“Google” məşhur telefon istehsalçısını 1,1 milyard dollara aldı

google-meshur-telefon-istehsalcisini-11-milyard-dollara-aldi
Oxunma sayı: 1049

Uzun müddət idi ki, “Google” şirkətinin məşhur smartfon istehsalçısı “HTC”nin bir hissəsini və ya tamamilə alması haqqında şaiyələr gəzirdi. İndi isə bu şaiyələr hər iki şirkət tərəfindən təsdiqlənib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, hər iki şirkət dəyəri 1,1 milyard dollar olan müqavilə bağlayıblar.

Müqaviləyə əsasən “HTC”nin tədqiqat şöbəsində çalışan bir çox işçi “Google”a keçib. Onlardan bəziləri daha öncə “Pixel” modeli smartfonların istehsalı zamanı “Google” ilə əməkdaşlıq ediblər. Bununla yanaşı, bu müqavilə əsasında “Google” “HTC”nin intellektual mülkiyyətindən istifadə etmək hüququna sahib olub.

“HTC” “Google” tərəfindən alınsa da, öz brendi altında smartfon və virtual reallıq cihazlarını istehsal etməyə davam edəcək. Şirkət ilin sonuna kimi daha bir flaqman modelin təqdim ediləcəyini açıqlayıb.