Fond əhaliyə müraciət etdi

fond-ehaliye-muraciet-etdi
Oxunma sayı: 652

DSMF-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, pensiya təyinatının avtomatlaşdırılması üçün görülən tədbirlərin mühüm istiqamətlərindən biri kimi müasir infrastrukturun qurulması işləri də paralel olaraq həyata keçirilir. İndiyə qədər DSMF-nin 75-ə yaxın şöbəsində müasir kompüter infrastrukturu yaradılıb, Fondun bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilib, bütün işçilər müasir kompüterlər sistemləri ilə təchiz ediliblər. Hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır.

Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılıb.

Pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən əsas tədbirlərdən digəri isə sığortaolunanların fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müasir məlumatlandırma sisteminin yaradılmasıdır. İndiyə qədər DSMF tərəfindən 2 milyon 530 mindən artıq sığortaolunana fərdi şəxsi hesab açılıb. Hər bir əmək müqaviləsi ilə işləyən vətəndaş DSMF-nin saytına daxil olmaqla (www.dsmf.gov.az) sığortaedən (işəgötürən) tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninə nəzarət etmək imkanı qazana bilər.
Görülən bütün bu tədbirlər, yaradılan maddi-texniki baza yaxın vaxtlarda Azərbaycanda avtomatlaşmış pensiya təyinatına keçidin tətbiq olunmasına imkan verir. Bunun üçün yeganə tamamlanmayan iş vətəndaşlardan 2006-cı ilə qədər əmək stajları barədə məlumatların toplanmasıdır. Belə ki, pensiyaların avtomatlaşdırılmış təyinatına keçidin tezliklə baş verməsi üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajları barədə məlumatların DSMF orqanlarına təqdim etmələri olduqca zəruridir. İşləyən şəxslər əmək kitabçalarını işlədikləri sığortaedənlər (idarə, müəssisə və təşkilat) vasitəsilə onların uçotda olduğu DSMF orqanına (departamentə, şəhər və rayon şöbəsinə), hazırda işləməyən şəxslər isə yaşayış yeri üzrə Fondun yerli şöbələrinə təqdim etməlidirlər. 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatlar da "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətində yerləşdiriləcək və əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim edən vətəndaşlar avtomatlaşdırılmış pensiya təyinatından maneəsiz istifadə edə biləcəklər.