Fədayə niyə atəşlə oynadı?

fedaye-niye-atesle-oynadi
Oxunma sayı: 8416

Qan Turalı 


Son günlərdə mediada ancaq bu ad yazılır: Fədayə.

Bir ad insana bu qədər yaraşarmış.

Bu əsl fədai aktıdır, fədailik əməlidir.

Həsən Səbbah öz fədailərinə deyəndə ki, uçurumdan tullanın.

Bir an belə düşünmədilər, ölümün qucağına sevinərək düşdülər.

Özlərini qurban verdiklərini belə düşünmürdülər.

 

Bu onlar üçün sadə bir tapşırıq idi.

Təmənna güdmürdülər, nəsə ummurdular, sadəcə fədailiyin vacibatın yerinə yetirirdilər.

Fədayənin əməli fərqlidir, amma ən az onlar qədər ülvidir, müqəddəsdir.

Kinonun peyğəmbəri Tarkovski deyirdi: “Mənə elə gəlir ki, qadının mənası özünü fəda etməsidir. Qadının böyüklüyü bundadır. Belə bir qadının qarşısında hörmətlə baş əyirəm”.

Bu fikrin özü mənə çox seksist gəlir, heç bəlkə Fədayə Tarkovskinin adını da bilmir, nə fərq edir ki?

O Tarkovskinin gözündə öz mənasını gerçəkləşdirilmiş bir insandır.

Bir mahnısında dediyi kimi bəs Fədayə niyə atəşlə oynadı ki?

Elədiyinin ağır bir cinayət olduğunu bilmirdimi?

Əlbəttə ki, bilirdi...

Lakin həyat Fədayənin oxuduğu o lirik mahnılardan, “bilsək bəlkə sevməzdik”lərdən, “unuda bilməzdim”lərdən, “sənsiz qalammaram”lardan daha mürəkkəb, daha faciəvidir.

Bir anlıq şou dünyasını təsəvvür edin.

Gündə bir ulduz çıxır və axır.

Sönmüş həyatlar, tükənmiş istedadlar, pozulan mənəviyyatlar, ölmüş arzular...

Heç kim axtarmır ki, beş il qabaq parlayan o qızın axırı necə oldu?

Hamı təzə ulduz axtarışındadır, halbuki sönmüş ulduzların hamının arxasında şekspiryanə bir faciə dayanır.

Bu rəzilliyin içində sənət sevdası nədir, insan sifətini qorumaq belə məharət istər.

Bütün eşqlər yalansa, ətrafdakı hər şey iyrəncsə, hər şey əxlaqa qarşıdırsa, hər şey və hamı yalan danışırsa belə...

İnsan təkliyə dözə bilmir axı.

Hər kişi, hər qadın ovunmaq üçün bir çiyin, sığınmaq üçün bir bədən, bir həmdəm axtarır.

Nə edəsən, dünya belə dünyadır.

Fədayə canı qədər sevdiyi insanın efirə çıxıb “Fədayə qız uşağı deyildi” deməyini eşitdi.

Fədayə bu dünyanın zülmünü gördü.

Acısını çəkdi.

Və bütün bunlardan sonra bir liman axtardı.

Ona keçən hər şeyi unutdurub, həyatın əzablarını nəşəyə çevirəcək bir liman...

Hər insan, hər qadın bunu bacarmır, çiyninə ötən illərin əzablarını yükləyib qozbelə çevrilir tənhalığında.

Fədaya cəsarətli çıxdı. 

Ətirşah Masanın dediyi kimi o kişi qucağında ölmək istəyirdi. 

Bu istək idi onu yeni sevgiyə sürükləyən.

O sadəcə həyatda bir təsəlli axtarırdı.

“Çoxmu ayıb hələ də mutluluq istəmək?”

O bu mutluluğun yolunda özünü fəda etdi.

Məsələ qısaca budur.