Feysbukda neftçi yanğısı

feysbukda-neftci-yangisi
Oxunma sayı: 10185

Günel Hacı

Özüm də inanmayaraq adı itkin düşənlər siyahısında olan bir nəfərin qohumuna “ümid edirəm, yaxşı xəbər gələr” yazdım.

“Nə ümidi?! Tək ümid meyitinin tapılmasıdır...” sözləri ilə ağzımın üstünə bir sillə çəkdi. Düz deyir də, üzərək Qazaxıstana gedəsi deyil ki. Amma sillənin daha ağırı jurnalist olduğumu yazdıqdan sonra gəldi. Bir neçə sualıma cavab olaraq “maraqlandığınız üçün sağ olun” yazmasının əslində “iki gündür bir xəbər ala bilmirik, nə jurnalisti?” demək olduğu, yəqin ki, hamımıza məlumdur. Axı onda məndən daha çox məlumat olar, mən kiməm ki? İki gündür, hərləyib-fırlayıb bir rəqəm ortaya qoya bilmədik, dünyanın o başından ölənlərimizin olduğu deyildi, biz hələ əlimizi göyə açıb oturmuşuq.

Səhərdən məlumatları tutuşdurmaq üçün bütün səhifələri, şərh yazanları bir-bir izləmişəm. Hamı bircə kəlmə gözləyir, öldüsüylə, qaldısıyla maraqlanmır adam. Deyir, mənə sadəcə bir kəlmə de. Sağsa sevincimizi, öldüsə yasımızı saxlayaq. Təhlükəsizlik tədbirlərindən mən nə yazım, başı çıxanlar boğazları yırtılınca danışıb. Bəs sosial şəbəkələrin əsas informasiya mənbəyi olduğu bir zamanda bu boyda adlı-sanlı şirkətin səhifəsini normal bir feysbuk işlədəni (SMM) olmazmı?

Qohumların əzabını görmək üçün adicə “SOCAR”ın feysbuk hesabındakı paylaşım və qohumların onlarla cavabsız şərhini oxumaq kifayətdir. Misal üçün, səhifədə qurumun saytından siyahının linki paylaşılıb. Normal olaraq, sayt yükləndiyi üçün link açılmır. Bu yazıq qohumlar düz 20 dəqiqə siyahının yazılı formada paylaşılmasını istədikdən sonra admin siyahı paylaşıb. Düz 20 dəqiqə. Bu 20 dəqiqə ərzində axtarılanlardan birinin meyiti tapılıb siyahıda dəyişiklik belə olmuşdu. Olmaz axı, dünən hamı xilas edilib, itki yoxdur xəbərinin sevinci boğazlarında düyünlənən bu insanlara vallah belə etmək olmaz.

Əslində hadisə səbəbi ilə ölənlərin sayının bilinməməsi bir baxımdan da normaldır. Tək ölən platformadakılar deyil ki, gözləməkdən neçə nənənin ürəyi partlayıb, neçə ata infart keçirib, neçə həyat yoldaşı xəstəxanalıqdır. Hələ şəcərəyə getmirəm.

Səhv etmirəmsə, sonuncu dəfə əhdimi pozub elə 19 mayda yazı yazmışdım, bu dəfə də əhdimi pozduran yenə yanğın oldu. Nə deyim... Biz onsuz da, yanmağa öyrəşmiş insanlarıq, təki damcı-damcı söndürməsinlər.