“Gəl tar kamanla Qarabağı al”

gel-tar-kamanla-qarabagi-al
Oxunma sayı: 1933


Son günlər vətən, millət, dövlət təəssübü çəkən hər kəsin diqqəti Türkiyəyə yönəlib. Bəli, bəli məhz Türkiyəyə. Çünki Türkiyədə indi baş verənlərin Azərbaycana bir başa təsiri olacaq. Türkiyədə baş verənləri bir cümlə il belə ifadə edim: Generalların dərin dövlətini çökdürən AKP hökuməti indi Gülənin dərin dövləti qarşısında aciz qalıb. Nə isə...

Amma bütün bu günlərdə də mənim diqqətimdən yayınmayan bir irinli yara var – Qarabağ. Son günlər bununla bağlı oxuduğum bir neçə informasiya həm gülməli, həm də ağlamalı idi.

Aygün Bəylər erməni iş adamından qonorar alıb ki, sənin şad günündə oxuyaram. İndi də deyir aldanmışam. 

Bir erməni şairi Elnarə Abdullayevaya kitab həsr edir. Deyir ki, bu səsin vurğunuyam. Həmin ermənini nə Ermənistandan, nə yaşadığı şəhərdən hələ ki, qovmayıblar. 

Amma biz az qalsın Elnarəni xain çıxaracaqdıq.

Bu məsələlərdə hələ də təmkin göstərə bilmirik. Və ona görə də məsələnin mahiyyətini kənara qoyub lazımsız məqamları çözələyirik. 

İndi mən Elnarəyə kitab həsr edən şairin BBC-yə verdiyi müsahibədən bir hissəsini sizin yadınıza salacam. 

Erməni şair deyir: "Yazmışam ki, Elnarə can, Qarabağ haqqında oxuyursan, mənim Qarabağım deyirsəm, sənin olsun – kim deyir ki, sənin deyil? – gəl sənətinlə, tar-kamanla Qarabağı al. Qoy kamança avtomat olsun, qaval da minaatan".

Bir daha təkrar edirəm erməni şair deyir ki, gəl sənətinlə, tar-kamanla Qarabağı al. Qoy kamança avtomat olsun, qaval da minaatan.

Bir də təkrar edim. Yoxsa başa düşdünüz. Əgər kimsə başa düşmədisə, ona başa salmağın da bir faydası yoxdu.

Erməni şair deyir ki, gəl tar kamanla Qarabağı al...

Gəl al...

Gəl al, qadamı, qadamı...

Gəl al, qadamı, qadamı...

Adam az qalır dəli olsun, dəli. 

Ona görə yox ki, çətin duruma düşmüşük. Ona görə ki, kimlərsə bu çətin durumda belə kimlərsə bu çətin durumda məddahlıqdan, yaltaqlıqdan yenə də əl çəkə bilmir və deyir ki, Qarabağ münaqişəsinin həllində irəliləyişlər var...

Bəlkə doğurdan da Qarabağı tar-kamanla alacağıq?..