Feysbukdan niyə getdim?

feysbukdan-niye-getdim
Oxunma sayı: 936

Nərmin Dadaşova

Bədii hissə: 

Bir həftə bundan qabaq 25-ci yaşımı tamamladım. Doğum günüm  münasibətilə  sosial media hesabımdan aldığım təbriklərdən əvvəl-əvvəl xoşhal olsam da, günün sonuna yaxın, hesabımı dondurmaq qərarına gəldim.

Çoxluğun içində necə itib-batdığımın fərqinə vardım qəfildən. “Mən bu adamlar üçün kiməm? Onlar məni doğrudan da başa düşürlərmi? Biz həqiqətən də dostuqmu?” - düşündüm. Deyilik. Sən, məsələn oxucu dost, sən, yaxşı yazının dostusan.  Fikirlərimiz ayrıldımı, olduqca amansız ola bilirsən müəllifə qarşı. Mənə uzun- uzadı təbrik mesajı yazmış o gözəl xanımın çiynində baş söykəyib kövrələcək yerim yoxsa nəyə lazım bu təmtəraq, bu göstəriş?! Özümü yeşilçam filmlərindəki  sevgilisini kiçicik bir səhvə görə arxasına baxmadan tərk edən o qürurlu, kədərli, yorğun qadın obrazı kimi hiss edirdim. Elə adamlar var ki, onlardan gedə bilmirik.  Ümumiyyətlə getmək bizim üçün seçim deyil, olmayıb. Tərk etmək, tərk edilmək  bizə görə deyil, arxadaş. Mütləq, mütləq bir gün daha çox qalmaq üçün, bir gün daha çox yorulmaq üçün bütün gücümüzü tükədəcəyik. Mövlud məsələn, tərk edilən kimi öldü. Bu qədər zorumluluğun içində, beş yüz adamı bir “profilə” qapadıb qaçmaq şansım var deyə düşündüm, bununla o müdhiş eqomu necə tətmin etdim bir bilsən, oxucu dost.  

Rəsmi hissə:

Sizə yazmadığım bu müddətdə ölkə gündəmində  iki eyni motivli hadisə diqqətimi çəkdi. Birincisi  cənub bölgəsində, ucqar kənd məktəblərinin birində  müəllimin sinif uşaqlarına Azərbaycan tarixini replə öyrətmə cəhdi və dünən tələbələrin imtahan verməmək üçün keçirdikləri aksiya. Əllərini havada yelləyə-yelləyə “Şirvanşahların banisiii, Mannanın  paytaxtı hey hey ” deyən müəllimə yerdən musiqi sədaları altında xorla cavab verən uşaqları görəndə  özünü Snup Doq kimi aparan tarix müəlliminin bu kreativ dərs öyrətmə metodundan təəccüblənmişdimsə də, dünən imtahan verməmək üçün dil-dil ötən gəncləri görəndə təəccüblənmədim. Niyə? Çünki  oynaya-oynaya  verilən təhsilin sonu bundan ötə olmayacaqdı. Gənclərin maraqlı devizləri də vardı, “Tələbə vikipediya deyil”.   Halbuki,  imtahanda onlardan qırmızı sabundan niyə ağ köpüyün çıxdığını yox, illərdir təhsil aldıqları ixtisasları ilə bağlı suallar soruşacaqdılar.  Bu etirazdan sonra lap tutaq ki, imtahansız-bəlasız aldız diplomunuzu. Özcan Dəniz demiş, “ya sonra?”