmadığı, şəhidin torpaqdakı qanı qurumadığı vaxtda zarafata da ürək eləmir. Qaldı ki, qəşş etdirəcək səhnələrlə moskvalının üzünü güldürməyə. Üzütüklü vəziyyətdə gəzmək hələ şəhidlər üçün yas saxlamaq deyil. Xeyirlə, şərin öz yeri var. Şəhadət “yasda boğulmalıyıq” mənası da demək deyil. Amma Vətən üçün canını verənlərin acısını yaşayan ailələrə günah deyilmi? Bu gün Coşqun, Rafaellərin şəhid ailəsinin yanında, həmin insanlar üçün dəstək olması lazım idi. Bəlkə də olublar, xəbərimiz yoxdur. Amma olsalar belə, ardınca belə konsertlərə hazlırlıq çirkin səmimiyyətdir. Bəli, aktyor acılı ikən belə oynamalıdır. Amma bu acı fərdi yox, ölkə acısıdır. Ay tanınmışlar (üzdən tanınan hər kəs), heç fikirləşmədiniz ki, şəhid ailəsi sizləri yanında görsəydi, övladlarını boşuna böyüdüb, qara xəbər almaqlarına bu qədər yanmazdılar. Hansı biri qəpiyindən keçməyi o yana qalsın, şəhid ehsanını daddı, yas çadırında göründü...

“Bu şəhərdə” şərikli hüzrümüz bitəndən sonra öz fəaliyyətini davam edə bilərdi. Amma səngərdə, əsgəri güldürməklə. Bu aralar, komadan ayılmış patriot hisslərimizin çoşduğu vaxtda buna çox ehtiyac var. İndi “Bu şəhərdə” Moskvada konsert versə, ruslar, ermənilər deməzmilər ki, bunlar nə arsızdırlar. Bu gün Koreya, Kanada kimi ölkələrdə həmişə arzuladığımız azərbaycanlı birliyini, etirazlar, erməniyə nifrəti seyr edirik.

Azərbaycanlıların daha çox yaşadığı Rusiyada sönük dəstək qabarıq şəkildə gözümüzə girir. İçin-için Azərbaycan üçün narahat olanlar, ağlayanlar var. Amma erməni ilə çiyin-çiyinə yaşayan həmvətənlərin gülməkdən çox, düşməni öz quyusunda boğacaq tədbirlərə ehtiyacı var. Rusiya erməni və azərbaycanlını mehriban görmək istəyir, ərazisində yeni mübahisələrin olmaması naminə aksiyaları nəzarətdə saxlayıb. Əzəli düşmən heç imkan da vermir.

İndi hörmətli “Bu şəhərdə” kollektivi, hünəriniz varsa, Moskvanın “Korolevskiy” konsert zalında, tamaşa əvəzinə “korolevskiy” də ehsan verin!