Əvəz Zeynallı 6 jurnalisti məhkəməyə dəvət etdi

evez-zeynalli-6-jurnalisti-mehkemeye-devet-etdi
Oxunma sayı: 728

   

“Media forum” saytına verilən məlumata görə, prosesdə hakim Məzahir Sadıqov tərəflərə barışmağı təklif edib. Əvəz Zeynallı “Xural” qəzetinin adının Mətbuat Şurasının “qara siyahı”sından çıxarılacağı təqdirdə barışıq üçün heç bir problemin qalmadığını söyləyib. Şuranın məhkəmədə iştirak edən səlahiyyətli nümayəndəsi Müşfiq Ələsgərli “Xural”ın “qara siyahı”ya salınmasından kifayət qədər müddət ötdüyünü deyib, müəyyən şərtlər əsasında barışığa getməyin mümkünlüyünü qeyd edib. Müşfiq Ələsgərli eyni zamanda vurğulayıb ki, məsələnin həlli üçün Əvəz Zeynallının hər hansı şərt qoyması qəbuledilməzdir.

Əvəz Zeynallı “Xural” qəzetinin adının “qara siyahı”ya salınmasının siyasi sifariş olduğunu söyləyib. O, “Xural”ın reket qəzet olub-olmadığına dair rəy verilməsi üçün Rauf Arifoğlu, Vüsalə Mahirqızı, Qafar Çaxmaqlı, Əflatun Amaşov, Mehman Əliyev və Qənimət Zahidin məhkəməyə şahid qismində dəvət olunması üçün vəsatət qaldırıb. Məhbus baş redaktor “Xural”dan Mətbuat Şurasına şikayət verilməsinə səbəb olmuş məqalələrin müstəqil ekspertlərin araşdırılmasına verilməsini də istəyib.

Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev baş redaktorun iddialarının əsassız olduğunu bildirib.

Məhkəmə sentyabrın 2-si saat 11-də davam etdiriləcək.

Nərimanov Rayon Məhkəməsi 2011-ci ildə “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxmaqdan imtina edib. O zaman “Xural” Mətbuat Şurasının onu reket qəzet elan etməsindən narazı qalaraq məhkəməyə üz tutub. Ali Məhkəmə iddiaya baxılmama qərarını ləğv edib və iş yenidən Nərimanov məhkəməsinə göndərilib.

Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 28-də tutulan baş redaktor külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.