Tağı Əhmədov müraciət etdi

tagi-ehmedov-muraciet-etdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, müraciət Bakı Metropoliteninin rəsmi saytında yerləşdirilib.

Müraciətdə deyilir:

“Metropoliten bu gün də şəhərin sərnişindaşımalarında ən böyük payın sahibidir, paytaxt sakinlərinin daha çox güvəndikləri, inandıqları hərəkət vasitəsi olmaqda qalmaqdadır.

45 illik fəaliyyəti dövründə metropolitenimiz böyük inkişaf yolu keçib. Stansiyalarımızın sayı 4 dəfədən çox artıb. İstismarda olan yollarımızın ümumi uzunluğu 86,71 km-ə, tunellərin ümu mi uzunluğu isə 91,36 km-ə çatıb. Xətlərin ümumi uzunluğu 34,56 km-dir. Vaqon parkımızdakı 266 vaqonun hamısı bu gün daşıma həcminin tələblərinə yerinə yetirmək iqtidarındadır. Yollarımız, tunellərimiz və oradakı bütün texniki qurğular təhlükəsiz hərəkəti təmin etməyə qadirdir. Əlbətə, bütün bunlar insan əməyinin qüdrəti nəticəsində, sizin böyük zəhmətiniz, xidməti vəzifənizə vicdanlı münasibətin nəticəsində mümkün olmuşdur. Sizin şərəfli əməyinizin nəticəsidir ki, bu gün Bakı metropoliteni hərəkətin təşkilində, yolların, tunellərin və mühəndis-texniki qurğuların istismarında tətbiq edilən ən müasir texnologiyalara görə MDB məkanının öncül metropolitenləri sırasındadır.

Yeraltı yollarımızın inkişafındakı bu uğurların başlıca səbəbi metroya olan tükənməz dövlət qayğısı, onun daimi dəstəyidir. Dövlət başçısı İlham Əliyev Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük önəm verir. Bu, öz təsdiqini son beşillikdə metromuzun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yollarımızın inkişafı istiqamətində görülən tədbirlər, o cümlədən metromuzun qarşıdakı 20 ildə inkişaf planının qəbul olunmasında tapır. Həmin plana görə yaxın 20 il ərzində yollarımızın uzunluğu 119 km-ə, stansiyalarımızın sayı 76-ya çatacaq. Artıq gələn il biz metromuzun 3-cü xəttinin ilk stansiyasını istismara qəbul edəcəyik. «Dərnəgül» deposunun işə düşməsi vaqon təmiri bazamızın genişlənməsi, texniki imkanlarının daha da artması deməkdir. O depo metromuzda ilk dəfə vaqonların əsaslı təmir işlərinin təşkilinə imkan verəcək. Təmir prosesinin bir çox növləri mənimsəniləcək, tətbiq olunan texniki proseslərdə daha yüksək nəticələr əldə etmək imkanı yaranacaq. Bütün bu işlər sizin və gələcək metropolitençilərin əlləri ilə yerinə yetiriləcək. Şübhə yoxdur ki, biz sizinlə birlikdə bu vəzifələrin öhdəsindən ləyaqətlə gələcəyik. Bunun üçün bizdə hər şey var: xalqımızın və dövlətimizin dəstəyi, özümüzün texniki və kadr potensialımız, başlıcası isə metromuza olan sevgimiz: Bu sevgi bizə metromuzun yarım əsrlik yubileyinə doğru inamlı addımlarla irəliləmək gücü verir. Sizə bu yolda böyük əmək uğurları, zəhmətinizin, xalqa son dərəcə gərəkli olan əməyinizin nəticəsi olan maddi-rifah və cansağlığı arzulayırıq”.