Gəncədə bayram coşqusu - Fotolar

gencede-bayram-cosqusu
Oxunma sayı: 3338

Gəncədə Novruz bayramı böyük çoşqu ilə qeyd edilib.“Qafqazinfo” xəbər verir ki, el şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Nizami yurdunun girişindən - Qala Qapısından başlayıb.

Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olub və sonra Qala bürcündə düzülmüş nağaraçalanların müşayəti ilə xüsusi bəzədilmiş faytonda Dədə Qorqud, Bahar qız, Kosa və Keçəlin Gəncə çay park-bulvar kompleksin istiqamətinə hərəkəti başlayıb.

Gəncəçay park-bulvar kompleksində «Novruz-2018» adlı fləşmob, Gəncə filarmoniyasının, kukla teatrının, Gəncə Dövlət Dram teatrının, digər kollektivlərin çıxışları olub, kitab, xalça, rəsm əsərlərinin sərgisi, müxtəlif kulinariya növlərinin nümayişi, idmançıların çıxışları, şərab sərgisi təşkil olunub.

Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan gəncəliləri “Novruz bayramı” münasibəti ilə təbrik edib.
Şəhərin baş meydanında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibətilə gəncəliləri təbrik edərək onlara cansağlığı, ailə səadəti arzu edib. 

Elmar Vəliyev tərəfindən tonqal alovlandırılıb və şəhərin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.