“Futbolçular öz üzərilərində çox çalışmalıdırlar” - Qurban Qurbanov

futbolcular-oz-uzerilerinde-cox-calismalidirlar
Oxunma sayı: 1383

“Çətin oyun oldu. Bu gün futbolçulardan nəsə tələb etmək düzgün olmazdı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Moldova ilə 0-0 bitən matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis matça belə şərh verib: “Futbolçularımdan razı qaldım. Hücumlar etdik, yaxşı oynadıq. Rəqib müdafiədə oynadığı üçün çətinlik çəkirdik. Çatışmazlıqlarımız var, onları aradan qaldırmalıyıq. Futbolçular öz üzərilərində çox çalışmalıdırlar. Bakıya qayıdandan sonra hər bir futbolçu ilə tez-tez danışacağıq ki, yaxşı hazırlaşsınlar”.

- Bu günə qədər klubda çıxış edirdiniz, indi isə millidəsiniz. Üzərinizdə təzyiq yox idi?

- Psixoloji təzyiq hər oyundan əvvəl olur. Amma oyun ərzində hər şey yaddan çıxır, oyuna köklənirsən.

- Abbas Hüseynov bu gün çox yaxşı çıxış etdi. Sanki, qış fasiləsində çox yaxşı hazırlaşıb.

- Fubolçuların hazırlıqları fərqli ola bilər. Abbas digərlərindən fərqlidir, sürətli oyunçudur. Şansından yararlanmaq istəyirdi. Amma bu o demək deyil ki, millinin əsas futbolçusudur. Oyunundan razı qaldım. Bu səviyyədə qalmaq üçün çox çalışmalıdır. İnanıram ki, bu, onun üçün stimul olacaq. Düşünürəm ki, daha yaxşı oynamalıdır.

- Rəqib baş məşqçi üstün oynadıqlarını, qol epziodlarının çox olduğunu dedi. Onunla razısınız?

- Qol epizodları oldu. Amma bizi çox sıxdıqlarını deyə bilmərəm. Onların oyun üslubu əks hücumda oynamaqdır. Səhvlərimizə görə hücumlar etdilər. Yəqin ki, komandasından razı qalıb, futbolçuları istədiklərini ediblər. Amma mən də futbolçularımdan narazı deyiləm.

- Millətlər Liqasındakı rəqiblərimiz də müdafiə olunmağı bacarırlar. Necə düşünürsüz, çətin olmayacaq?

- Əlbəttə, çətin olacaq. İndi hər bir komanda düzgün müdafiə oluna bilir. Dediyim kimi, daha çox çalışmalıyıq. Komandanı tam formalaşdırdıqdan sonra bizim üçün hər şey yaxşı olacaq.