Əyalət qızı meqapolisin caynağında

eyalet-qizi-meqapolisin-caynaginda
Oxunma sayı: 1387

Aysu Kərimova

Açığı hər dəfə feminist vəkil kimi görünmək ürəyimi ağrıdıb,canımı sıxır. Laqeyd və susqun mövqe də vicdanımın bədəninə dar gəlir. Desəm öldürəllər,deməsəm də ölərəm.

Nə başınızı ağrıdım, tale tərslik edib həmişə məni qız kollektivi ilə dizəcən dolu olan auditoriyalarla sınağa çəkib.Təhsil aldığım kollec, universitet ortamları demək olar ancaq öz cinsimin havadarları idi.Əksəriyyət də "əyalət qızları". Bakını xilaskar zənn edib,kənd-kəsəyindən dabanlarına tüpürüb “canın qurtaran” əyalət qızları.

Niyəsə şəhərə "oxumaq" üçün üz tutanlar “çox vaxt sağ qayıtmır”,ya da gedər - gəlməz şəkildə yoxa çıxırlar. 

Hər bir insan həyatda təsdiqin tapıb, nəyə, kimə, hara aidliyin bilmək istəyir. "Mən də varam" deyib özünü sübut üçün dəridən qabıqdan çıxmağa can atır. Məsələ burdadır ki, kəndlərdə "seçim" deyilən anlayış o insanların lüğətində termindir. Əyalətin isə "öz şivəsi" var. Əlbəttə, seçimlərindən təcrid olmuş insan "zəncirdən qırılmış" kimi aparacaq özünü. Əyalət təfəkkürü qızlarına göz açmağa macal vermir. Üstəgəl gözü açılan qızını (red: oxumuş, pisi heçdən ayırd edə bilənə,ərə sürgün edilə bilməyən, bozbaş bişirməmək üçün mübarizə aparan və s.) üzqarası etiketin yapışdırır. Sanki nəzarət, daim göz qabağı qızları abır, ismətdə saxlayacaq. Yəqin, kol dibində, qamışlıqdakı "görüş"lər namus üçün daha əlverişlidir. Valideyn bəzən sıxıcı, boğucu buxovları, mühafizəkarlığı ilə şəxsiyyət olmağa gedən çığıra qara pişik kimi atılır. Gözəl analar, qurban olduğum atalar qızlarınızın uğursuz sevgi hekayələrini yazan da sizsiniz, onları publara atan da, siqarət sümürdən də, içki aludəçisinə, fahişəyə çevirən də, var gücləri ilə əhilləşməyən modernləşmək arzularının "qurucusu" da, pedofil yataqlarında israf edən də siz özünüzsünüz!

Qrup, patok yoldaşlarımdan tutmuş, tanıdığım bir çox qız abituriyent kimi hazırlaşdığı o məzlum iki ilə "ali təhsil savadlanmaq, əli çörəyə çatmaq, ayaqları üstündə sərbəst dayanmaq, yaxud maariflənib cəmiyyətə yararlı olmaq" kimi baxmırdı. Onların daha bəşəri məqsədi var idi: "baş götürüb, getmək". Bəs niyə qınayırıq, qarğıyırıq, sosial şəbəkələrdə lağ-lağı capslar düzəldirik? Yarğılarımızın birini 5 qəpikdən döşəyirik?! Niyə aramızdan bir ağıllısı çıxıb dillənmir ki, "onlar boz əyalətin şanssız qurbanlarıdı".

Faciə isə "seçimsiz", "şanssız" əyalət qızı meqapolisin caynağına düşüb, şəhərin sərbəstlik ab-havasın şüursuz ciyərlərinə çəkəndə başlayır. Çünki, Bakıda "tük" fəlsəfəsi yoxdu, "almayanaq qoçaq qız" fəlsəfəsi yoxdu, yan-yana demirəm, üz-üzə gələn "qız-oğlanın barmaqla göstərildiyi" fəlsəfə yoxdu. Burda kəndəki qonşu Ümbilnisə xalanın "tərbiyəli qız" prinsipləri də yoxdu. 

Aylardı gözəlliyinə, ağlına, əzminə heyran olduğum uzaq bir qız tanışımın universitet bitməmiş, "müəllimliyə hazırlıq" vəsaitlərinin içində əsir-yesir olduğu gözümdən yayınmırdı. Nəhayətində bir dəfə qızın gözlərindəki yaşına-başına yaraşmayan qayğını, narahatlığı görüb, dözməyib soruşdum: niyə kəndə qayıdıb, bir az dincəlmək istəmirsən? Doğulduğun, uşaqlığının keçdiyi torpaqlar səni heçmi özünə çəkmir? Darıxmırsan? Burnunun ucu göynəmir doğmaların, əzizlərin üçün? Cavabına çox sarsıldım düzü. Deyir:  

- Lap uşaqlıqdan Bakını sevmişəm səbəbini bilmədən, mənimçün bir növ "xoşbəxtlər ölkəsi" olub.Yəqin uşaq vaxtı buradakı karusellər, adicə parklardakı yelləncəklər, ev bildiyim funikulyor, hər dəfə mərtəbələrini saydığım Prezident Aparatı, onun aşağısındakı asfalt yox daş küçə ( indi yoxdu ) və dəniz məni özünə heyran qoymuşdu, ya da başqa səbəbi vardı bilmirəm. Bir də doğmalarımın, uşaqlıqdan tanıdığım insanların,oxuduğum məktəbin, həyatımda ən sevdiyim varlığın -  atamın olduğu yer var. Kəndimiz.  Əksəriyyətin yalnız işləmək üçün yaşadığı yer. Əksəriyyətin yalnız başqalarına məsləhət verdiyi yer. Əksəriyyətin sizin yerinizə seçim etdiyi yer. Oynayacaq yaşda olan uşaqların saat 6dan oyandırılıb tarlada işlədildiyi yer. Gəlinlərin insan yerinə qoyulmadığı yer. Və sair və ilaxır. İndi bir qız düşün, Aysu, həmin bu kənddə yaşayan, amma Bakını sevən. Yəqin ziddiyyəti görürsən. Həmin qız oxudu, amma 11-ci sinifdə arzusu gözündə qaldı, Bakı deyərkən Lənkərana düşdü. Daha 1il də həmin kənddə qalmalı oldu. Nəhayət gəldi Bakıya. 4il sonra yenə mübarizə aparmalı oldu burada yaşamaqçün. Doymuram ee, yenə danışım kəndimizdən, sən demiş ürəyim doludur. Səncə saçları açıq bir qıza gülmək lazımdır, Aysu?  Ya da saçlarını açıq qoymaq "ər axtarıram" deməkdir? İndi bir də qıvrım saç qız düşün və onun saçlarını açıq qoymaq istədiyini düşün. İndi də bir qız düşün ki, o qız rayona gedəndə utanır. Səbəbi nədir səncə?! Çünki o qızın 22 yaşı var, nə vaxt evlənəcək, "yaşı ötür". Mən universitet seçəndə də, iş yeri seçəndə də, evlənəcəyim adamda belə qonşuların, qohumların sifarişini nəzərə almalıyam. Əlinə telefon aldınsa demək sən əks cinslə danışırsan. Sənin nişanlınla belə gündüz bir yerdə görülməyin qınağa səbəb olacaq. Əgər bir qıza "yaxşı qızdır" deyirlərsə bu o deməkdir ki, həmin qız qoçaqdır, sabahdan axşama qədər işləyir. Sənin çox yaxşı xarakterin, savadın, mədəniyyətin ola bilər, amma önəmli olan "yaxşı qız" olmaqdır. Yaxşı qız = qoçaq qız. Məncə az da olsa səndə təsəvvür yarandı, Aysu, məni anladın, Aysu, az da olsa. Hə bir də sən şəhərə - sevdiyin yerə can atırsansa o dəq bu məsəli eşitməlisən : "tısbağa qınından çıxıb qınını bəyənmir ". Vay ola "öy" əvəzinə "ev"deyəsən.
 
"Həyat" adlandırdığınız bu yaşamaq qırığı,əllərimi qanadıb,bağrımı deşir.
 
Çətindir…